Accessibility links

ABŞ-da iki azərbaycanlının məhkəmə çəkişməsi - Müsahibə


Namiq Feyziyev

Namiq Feyziyev

Meyn ştatının sakini Namiq Feyziyev həmvətəni Tərlan Əhmədovu Azərbaycan hökumətinə casusluqda, Əhmədov isə Feyziyevi onu təqib etməkdə ittiham edir. Amerikanın Səsinə müsahibədə cənab Feyziyev Birləşmiş Ştatlarda qaçqın statusunda məskunlaşdığı vaxt siyasi qaçqınlarla iş üzrə məsul cənab Əhmədovun Azərbaycan rəsmiləri ilə isti münasibətlər saxlaması haqda şikayət məktubları yazdığını təsdiqləyib. Tərlan Əhmədov isə bu ittihamların cəfəng olduğunu bildirib və onu bir daha narahat etməməsi üçün Namiq Feyziyevdən polisə şikayət edib.

“İddia odur ki, guya ki, mən kiminsə həyatını təhdid edirəm, kimlərinsə həyatına təhlükə mənbəyinə çevrilmişəm. Məhkəmə fevral ayının 25-də olacaq”. Bu sözləri Amerikanın Səsinə müsahibəsində Namiq Feyziyev deyib. Cənab Feyziyev polisdən ona daxil olan xəbərdarlığın nüsxəsini bizə göndərib. “Tərlan Əhmədovun şikayətini əks etdirən xəbərdarlıqda deyilir ki, mən ona və Amerikaya təhlükəli şəxsəm”-deyə Namiq Feyziyev bildirir.

Tərlan Əhmədov isə Amerikanın Səsinə açıqlamasında bildirib ki, Namiq Feyziyev onu təqib edib və ona təzyiqlər göstərir: “Bu adam mənim iş yerimə 15 email yazıb. Cəfəngiyyatdır! O məni işdən çıxartdırmaq istəyir. Mən isə Azərbaycan diasporasının üzvü olaraq hər bir azərbaycanlıya əlimdən gələni etmişəm. O da gələndə ona kömək etmişik.”

Namiq Feyziyev deyir ki, Tərlah Əhmədov şikayət edərkən sübut kimi onun Facebookdakı fotoşəkillərindən istifadə edib. Feyziyevin sözlərinə görə, bu fotolardan biri ABŞ ordusunun zabiti olmuş Səid Nuriyevin Facebook səhifəsindəki nişan hədəfinin fotosudur. Namiq Feyziyev iddia edir ki, onun barəsində şikayət verilməsi siyasi məsələlərə əsaslanır. “Mən ABŞ-dan siyasi mühacir kimi sığınacaq alanda o, qaçqınlara yardım təşkilatında menecer işləyirdi və mənim işimlə o məşğul olurdu. Bu adam məndən icazəsiz ev ünvanımı və bütün bilgiləri Azərbaycan səfirliyinə və bu və ya digər şəkildə də xüsusi xidmət orqanlarına göndərib. O, siyasi məsələni ailə-məişət problemləri üzərinə yönəldir” – deyə Namiq Feyziyev Amerikanın Səsinə bildirib.

“Cəfəngiyyatdır! Bu azərbaycan millətində olan paxıllıq məsələsidir. Mən heç bir siyasətə qarışmıram. Nə iqtidar, nə müxalifət – mən bunların heç birinə qarışmamışam. O, nədən qıcıqlanıb? Bir-iki dəfə bütün azərbaycanlılar kimi USAN (Amerika-Azərbaycan Şəbəkəsi) təşkilatının tədbirinə getmişik. Yəni, bu qəbahətdir? Biz azad ölkədə yaşayırıq. Bunu necə iqtidara bağlamaq olar?” – deyə Tərlan Əhmədov Amerikanın Səsinə bildirib. O, habelə deyir ki, Namiq Feyziyev onun iş yerinə dəfələrlə email yazaraq onu casusluqda ittiham edir: “Mən Azərbaycan dövlətinin vətəndaşıyam və ölkəmi çox istəyirəm. Amma mən heç bir siyasi oyunlarda iştirak etməmişəm və etməyəcəyəm də! Məni bunlardan azad buraxın”.

Namiq Feyziyev iddia edir ki, Tərlan Əhmədovun ABŞ-da siyasi sığınacaq almasına baxmayaraq, o, bir neçə dəfə Bakıya gedib: “Mən də siyasi qaçqınam, ağlıma sığışdıra bilmirəm ki, Azərbaycana gedib-gələm. Azərbaycanda təqib olunuram. Siyasi baxışlarıma görə iki dəfə universitetdən xaric olunmuşam. Təsəvvür edin, mən gedirəm Azərbaycanda yüksək rütbəli məmurlarla görüşürəm, onlarla şəkil çəkdirirəm”.

O deyir ki, Amerika qanunlarına görə əgər kiminsə hədə-qorxu gəlməyi barədə şikayət varsa, burada cinayət tərkibi olur. Tərlan Əhmədov isə bu şikayəti çalışdığı idarənin tələbi ilə verdiyini deyir: “İş yerimə 15-20 dənə email göndərib, zəng edib. Mən heç bunları bilməmişəm. Bundan əvvəl özləri istəyiblər bunu həll etsinlər. Görüblər qarşısını ala bilmirlər. Axırda mənə dedilər ki, biz daha bir şey edə bilmirik, bunun qarşısı alınmalıdır”. Tərlan Əhmədov deyir ki, şikayətdə cinayət tərkibi iddiası yoxdur, sadəcə Feyziyevin onunla əlaqə saxlamaması tələb olunur.

Namiq Feyziyev fevralın 25-də məhkəməyə vəkillə gedəcəyini deyir.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG