Accessibility links

Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair strategiya-ekspert rəyi [Audio-müsahibə]


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Media hüququ eksperti Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində ölkədə İKT sektorunda problemlərdən danışıb

Prezident İlham Əliyev Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün milli strategiyanı təsdiq edib.
Ələsgər Məmmədli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:37 0:00

Sənəd milli strategiyanın əsas istiqamətlərini müəyyən edir. Strategiyanın prioritet istiqamətləri bunlardır: İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) infrastrukturu və xidmətləri yüksək texnologiyalar sektorunun inkişafı, yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi, “elektron hökumət”in inkişafı, İKT - cəmiyyətin inkişaf amili kimi, kadr hazırlığı, informasiya təhlükəsizliyinin təmin edilməsi və milli kontentin inkişaf etdirilməsi.
Sənədə görə növbəti on ildə İKT sektorunun həcmi 4-4,5 dəfə genişləndiriləcək.

Strategiyada deyilir ki, son illərdə İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilib. Bu illər ərzində sektorun həcmi təqribən 20-25% orta illik artım tempi ilə hər üç ildə iki dəfə artaraq 1,9 milyard ABŞ dollarını ötüb, ÜDM-də payı 1,7%-ə, qeyri-neft ÜDM-də payı isə 3,3%-ə yüksəlib.

Sektora investisiya qoyuluşu təqribən 2,5 milyard ABŞ dolları təşkil edib ki, bunun da 28%-i dövlət, 72%-i isə yerli biznes strukturları və xarici investorlar tərəfindən yatırılıb.

MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb. Mobil şəbəkə genişləndilir. 2012-ci ildən ölkədə 4G texnologiyasının tətbiqinə başlanıb. Hər 100 nəfərə 110 mobil abunəçi düşür.

2013-cü ilin nəticələrinə görə Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir, o cümlədən onların 50%-i genişzolaqlı internet istifadəçisidir.

Azərbaycanda kompyuter və elektron avadanlıqlarının, proqram məhsullarının istehsalı ildən-ilə artır. Son 5 il ərzində ölkənin informasiya texnologiyaları sektoru təqribən 2 dəfə genişlənib və orta illik artım tempi 17% təşkil edib.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli strategiyanın qəbulunu müsbət qarşılayır.

“Amma, strategiyanın qəbulundan daha önəmli onun reallıqda necə yerinə yetirilməsidir”, o qeyd edib.

Ekspertin fikrincə, hələ də İKT-nin regionlarda infrastrukturlaşdırılması sahəsində problemlər qalmaqdadır. “Buna baxmayaraq geniş aspektli belə strateji proqramın qəbul edilməsi gələcəkdə görüləcək işlər üçün müsbət impuls verir. Strategiya ilə yanaşı onun alt sənədləri də işlənməlidir və reallıqda həyata keçirilməlidir”.

Məmmədli hesab edir ki, İKT sahəsində tərəqqinin əldə edilməsi üçün bu sahədə monopoliya aradan qaldırılmalı, sərbəst rəqabət mühiti yaradılmalıdır.” Azərbaycanın İKT infrastrukturu xarici sərmayədarlar üçün açılmalıdır”.

Ekspert bildirib ki, ölkədə informasiya yayımı ilə bağlı qorxudan qaçılmalıdır. “İnformasiya və İKT-nin üzərində hansısa proqramların (filtr proqramları) tətbiq olunması ləğv edilməli, cəmiyyətin özünü ifadə etməsi baxımından mühit açıq olmalıdır. Bu inkişaf prosesini sürətləndirə bilər”.

Məmmədli eyni zamanda strategiyanın həyata keçirilməsi prosesində qabaqcıl texnologiyaların inkişaf tempinin də nəzərdən qaçılmamasını vacib sayır. “Qabaqcıl texnologiyaları yaradanlarla müqayisədə Azərbaycan daha sürətli inkişaf yolu seçməlidir ki, yeniliklərdən geridə qalmasın” .

O hesab edir ki, strategiyada yaxın 7 ildə ölkədə İKT sahəsinin 4-4,5 dəfə genişləndirilməsi ilə bağlı nəzərdə tutulan plan elə də əlçatmaz deyil. “Məsələn, 2013-cü ildə Türkiyə İKT-dən 48 milyard dollar gəlir götürüb. Azərbaycanın əhalisinin Türkiyənin əhalisindən 8 dəfə az olduğunu düşünsək, bu rəqəm Azərbaycan üçün 8 milyard edir. Biz indi İKT-dən əldə edilən gəlirləri 4-4,5 dəfə artırsaq yalnız 2020-ci ildə 8 milyarda çatacağıq. Göründüyü kimi bu elə də yüksək hədəf deyil. Bizim hətta yaxın qonşularımız bu hədəfi çoxdan keçib”, o qeyd edib.

Ekspert hesab edir ki, ölkədə mobil infrastrukturda bir monopoliya var. “Əgər bu gün mobil operatorlar 1 qeqobayt informasiyanı 3 manata satırsa, bu həddən artıq yüksək qiymətdir. Hələ də heç bir mobil operator limitsiz internet təklif etmir. İkinci böyük problem mobil operatorların hələ də bütün ölkəni 3G ilə əhatə etməməsidir. Halbuki bir çox qonşu ölkələrimiz 4G-ni çoxdan istifadə edir”.

Məmmədlinin sözlərinə görə qeyri-mobil sahədə internet trafikinin 90 faizi yalnız bir provayderin əlində cəmləşib. “Bu bir problem, digər tərəfdən isə Bakı istisna olmaqla regionlarda fərqli provayderlər tapmaq mümkün deyil. Bu infrastrukturun korrupsiyanın aradan qaldırılmasına, demokratikləşməyə xidmət etməsi üçün ən azı öz bazarında liberallaşma yaradılmalıdır. Qiymətlər aşağı endirilməli və bütün regionlar fiber-optik kabellərlə təmin olunmalıdır”.

Ekspert eyni zamanda İKT resurslarının ölkədə demokratiyanın dərinləşməsinə, ifadə azadlığının təmin olunmasında mühüm rolunu da qeyd edib. “Hazırda ölkədə 1 milyon 300 mindən çox Facebook, 100 mindən çox Twitter, on minlərlə YouTube və digər sosial şəbəkələrin istifadəçiləri var”, o qeyd edib.
XS
SM
MD
LG