Accessibility links

Xəttə yaranmış qapanma nəticəsində paylayıcı stansiyada yanğın olub və İES-in blokları avtomatik olaraq açılıb

Sentyabrın 28-də yerli vaxtla saat 6.44-də Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) paylayıcı xəttini ildırım vurub. Xəttə yaranmış qapanma nəticəsində paylayıcı stansiyada yanğın olub və İES-in blokları avtomatik olaraq açılıb.

Mingəçevir İES-dən Amerikanın Səsi radiosuna deyiblər ki, hazırda blokların işə salınması üçün iş aparılır. Günorta saatlarında bloklarda iş rejimi bərpa ediləcək.

Paylayıcı xəttin sıradan çıxması ilə Bakı şəhəri də daxil olmaqla, ölkənin bir çox regionlarının elektrik enerjisi ilə təchizatında fasilə yaranıb və fasilələr hələ də davam edir.
“Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Amerikanın Səsi radiosuna bildirib ki, saat 9.30-da Bakı şəhərinin elektrik təchizatında fasilə tamamilə aradan qaldırılıb

Elektrik enerjisinin qəflətən kəsilməsi ilə metroda çoxsaylı qatarların tunellərdə qalmasına səbəb olub. Bakı Metropoliteninin Hərəkətin Təhlükəsizliyi İdarəsinin rəisi Etibar İsayev Amerikanın Səsinə bildirib ki, metropoliten işçilərinin fədakarlığı sayəsində qatarlarda qalan bütün sərnişinlər təhlükəsiz halda tunellərdən çıxarılıb, xəsarət alan olmayıb. “Qatarlar saat 6.44-dən tunellərdə qalıb. Metronun işi saat 9.30-da tam bərpa edilib”, - Hərəkətin Təhlükəsizlik İdarəsinin rəisi Etibar İsayev qeyd edib.

Elektrikin verilməsində fasilənin yaranması Bakıda böyük tıxacların yaranmasına, dəmiryol nəqliyyatında dayanmalara səbəb olub.

Baş verən hadisə ilə bağlı “Azərenerji” hələ də rəsmi məlumat yaymayıb. Səhmdar Cəmiyyətin telefonlarına cavab verən yoxdur.
XS
SM
MD
LG