Accessibility links

İlqar Məmmədov azadlığa buraxılmayıb [Video]


Ali Məhkəmə REAL liderinin kassasiya şikayətini təmin etməyib

Noyabrın 18-də Azərbaycan Ali Məhkəməsi hakim Əli Seyfəliyevin sədrliyi ilə REAL Hərəkatının lideri, həbsdə olan İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun kassasiya şikayətini təmin etməyib. İlqar Məmmədov məhkəmədə iştirak etməyib.

Kassasiya şikayətində cinayət hadisəsi və tərkibinin olmadığına görə cinayət təqibinin dayandırılması, İlqar Məmmədov və Tofiq Yaqubluya bəraət verilməsi qoyulub.

Məhkəmədə Azərbaycanda akkreditasiya olunmuş çoxsaylı səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələri, AXCP və Müsavat Partiyasının sədrləri, REAL Hərəkatının fəalları, ictimaiyyətin nümayəndələri iştirak edib.

İsmayıllı hadisələri

İsmayıllı hadisələri

İ.Məmmədov və T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham edilərək mühakimə olunub və müvafiq olaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Tofiq Yaqublu 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Avropa Şurasının Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini İlqar Məmmədovu azadlığa buraxmağa çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb. Bu il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə bu gün kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20-21 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu etiraf edib. Nazirlər Komitəsi Bakının AHİM-in qərarının icrasından imtina etməsini müzakirə edərək, İlqar Məmmədovun azadlığa buraxılmamasını AİHM-in qərarlarının məcburi icrasını tələb edən Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 46.1-ci maddəsinin pozulması kimi qiymətləndirib.

Komitə Azərbaycan hakimiyyətini öz öhdəliklərini könüllü yerinə yetirməyə çağırıb.

Vəkil Fuad Ağayev

Vəkil Fuad Ağayev

Vəkil Fuad Ağayev bugünkü məhkəmədən sonra Ali Məhkəmənin qərarından yenidən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcəyini deyib.

Məhkəmədə çıxış edən vəkil Fuad Ağayev bildirib ki, məhkəmələrin İlqar Məmmədov və Tofiq Yaqublu barədə hökmləri Azərbaycan məhkəmələrinin ədalətinə qarşı hökmdür.

“Nə istintaq, nə də məhkəmə İlqar Məmmədov və Tofiq Yaqubluya qarşı irəli sürülən ittihamları sübut etməyib. Çünki, İlqar Məmmədov və Tofiq Yaqublu İsmayıllıda olarkən hər hansı hadisə baş verməyib. Bunu, ittihamda iddia edilən hadisə yerində olan UniBank-ın bankomatındakı videoyazı da tam sübut edir. İlqar Məmmədovla bağlı şahidlik edənlər isə ümumiyyətlə orada olmayıb. Bu ittiham tam uydurmadır və İlqar Məmmədov uydurma ittihamla həbsdədir”, vəkil qeyd edib.

Nə istintaq, nə də məhkəmə İlqar Məmmədov və Tofiq Yaqubluya qarşı irəli sürülən ittihamları sübut etməyib. Çünki, İlqar Məmmədov və Tofiq Yaqublu İsmayıllıda olarkən hər hansı hadisə baş verməyib. Bunu, ittihamda iddia edilən hadisə yerində olan UniBank-ın bankomatındakı videoyazı da tam sübut edir. İlqar Məmmədovla bağlı şahidlik edənlər isə ümumiyyətlə orada olmayıb.

Fuad Ağayev bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında İlqar Məmmədovun siyasi fəaliyyətinə görə susdurulduğu əksini tapıb.

“Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub və çoxsaylı beynəlxalq öhdəliklər götürüb. Hökumət öhdəliklərini yerinə yetirməli, İlqar Məmmədova bəraət verilməlidir”.

Vəkil həmçinin İlqar Məmmədov və Tofiq Yaqublunun birinci instansiya məhkəməsində işinə baxılan zaman müdafiə hüququnun pozulması ilə bağlı verilən növbəti şikayət üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin kommunikasiyaya başladığını bildirib.

“Şəki Ağır Cinayətlər Məhkəməsinin hakiminin şikayəti ilə vəkil Xalid Bağırov müdafiə prosesindən uzaqlaşdırılıb və o Vəkillər Kollegiyasından xaric edilib”, Ağayev qeyd edib.

Tofiq Yaqublu, Müsavat Partiyası başqanının müavini

Tofiq Yaqublu, Müsavat Partiyası başqanının müavini

Məhkəmədə çıxış edən Tofiq Yaqublu hazırda həbsdə olan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun sifarişi ilə çoxsaylı insanlar barədə qanunsuz hökmlər çıxaran məhkəmə sistemindən ədalətli qərar gözləmədiyini diqqətə çatdırıb.

“Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəkilə mantiya geyməməsini irad tuturdu. Mən o zaman dedim ki, məsələ mantiyada, dəbdəbəli salonlarda ədalətsiz qərar qəbul etməkdə deyil, şortik geyinib də ədalətli qərar qəbul etmək olar”.

O, 2014-cü ilin iyununda Avropa Şurası Parlament Assambleyasının sessiyasında İlqar Məmmədovun işi ilə bağlı sualın cavabında İlham Əliyevin Azərbaycan Avropa hüquq sisteminə daxildir və İ.Məmmədovun azad edilməsi barədə qərar olarsa, yerinə yetiriləcəyi barədə bəyanatını xatırladıb.

“Strasburq məhkəməsinin Böyük Palatası İ.Məmmədovun azad edilməsi barədə Avropa Məhkəməsinin qərarını qüvvədə saxladığı vaxtdan Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə bu qərarın icrasına çağırsa da İ.Məmmədov hələ də həbsdədir. Öz dediyinizi də yerinə yetirmirsiniz”, o qeyd edib.

Siz hakim heyəti bu hadisələrə görə nə qədər günahkarsınızsa, mən də o qədər günahkaram. Mən yanvarın 24-də, hadisələrdən sonra cəmi 50 dəqiqə İsmayıllıda olmuşam. Jurnalistlərlə söhbət zamanı məni polis şöbəsinə aparıblar. Orada 30-40 dəqiqə mənimlə söhbət edəndən sonra, avtomobilimə benzin də töküb Bakıya yola salıblar.

Tofiq Yaqubli İsmayıllı hadisələri ilə bağlı ona verilən ittihamdan danışarkən hakimlərə müraciət edərək deyib: “Siz hakim heyəti bu hadisələrə görə nə qədər günahkarsınızsa, mən də o qədər günahkaram. Mən yanvarın 24-də, hadisələrdən sonra cəmi 50 dəqiqə İsmayıllıda olmuşam. Jurnalistlərlə söhbət zamanı məni polis şöbəsinə aparıblar. Orada 30-40 dəqiqə mənimlə söhbət edəndən sonra, avtomobilimə benzin də töküb Bakıya yola salıblar. Məni Bakının ekoloji postuna qədər polis avtomobili müşayiət edib. Mən hadisələri ümumiyyətlə görməmişəm”, Müsavat başqanının müavini deyib.

Yaqublu məhkəmədən bəraət istəyib və ona dəymiş ziyana görə 500 000 avro təzminat tələb edib.

Dövlət ittihamçısı Müstəcəb Əliyev kassasiya şikayətinin təmin edilməməsini istəyib və məhkəmə şikayəti təmin etməyib.

REAL Hərəkatı məhkəmənin qərarını siyasi hesab edir. “Belə görünür ki, hakimiyyət İlqar Məmmədovun siyasi liderliyindən qorxur. Məmmədovun həbsdən azad edilməməsinin səbəbini bunda axtarmaq lazımdır”, REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı jurnalistlərə bildirib.

İlqar Məmməıdovun həyat yoldaşı Vəfa Məmmədova ailəsinin məhkəmənin bu qərarını gözlədiyini deyib.

“Dünən İlqarla telefon söhbətimiz oldu. O, məhkəmənin kassasiya şikayətini təmin etməyəcəyini dedi. Yenə Avropa Məhkəməsinə müraciət edəcəyik”, V.Məmmədova qeyd edib.

Show comments

XS
SM
MD
LG