Accessibility links

İlham Əliyev seçkilərə 3 gün qalmış hökumətin iclasını keçirib


İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Prezident hakimiyyətdə olduğu 10 il ərzində ölkədəki inkişafdan danışıb

Oktyabrın 6-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Xəbəri Azərbaycan Dövlət Televiziyası yayıb.

İlham Əliyev bildirib ki, ötən 9 ayda bütün makroiqtisadi göstəricilər yüksək səviyyədə olub, iqtisadiyyat 5,4 faiz, qeyri-neft sektoru isə 10,4 faiz artıb və bu, dünya miqyasında ən yüksək göstəricidir. Bundan əlavə, kənd təsərrüfatında təxminən 5 faiz, əhalinin pul gəlirlərində 7,6 faiz artım olub, infilyasiya 2,3 faiz təşkil edib.

Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 39-cu yerdə qərarlaşıb. Bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulub ki, bunun 10,5 milyard dolları daxili, 7,2 milyard dolları isə xarici sərmayələrdir. Bu dövrdə valyuta ehtiyatları artıb və hazırda 49,4 milyard dollar təşkil edir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünya miqyasında ön sıralardadır.

Prezident qeyd edib ki, 9 ayda əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb, bu sahədə xeyli proqramlar icra edilib. Bu ilin 9 ayında 90 minə yaxın yeni iş yeri açılıb. İndiyə qədər ölkədə açılan iş yerlərinin sayı isə 1 milyon 200 mini ötür.

Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən Əliyev bildirib ki, münaqişənin həllində hələ ki, ciddi irəliləyişə nail olunmayıb. Bununla belə, Azərbaycan uğurla inkişaf edir, işğalçı Ermənistanda isə sosial-iqtisadi və siyasi böhran getdikcə dərinləşir. Ötən dövrdə xarici siyasət sahəsində bir çox uğurların qazanıldığını deyən prezident Əliyev qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib.

“Azərbaycann bütün tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət və etimad əsasında qurur. Biz öz milli maraqlarımızı müdafiə edirik” deyən Əliyev bildirib ki, Azərbaycan bütün ölkələrlə əməkdaşlığa açıqdır.

Ötən 9 ayda enerji sahəsində mühüm uğurların qazanıldığını, Transadriatik qaz kəməri layihəsinə start verildiyini deyən dövlət başçısı Azərbaycanın enerji ilə bağlı siyasətinin dünya üçün çox əhəmiyyətli olduğunu qeyd edib. Sənayeləşmə istiqamətində ötən dövrdə mühüm addımların atıldığını, bir çox layihələrin icra mərhələsinə daxil olduğunu deyən prezident qeyd edib ki, bu müsbət meyillər ilin sonuna qədər davam edəcək.

Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu ilin 9 ayında həyata keçirilən tədbirlərdən danışıblar.

İclasa yekun vuran İlham Əliyev bu müsbət dinamikanın qorunması ilə bağlı tədbirlərin bundan sonra da davam etdirilməsinin vacib olduğunu deyib. İlin sonuna qədər dövlət investisiya proqramı icra olunmalı, makroiqtisadi sabitlik qorunmalı, süni qiymət artımına yol verilməməlidir. Gələn il regionların inkişafı ilə bağlı üçüncü dövlət proqramının qəbul ediləcəyini deyən Əliyev orada bölgələrdəki bütün sosial və iqtisadi problemlərin həlli ilə bağlı məsələlərin əks olunacağını bildirib.

O korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, elektron xidmətlərin inkişaf etdirilməsi, son 9 ayda 500 mindən çox insanın müraciət etdiyi ASAN xidmət şəbəkəsinin ölkə üzrə genişləndirilməsi ilə bağlı tapşırıqlarını verən dövlət başçısı qarşıdakı dövrdə əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinin əhəmiyyətinə toxunub.

“Artıq Azərbaycan bölgənin nəqliyyat və logistika mərkəzidir” deyən dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinin başa çatmaq üzrə olduğunu bildiriB. Bundan əlavə, kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlərin davam etdiriləcəyini, Taxtakörpü su anbarının bu sahədə mühüm rola malik olduğunu vurğulayıb.

Demoqrafik vəziyyətin yaxşı olmasını ən böyük üstünlüklərindən biri kimi xarakterizə edən Əliyev bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu dövrdə ölkəmizə 150 milyard dollar investisiya qoyulub, büdcə xərcləri 20 dəfə çoxalıb. Yoxsulluq 10 ildə təxminən 10 dəfə azalıb, xarici dövlət borcu cəmi 7-8 faiz təşkil edib, pensiyalar 10 dəfə, maaşlar 6 dəfə, müdafiə xərcləri isə 20 dəfədən çox artıb və hazırda Azərbaycanın müdafiə sənayesi 750 adda məhsul buraxır.

Son 10 ildə Azərbaycanda 2708 məktəb, 500-ə yaxın tibb müəssisəsi tikilib və ya təmir edilib, 35 olimpiya-idman kompleksi inşa olunub.

Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istismara verilib. Bu tarixi layihələr hesabına Azərbaycan mühüm enerji dəhlizi yaradıb. Azərbaycan kosmos ölkəsinə çevrilib və BMT Təhlükəsizlik Şurasına üzv olub. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, dövlət başçısı bildirib.

İlham Əliyev prezidentliyə namizəddir. O hökumətin iclasını seçkilərə 3 gün qalmış keçirib. İclas barədə hələlik yalnız dövlət televiziyası məlumat yayıb.
XS
SM
MD
LG