Accessibility links

Mərasimdə dövlət rəsmiləri, hökumət üzvləri, deputatlar, diplomatik missiyalar və Qafqaz Müsəlmanları İdarəsinin sədri iştirak edib

Oktyabrın 19-da Konstitusiya Məhkəməsinin Plenumunda 9 oktyabr seçkisinin nəticələrini təsdiqlədikdən dərhal sonra seçkilərdə qələbə qazanmış İlham Əliyev and içib. And içmə mərasimi Milli Məclisdə olub.

Bu onun üçüncü andiçmə mərasimidir.

İlham Əliyevin bu and içmə mərasimi 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edildikdən sonra ilk and içmə mərasimdir. Referendumla konstitusiyada bir nəfərin iki dəfədən çox prezidentliyə namizəd ola bilməz bəndi çıxarılıb. Bununla da eyni şəxsin istənilən qədər dalbadal prezidentliyə namizəd ola bilər.

Mərasimdə dövlət rəsmiləri, hökumət üzvləri, deputatlar, diplomatik missiyalar və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə iştirak edib.

Azərbaycan Respublikasının Konstitusiyasının 103-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içməlidir.

Bu günkü andiçmə mərasimində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib.

Əliyev əvvəlcə konstitusiyaya sadiq olacağı barədə and içib.

"Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!".

Bundan sonra prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib.

"Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

Prezident nəhayət dövlət bayrağını öpərək səlahiyyətlərinin icrasına başlayıb.

Əliyev andiçmə mərasimində geniş nitq də söyləyib.

İlham Əliyev 2003-cü ildən Azərbaycanın prezidentidir. O 15 oktyabr 2003-cü ildə keçirilən seçkilərdə seçicilərin 76 faizinin səsini toplayıb. MSK-nin qərarından 7 gün sonra 31 oktyabr 2003-cü ildə İlham Əliyevin andiçmə mərasimi olub.

22 oktyabr 2008- ci ildə İlham Əliyev 88,73 faiz səs çoxluğu ilə prezident seçilib. Ondan iki gün sonra oktyabrın 24-də Heydər Əliyev Sarayda andiçmə mərasimi keçirilib.

Mövzuya uyğun

XS
SM
MD
LG