Accessibility links

İlham Əliyev: 2015-ci il təbii sərvətlərlə zəngin ölkələr üçün bir sınaq dövrü olacaq


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Bu barədə ölkə prezidentinin rəsmi saytı məlumat yayıb.

“Ötən il dünyada və bölgədə bir sıra proseslərin getməsinə baxmayaraq, Azərbaycan özünün sürətli inkişaf tempini saxladı, xalqımız 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşadı”, deyən prezident bildirib ki, müstəqillik və inkişaf yolu ilə gedən Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var.

Keçən il ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun isə 7 faiz artdığını deyən Əliyev 2014-cü ildə inflyasiyanın 1,4 faiz olduğunu, əhalinin pul gəlirlərinin 4,8 faiz artdığını söyləyib.

Prezident qeyd etdi ki, bu dövrdə ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub, onun da 16 milyard dolları daxili sərmayələrdir. “Manatın məzənnəsi sabitdir, valyuta ehtiyatlarımız isə artaraq 50 milyard dolları keçib”.

2014-cü ildə ölkədə 30-dan çox sənaye müəssisəsinin yaradıldığını, xeyli yeni iş yerlərinin açıldığını deyən dövlət başçısı bir neçə nəhəng layihənin də icra olunduğunu, Azərbaycanın yer səthini müşahidə edən ikinci peykinin orbitə buraxıldığını bildirib.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası

Düşünülmüş iqtisadiyyatın verdiyi imkanlardan yararlanaraq sosial sahənin inkişafına diqqətin artırıldığını bildirən Əliyev 2014-cü ildə 60-dan çox tibb mərkəzinin, 50-dən artıq məktəbin tikilib istifadəyə verildiyini, ölkə əhalisinin 116 min nəfər artdığını, “ASAN xidmət”in uğurla fəaliyyət göstərdiyini, yarandığı gündən bu quruma 3 milyon 500 min müraciətin daxil olduğunu vurğulayıb.

Prezident ötən il Azərbaycanın beynəlxalq əlaqələrinin də uğurlu olduğunu deyib, ölkənin ikitərəfli və çoxtərəfli formatda fəal xarici siyasət yürütdüyünü bildirib.

“Azərbaycan dünyada böyük hörmətə malikdir”, deyən dövlət başçısı ölkənin regional məsələlərin həllində də mühüm amil olduğunu diqqətə çatdırıb.

Azərbaycanın beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyini bildirən Əliyev deyib: “Ölkəmizin müsbət imicini korlamaq, beynəlxalq miqyasda Azərbaycana qarayaxma cəhdləri əbəsdir və heç kim ölkəmizlə ultimatum dilində danışa bilməz”.

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident qeyd etdi ki, 2014-cü ildə də Ermənistan imitasiya taktikasına üstünlük verib və münaqişənin həlli ilə bağlı heç bir konstruktiv addım atmayıb.

Ötən il bir neçə dəfə Ermənistanın açıq təxribatlara əl atdığını deyən dövlət başçısı bu cəhdlərin qarşısının Azərbaycan ordusutərəfindən uğurla alındığını, Ermənistan tərəfinin böyük itki verdiyini bildirib.

Yekun çıxışında “2014-cü ildə müşahidə olunan proseslər göstərir ki, bu il dünya iqtisadiyyatı üçün çox ağır il olacaq”, - deyənƏliyev neftin qiymətinin aşağı düşməsi ilə 2015-ci ili təbii sərvətlərlə zəngin olan ölkələr üçün bir sınaq dövrü kimi xarakterizə edib.

“Lakin düşünülmüş iqtisadi siyasət, şaxələndirilmə prosesi, xalqla iqtidar arasında olan birlik bu ilin də xalqımız üçün uğurlu olacağına təminat verir”,deyən prezident 2015-ci ildə qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanmasının əhəmiyyətinə toxunub.

O bildirib ki, sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi davam etdirilməli, hər bir dövlət qurumunda idarəetmə prinsipləri təkmilləşdirilməli, israfçılıq hallarının qarşısı alınmalıdır.

Ölkə üçün zəruri olan, iqtisadi və sosial əhəmiyyəti ilə seçilən layihələrin icrasının davam etdiriləcəyini deyən dövlət başçısı hər bir rayonda sənaye mərkəzlərinin yaradılması ilə bağlı tapşırıqların icrası, 2015-ci ildə böyük metallurgiya kompleksinin tikintisi, dövlət investisiyalarının dayanıqlı inkişafa yönəldilməsi, ekoloji məsələlərin həlli, nəqliyyat layihələrinin icrasının davam etdirilməsi ilə bağlı fikirlərini bildirib.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin artıq başa çatdırıldığını, hava nəqliyyatı və gəmiçilik sahəsində də uğurlu layihələr icra olunduğunu deyən İlham Əliyev ötən il “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasını tarixi hadisə adlandırıb. Qeyd edib ki, XXI əsrin layihəsi olan “Cənub” qaz dəhlizinin icrası ölkəmizin inkişafında mühüm mərhələ olacaq.

Dövlət başçısı bir neçə aydan sonra Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını, Təşkilat Komitəsinin fəal işlədiyini bildirib.

“Avropa Oyunlarının standartları Bakıda müəyyən olunacaq”,deyən prezident qeyd edib ki, bu, sadəcə idman tədbiri deyil, idmançıların və qonaqların ölkədə, burada gedən inkişaf prosesləri ilə tanış olmaları baxımından mühüm fürsətdir.

XS
SM
MD
LG