Accessibility links

İlham Əliyev: Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən cəzasını alacaq


Prezident İlham Əliyev

Prezident İlham Əliyev

Fevralın 24-də prezident İlham Əliyev Mingəçevir şəhərinə (Bakıdan 320 kilometr qərb) səfəri zamanı Azərbaycan milli valyutasının məzənnəsi, ölkə iqtisadiyyatı, regiondakı iqtisadi-maliyyə böhranı və neftin qiymətinin aşağı düşməsindən danışıb.

Prezident bildirib ki, iqtisadiyyatın öz qanunları var və Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır.

“Azərbaycanda gedən işlər təqdirəlayiqdir və mötəbər beynəlxalq maliyyə qurumları bizim uğurlarımızı yüksək qiymətləndirir”.

Dövlət başçısı eyni zamanda deyib ki, regionda gedən proseslər istər-istəməz bizə də təsir göstərir.

Son bir il ərzində MDB məkanında bizim qonşuluğumuzda yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir.

“Son bir il ərzində MDB məkanında bizim qonşuluğumuzda yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir. Əsas məsələ ondan ibarət idi ki, biz Azərbaycan xalqını mümkün olan risklərdən qoruyaq, Azərbaycanda sabitliyi möhkəmləndirək və xalqımızın seçimini müdafiə edək. Həm Yaxın Şərqdə, həm Avropada, MDB məkanında baş verən xoşagəlməz hadisələr Azərbaycanda gedən işlərə mənfi təsir etməmişdir, çünki biz artıq özümüzü, öz seçimimizi müdafiə etməyə qadirik”.

Onun fikrincə, bununla yanaşı bölgədə iqtisadi sahədə gedən xoşagəlməz proseslər Azərbacana da təsir göstərib.

Manatın məzənnəsinin getdikcə artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi.

“Bir neçə gün bundan əvvəl manatın məzənnəsində dəyişiklik edilmişdir. Qeyd etməliyəm ki, biz 2006-cı ildə pul islahatı keçirdik, 2005-ci ildə belə qərar verilmişdi. 2006-cı ilin əvvəlindən bizim pul islahatlarımız artıq başa çatmışdır. Təbii ki, yaşlı nəsil bunu xatırlayır, o vaxta qədər 1 dollar 5 min manata bərabər idi. Biz manatı dollarla eyniləşdirdik, 1 dollar 1 manat oldu və on il ərzində manat getdikcə dollara nisbətdə güclənirdi. Əslində bu, bizim iqtisadi islahatlarımızın uğurlu olmasını göstərirdi. Ancaq, eyni zamanda, qonşuluqda baş verən hadisələr və bütün qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması istər-istəməz bizə də mənfi təsir göstərməyə başlamışdır. Üstəgəl dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim gəlirlərimizə də mənfi təsir göstərmişdir. Eyni zamanda, əlbəttə ki, manatın məzənnəsinin getdikcə artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi. Ona görə qərar qəbul edilmişdir ki, manat bir az ucuzlaşsın”.

Prezident yanvar ayında regionların sosial iqtisadi inkişafının yekunlarına həsr edilmiş konfransda manatın ucuzlaşacağı barədə danışdığını deyib.

“Bu barədə öz fikrimi açıq şəkildə bildirmişdim ki, insanlar bunu bilsinlər və buna hazır olsunlar. Bu, heç kəs üçün sürpriz olmasın. O vaxt da demişəm ki, manat həddindən artıq bahalaşıb, bu, iqtisadiyyatımıza mənfi təsir göstərir”.

Manatın məzənnəsində bir qədər dəyişiklik olan kimi, əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı.

Onun fikrincə, regionda baş verən hadisələr və dünyanda neftin qiymətinin aşağı düşməsi artıq müəyyən çətinliklərə gətirib çıxarır.

“Bu, birinci siqnal idi. Ondan sonra Mərkəzi Bankımız açıqlama vermişdir ki, tədricən ilin sonuna qədər manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı. Manatın məzənnəsində bir qədər dəyişiklik olan kimi, əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı.

Eyni zamanda, bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində hər gün bazardan minimum 500 milyon dollar alınırdı və əgər belə getsəydi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın”.

Bir neçə gün ərzində hər gün bazardan minimum 500 milyon dollar alınırdı və əgər belə getsəydi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi.

Dövlət başısının fikrincə, əslində manat əvvəlki səviyyəyə enib.

“Yəni, islahat başlayanda 1 manat 1 dollar idisə, bu gün də 1 manat təxminən 1 dollardır. Bütün müvafiq qurumlara göstəriş verilmişdir ki, süni qiymət artımına yol verilməsin. Monitorinq keçirilir və qiyməti süni şəkildə artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir”.

İ.Əliyev deyib ki, son illər ərzində ölkədə istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal edilir.

“Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq. Ümumiyyətlə, kompleks tədbirlər nəticəsində Azərbaycanda bundan sonra uğurlu iqtisadi inkişaf prosesi gedəcək. İqtisadiyyat sabitdir, ictimai-siyasi vəziyyət möhkəmdir. Manatın dollara bərabərləşdirilməsi imkan verəcək ki, sosial məsələlərə daha çox vəsait xərclənsin, büdcədə problem olmasın və ölkə üçün lazım olan bütün infrastruktur layihələri vaxtında icra edilsin”, o qeyd edib.

XS
SM
MD
LG