Accessibility links

İlham Əliyev: Maliyyə intizamı gücləndirilməli, izafi xərclərə yol verilməməlidir


Nazirlər Kabinetinin iclası

Nazirlər Kabinetinin iclası

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Bu barədə president.az saytı məlumat yayıb.

İlham Əliyev

İlham Əliyev

Prezident İlham Əliyev bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəsinə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib. Bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. İlin 9 ayında inflyasiya 3,7 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,8 faiz artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub.

Dövlət başçısı sosial sahədə icra olunan layihələrdən danışarkən qeyd edib ki, ötən dövrdə ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xeyli iş görüldüyünü deyən Əliyev xüsusilə ünvanlı sosial yardımın verilməsində şəffaflığın təmin edildiyini vurğulayıb və bildirib ki, indi 500 min insan, yəni 114 min ailə ünvanlı sosial yardım alır.

9 ayda ölkədə 87 min yeni iş yerinin açılıb, bunun da 67 mininin daimi iş yerləridir.

Azərbaycan hökumətinin üzvləri

Azərbaycan hökumətinin üzvləri

Dövlət başçısı bu il ölkənin tranzit imkanlarının genişləndirilməsi üçün əlamətdar hadisələrin baş verdiyini, Çindən Azərbaycana ilk konteyner qatarının gətirildiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisinin başa çatdığını bildirib. “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı bu ilin 9 ayında xeyli iş görülüb, “Şahdəniz-2” yatağının işlənməsi, TANAP layihəsinin icrası ilə bağlı ciddi addımlar atılıb.

Prezident Əliyev təmas xəttində Azərbaycanın tam üstünlüyə yiyələndiyini, düşmənin bütün təxribatlarının qarşısının alındığını, ötən ay təmas xəttində düşmənin təxribat qrupunun məhv edildiyini, onların ağır itkilər verdiyini bildirib.

“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Dövlət başçısı ölkədə maliyyə intizamının gücləndirilməsinin, izafi xərclərə yol verilməməsinin vacibliyini deyib. “Prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməlidir. Bundan əlavə, sahibkarlar vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır”.

Korrupsiya ilə mübarizə hallarının daha da gücləndirilməsinin, bu sahədə sistem xarakterli islahatların davam etidirilməsinin, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsinin zəruri olduğunu deyən Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də gücləndirilməsinin əhəmiyyətindən danışıb.

Dövlət başçısı deyib ki, ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.

Prezident kənd təsərrüfatının və sənayenin inkişafı, meliorativ tədbirlərin görülməsi, yeni əkin sahələrinin yaradılması, bundan əlavə, dərman bazarında vəziyyətə nəzarətin daha da gücləndirilməsi, metronun yeni stansiyalarının tikintisinin davam etdirilməsinin də vacibliyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev “Cənub” qaz dəhlizinin tikintisi ilə bağlı tədbirlərin vaxtında həyata keçirilməsinə dair tapşırıqlar verib, ilin sonuna qədər nəzərdə tutulan bütün tədbirlərin uğurla reallaşacağına əminliyini ifadə edib.

XS
SM
MD
LG