Accessibility links

Azərbaycan prezidenti İrana rəsmi səfərə gedir


Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-də Tehrana rəsmi səfər edəcək.

İRNA agentliyinin məlumatına görə, İran Prezident Administrasiyasının rəsmisi Pərviz İsmaili bildirib ki, səfər zamanı iqtisadi, siyasi və mədəni sahələri əhatə edəcək sənədlər imzalanacaq.

Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli, regional, dövlətlərarası müstəvidə iki ölkənin siyasi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə ediləcək.

İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi isə APA agentliyinə bildirib ki, Azərbaycan və İran arasında sabah 10 əməkdaşlıq sazişinin tam razılaşdırılması gözlənilir.

O deyib ki, Azərbaycan İran vətəndaşları üçün vizanı ləğv etməyəcək, lakin müzakirələrdə viza rejiminin sadələşdirilməsi haqqında razılığa gəlinib və bu, icra olunacaq.

“Prezident İlham Əliyevin İrana səfəri zamanı razılaşdırılmış bütün sənədlər imzalanacaq. Bu sənədlərin imzalanması əlaqələrin inkişafına təkan verəcək”

Nazir deyib ki, hər iki ölkənin insanları qarşılıqlı səfərlər etməkdə maraqlıdır.

“Ötən 20 il ərzində İran və Azərbaycanın arasında əlaqələr indiki səviyyədə olmayıb və bu, sevindirici haldır. Ötən iki il ərzində iki ölkənin rəsmiləri arasında 55 görüş keçirilib”.

M.Vaezi deyib ki, prezidentlər iki ölkənin əlaqələrinin inkişafında əhəmiyyətli rola malik olub və onun bu rolu əlaqələrin inkişafında çox təsiredici olub.

O deyib ki, hökumətlərarası komissiya iki ölkənin əlaqələrinin inkişafı üçün təşkil olunub və komissiyanın təşkili əlaqələrin inkişafına təkan verib.

“Komissiyada yük daşımaları, energetika, səhiyyə, qadın məsələləri üzrə komitələr təşkil edilib və bu komitələrdəki müzakirələrdə yaxşı nəticələr əldə olunub” - deyə M. Vaezi bildirib.

XS
SM
MD
LG