Accessibility links

İlham Əliyev: Növbəti erməni silahlı təxribatı törədilərsə, yenə də lazımlı, tutarlı cavab veriləcək


İlham Əliyev cəbhə xəttində olub
İlham Əliyev cəbhə xəttində olub

“Azərbaycan dövləti, Azərbaycan Ordusu heç vaxt mülki əhali ilə müharibə aparmayıb və aparmır. Biz sadəcə olaraq, düşmənin atəş mövqelərini bizə açılan atəş zamanı böyük ustalıqla məhv edirik. Ancaq eyni zamanda, Azərbaycan Ordusu öz vətəndaşlarını qorumalıdır, qoruyur və qoruyacaq. Münaqişənin həlli Ermənistan dövlətinə də imkan verəcək ki, onlar da müstəqil dövlət qura bilsin. Mən yenə də ümid edirəm ki, onların işğalçı siyasəti sona çatacaq. Çünki bunun başqa yolu yoxdur”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev mayın 1-də Tərtər rayonunda cəbhə xəttində Azərbaycan Ordusunun hərbçiləri qarşısında çıxışında bildirib.

Rəsmi Bakının bildirdiyinə görə, aprelin son günlərində erməni tərəfinin cəbhə xəttinə yaxın ərazi ətrafındakı yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində 2 mülki şəxs həlak olub, 7 nəfər yaralanıb, yüzlərlə ev dağıdılıb.

Prezident Əliyev bəyan edib ki, Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və son hadisələr bunu bir daha göstərdi.

“Bizə qarşı edilən silahlı təxribat cavabsız qalmadı. Bunu hamı bilir. Ermənistan rəhbərliyi nə qədər tez anlasa ki, onlar ancaq Azərbaycan ilə sülh şəraitində inkişaf edə bilərlər, münaqişəyə bir o qədər tez son qoyular".

Azərbaycan prezidenti qeyd edib ki, münaqişənin həlli beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır.

"Bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Heç bir beynəlxalq təşkilat Ermənistanın işğalçı siyasətini dəstəkləmir. Dünyada heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İşğal edilmiş Dağlıq Qarabağ və digər torpaqlar bizim tarixi torpaqlarımızdır. Azərbaycan vətəndaşları o torpaqlarda yaşamalıdır və yaşayacaqlar”.

Əliyev deyib ki, Azərbaycan çalışacaq ki, Ermənistanı danışıqlar vasitəsilə düzgün yola gətirsin.

“Diplomatik, siyasi, iqtisadi təzyiqlərimizi artıracağıq, təmas xəttində mövqelərimizi gücləndirəcəyik. Əgər bizə qarşı növbəti erməni silahlı təxribatı törədilərsə, yenə də lazımlı, tutarlı cavab veriləcək və nəticə də eyni olacaq. Çünki bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmlənmişdir, artmışdır. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu maddi təchizat baxımından güclü ordular sırasındadır. Orduda nizam-intizam yüksək səviyyədədir. Döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Aprel döyüşləri bunu göstərdi. Ruh yüksəkliyi var. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox müsbətdir. Nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən vacib məsələ yoxdur. Bu, ən birinci məsələdir. Biz bu məsələni həll etməliyik və edəcəyik”, prezident qeyd edib.

XS
SM
MD
LG