Accessibility links

ATƏT-in Bakı ofisinin nümayəndələri həbsxanada hüquq müdafiəçisinə baş çəkib


"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının üzvü İlham Əmiraslanov

"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının üzvü İlham Əmiraslanov

İlham Əmiraslanov bildirib ki, işgəncələrdən sonra qabırğaları və daxili orqanları zədələnib, həmçinin qulaq pərdəsi deşilib

ATƏT-in Bakı ofisinin təmsilçiləri iyulun 30-da Bakı İstintaq Təcridxanasında həbsdə olan hüquq müdafiəçisi İlham Əmiraslanovu yoluxub.
Əmiraslanovla görüş onun kamerasında Bakı İstintaq Təcridxanasının rəisinin iştirakı ilə bas tutub. ATƏT təmsilçiləri Əmiraslanovun səhhəti, saxlanma şəraiti, təcridxana heyətinin ona münasibəti ilə maraqlanıb.

Əmiraslanov bildirib ki, bu il iyunun 8-də daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs ediləndə döyülüb, aldığı xəsarətlə bağlı ona lazımi yardım edilməyib. Onun qabırğaları və daxili orqanları zədələnib, həmçinin qulaq pərdəsi deşilib. Penitensiar Xidmət və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin həkimləri bunu təsdiq edib.

Əmiraslanov uzun müddət qabırğalarında və başqa daxili orqanlarındakı ağrılardan şikayət edib. Ədliyyə Nazirliyinə, Bas Prokurorluğa, ombudsmana müraciətlərinə baxmayaraq hələ də ciddi müayinə edilməyib. Ona qarşı işgəncə faktları ilə bağlı prokurorluq və ombudsmanın nümayəndəsi ifadə alıb.
ATƏT-in Bakı təmsilçiləri Əmiraslanovu üzvü olduğu “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının xahişi ilə yoluxub

"Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bildirir ki, üzvü Əmiraslanov bir qrup fermerin fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Sabirabad rayon icra hakimiyyəti başçısı Nazim İsmayılovla görüşündən 4 gün sonra həbs edilib. Görüşdə fermerlər 2010-cu ildə Kür çayının daşqınlarından sonra bərpa işlərinin gedişindən narazılıq edib.
Əmiraslanov “Kür” Qərargahının başqa üzvləri ilə birgə korrupsiyaya qarşı aktiv mübarizə aparıb.
XS
SM
MD
LG