Accessibility links

İlkin Rüstəmzadənin anası: "Şərəfi güclü olan insanı alçaltmaq olmaz!" [Audio]


Atlas Hüseynova oğlu həbs ediləndən sonra ilk dəfə danışdı

Bu gün Nəsimi Rayon Məhkəməsində “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin həbs müddətini daha iki ay uzadılıb. Gənc fəalın bacısı Nərgiz Rüstəmzadə və anası Atlas Hüseynova Amerikanın Səsinə bu barədə müsahibə verib.


Müsahibədə Nərgiz Rüstəmzadə qardaşının həbsindən artıq 4 ay keçdiyini bildirib. O, ailənin bugünkü məhkəmə qərarını ədalətsiz hesab etdiyini deyir: "İlkin daha 2 ay da dəmir barmaqlıqlar arxasında yaşayacaq. Düşünürəm ki, müəyyən vaxty keçəndən sonra İlkini azadlığa buraxacaqlar, çünki İlkinin maddəsində heç bir şey yoxdur".

Bu gün İlkinin vəkilinə istinadən bəzi mətbuat orqanlarında gənc fəalın döyülməsi barədə yayılan məlumata da münasibət bildirən Nərgiz Rüstəmzadə bazar ertəsindən bəri qardaşı ilə görüşmədiklərini deyib, ancaq o, döyülmə faktını sərt şəkildə təkzib edib: "Karserə salınma həqiqətən də olub. Amma dəmirlə döyülmə, şərəf və ləyaqətin təhqiri, su verməmək, bədənində yaraların hələ də olması məlumatı tamamilə absurddur. O, sadəcə bir gün karserdə qalıb. O da, oranın işçisi ilə olan probleminə görə olub. Mətbuatda yazıblar ki, şəxsiyyətini alçaldıblar. İlkinin şəxsiyyəti heç vaxt sına bilməz!" - deyə Nərgiz Rüstəmzadə bildirib.

Oğlunun həbsi barədə ilk dəfə açıqlama verən Atlas Hüseynova isə Amerikanın Səsinə müsahibəsində deyib ki, İlkin adi dediyi söz üstündə həbs edilib. Bu gün də ədalətsiz hökm nəticəsində oğlunun həbs müddətinin uzadıldığını bildiriən xanım Hüseynova deyib ki, bu, heç bir cinayət tərkibi olmayan prosedurdur. İlkin Rüstəmzadənin səhhətində problem olmadğını vurğulayan ana bu gün saytlarda oğlu haqda yayılan məlumatın "gülünc" olduğunu deyib: "Daxilində şərəfi, ləyaqəti güclü olan insanın şərəfini alçaltmaq olmaz. Kim alçaltmağa cəhd edirsə, o, özü alçalır. Kimsə alçaltmağa cəhd edib, elə bilir ki, onu alçaldıb, yox, səhv fikirləşir, onu edən özü alçalıb. Sadəcə belə məlumatın yayılması mənim pisimə gəldi. Çünki İlkin orada əqidəsinin üstündə yatır!" - deyə Atlas Hüseynova bildirib.

İlkinin cinayətkar, oğru, əyyaş olmadığını bildirən ana deyib ki, hamı oğlunun söz azadlığı, azad fikir üstündə həbsə atıldığını bilir.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG