Accessibility links

İlqar İbrahimoğlu: İŞİD-in əməlləri İslama ziddir [Audio]


İlqar İbrahimoğlu

İlqar İbrahimoğlu

İslam Dövləti qrupunun bir neçə ay bundan əvvəl Suriya üzərində uçuş icra edərkən təyyarəsi düşmüş iordaniyalı pilotu diri-diri yandıraraq qətlə yetirməsi İordaniyada böyük hiddət və qəzəblə qarşılanıb. İordaniya hərbi qüvvələri pilot Muas Əl-Kasasbenin qətlinə cavab olaraq İŞİD-ə qarşı hərbi əməliyyatların intensivləşdiriləcəyini elan edib. İordaniya kralı Abdulla İslam Dövləti qrupunun yaraqlılarına qarşı amansız müharibə elan edib.

İraq və Suriyada özünü İslam dövləti elan etmiş qrupun zorakılıqlarının əsas hədəfi Qərb ölkələrinin vətəndaşları ilə yanaşı Yaxın Şərq regionun dinc sakinləridir. Qrupun qəddarlıqla qətlə yetirdiyi insanların böyük əksəriyyəti müsəlmanlardır. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda dindarların zorakı terrorçu qrupun törətdiyi əməllərə münasibətini Dini Etiqad və Vicdan Azadlıqları Müdafiəsi Mərkəzi DEVAMM-ın rəhbəri Hacı İlqar İbrahimoğlu şərh edib.

"Baş verənlər bizi çox narahar edir və hesab edirik ki, bunun ümumiyyətlə insanlığa aidiyyatı yoxdur və islam inancı ilə birmənalı şəkildə ziddiyyət təşkil edir"-İlqar İbrahimoğlu

“Hesab edirik ki, İŞİD təkfirçi vəhhabi qruplaşması terror təşkilatıdır və terror təşkilatına da münasibət birmənalıdır. Onların etdiyi cinayətlər təbii ki, bütün insanları və bəşəriyyəti narahat edir. Biz Azərbaycan müsəlmanlarını da xüsusilə narahat edir. Çünki bunlar öz cinayətlərini həm də bizim müqəddəs torpaqlarımızda, İraqda gündəlik həyata keçirirlər. Həzrəti İmam Hüseyn Əleyhissəlamın zəvvarlarına qarşı da illərdir həyata keçirirlər. Bunların bu gün növbəti addımları hesab edirəm ki, son aylar edilənlərin məntiqi davamıdır. Həm də bunların arxasında dayanan, bunları yetişdirən və bu gün onların bu formada mövcudiyyətini təmin edən beynəlxalq güclər mövcuddur. Baş verənlər bizi çox narahar edir və hesab edirik ki, bunun ümumiyyətlə insanlığa aidiyyatı yoxdur və islam inancı ilə birmənalı şəkildə ziddiyyət təşkil edir. Bu gün bütün bəşəriyyət öz qüvvələrini toparlayıb buna qarşı çıxmalıdır və imitasiya formasında deyil, gerçəktən bunların qarşısına çıxılmalıdır. Bunlara istifadə olunma aləti kimi baxılmamalı və istifadə edilməməlidir.”

İlqar İbrahimoğlu günahsız insanların qətlə yetirilməsi praktikasının islam dini ilə heç bir əlaqəsi olmadığını xüsusi vurğulayıb.

"Bu məsələlərin hər hansı bir dinə, millətə, məzhəbə aid edilməsi birmənalı olaraq yolverilməzdir"-İlqar İbrahimoğlu

“Hesab edirəm ki, son illər yanlış bir praktikanın nəticəsində ictimai rəydə belə bir fikir yaranır ki,guya bu məsələlərin radikal islama aidiyyatı var. Mən bir daha qeyd etmək istəyirəm ki, islam islam olaraq, inanc olaraq günahsız insanlara qarşı bu kimi zorakılıqlara, terrora qarşı çıxır. Bu məsələlərin hər hansı bir dinə, millətə, məzhəbə aid edilməsi birmənalı olaraq yolverilməzdir. Ona görə də bir daha vurğulamaq istərdim ki, baş verənlər insanlığa, bəşəriyyətə, hər hansı dəyərlərə qarşı olan cinayətdir və bütün ilahi dinlərin ardıcılı olan insanlar və ümumiyyətlə, vicdanı olan bütün insanlar bu cinayətlərə qarşı səfərbər olub dayanmalıdır.”

Özünü İslam Dövləti adlandıran qrupun zorakı əməlləri Yaxın Şərq ölkələrinin yüksək səviyyəli rəsmilər, din xadimləri və cəmiyyətləri tərəfindən nə dərəcədə pislənir? İlqar İbrahimoğlu:

"Özünə hörmət edən bütün islami inanclılar, islami ruhanilər, bütün aparıcı islami dövlətlər bu terroru, bu terror qrupunu, təkfirçi vəhhabiliyi hər zaman pisləmişdir və bu gün də pisləməkdədir"-İlqar İbrahimoğlu

“Qrupun özünü belə adlandırması, İslam adına çıxış etməsi və qrupun islam aksessuarlarına malik olması- bunlar hamısı əslində şüurlu surətdə islama qarşı düzəldilmiş və əslində, islamı gözdən salmaq üçün ortalığa atılmış mövzulardır. Özünə hörmət edən bütün islami inanclılar, islami ruhanilər, bütün aparıcı islami dövlətlər bu terroru, bu terror qrupunu, təkfirçi vəhhabiliyi hər zaman pisləmişdir və bu gün də pisləməkdədir. Əksinə, biz görürük ki, Qərbin bəzi siyasətçiləri bu qrupla öz maraqları üçün müəyyən sazişlərə gediblər, bu gün də getməkdədirlər və əslində bu mənada anlaşılmayan olan budur.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG