Accessibility links

Axtarışda olan keçmiş hərbçi Rusiyada saxlanıb


Azərbaycan Silahlı Qüvvələrinin keçmiş əməkdaşı saxlanıb

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş əməkdaşı saxlanıb

O, Silahlı Qüvvələrə təxminən 125 min ABŞ dollar məbləğində zərər vurub

Yanvarın 10-da Moskvanın Domodedovo hava limanında polislər Azərbaycan Silahlı Qüvvələrinin keçmiş əməkdaşını saxlayıb. O 125 min ABŞ dollarını sui istifadədə ittiham olunur və beynəlxalq axtarışdadır. Keçmiş məmurun tutulması İnterpolun İrkutsk şöbəsinin əməkdaşlarının köməyi ilə həyata keçirilib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan vətəndaşının (1965-ci ildə anadan olub) saxlanmasında Rusiya DİN-nin Domodedovo aeroportundakı əməkdaşları da iştirak ediblər.

Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin barəsində dələduzluq ittihamı ilə axtarış elan ediblər. İstintaqın versiyasına görə, 2010-cu ildə o, Azərbaycan Silahlı Qüvvələrində qulluq edərkən mühasibatlıq sənədlərini saxtalaşdırıb. Nəticədə hərbi hissəsnin büdcəsində təxminən 125 min ABŞ dolları həcmində kəsir yaranıb.

Rusiya polisinin məlumatına görə, 2011-ci ildə axtarışda olan şəxs saxta sənədlə başqa ad altında Rusiya sərhəddini keçib. O, İrkutsk vilayətinin Nijneudinsk rayonunun Xudoelan kəndinə yaşayıb.

“İzləndiyindən şübhələnən şəxs qəflətən yoxa çıxıb. Operativ kanallarla məlum olub ki, o, Rusiyanın hüdudlarını keçmək istəyir”, - DİN İrkutsk Baş İdarəsinin saytındakı məlumatda deyilir. Məlumatda saxlanılan adamın şəxsiyyəti açıqlanmır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, saxlanılan Yadigarov İlqar Heydər oğludur.

O 2011-ci il aprelin 4-də xidməti uyğunsuzluğa görə Silahlı Qüvvələrin sıralarından tərxis olunub. İ.Yadigarov 1965-ci ildə Sumqayıtda anadan olub.
O, 1986-cı ildə Yaroslav Ali Hərbi Maliyyə Məktəbini bitirib.

APA-nın məlumatına görə, İlqar Yadigarov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir.

Azərbaycan hüquq-mühafizə orqanları ötən ilin noyabrında onun tutulması üçün İnterpola müraciət edib.
XS
SM
MD
LG