Accessibility links

İlqar Məmmədov Qərb dövlətlərini Azərbaycan məmurlarına sanksiya tətbiq etməyə çağırıb [Natiq Cəfərli ilə müsahibə-audio]


lqar Məmmədov

lqar Məmmədov

REAL lideri ona qarşı cinayət işinin saxtalaşdırılmasında iştirak edən məmurlar barədə viza qadağasının və maddi xarakterli sanksiyaların tətbiq edilməsini xahiş edir

Respublikaçı Alternativ (ReAl) vətəndaş hərəkatının lideri İlqar Məmmədov ABŞ Konqresinə və Avropa Parlamentinə onun həbsində əli olan vəzifəli şəxslərə qarşı sanksiyalar tətbiq etmək çağırışı ilə müraciət hazırlayır. Bu barədə ReAl-ın icraçı katibi Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib.


Onun sözlərinə görə, Məmmədov qeyd edir ki, indiyədək Avropa Parlamentinə və ABŞ Konqresinə yalnız Qarabağın işğalı ilə əlaqədar müraciət edib.
Bu dəfə Məmmədov prezident seçkilərində iştirakdan kənarlaşdırılması üçün ona qarşı cinayət işinin saxtalaşdırılmasında iştirak edən şəxslər barəsində viza qadağasının və mümkündürsə, maddi xarakterli sanksiyaların tətbiq edilməsini xahiş etmək niyyətindədir.

Məmmədov sanksiyalara məruz qaldığını hesab etdiyi 11 konkret vəzifəli şəxsin adını çəkir. Bu, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov, bu idarənin işçiləri Səttar Rzayev, Nadir Mirzəyev, Qasım Məmmədov, habelə Məmmədovun həbsində və ya şikayətlərinin təmin edilməməsində əli olan vəkillər - Emin Mehdiyev, Faiq Qasımov, Sahibxan Mirzəyev, Camal Ramazanovdur.

"Siyasi məhbusların deyil, siyası məhbuslar yaradan şəxslərin siyahısını tərtib etmək və onları buna görə cəzalandırmaq lazımdır", deyə Məmmədovun məktubunda bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl bir sıra müxalifət xadimləri və hüquq müdafiəçiləri də "Maqnitski siyahısı" kimi, barələrində sanksiya tətbiq edilməli olan Azərbaycan məmurlarının siyahısının tərtib edilməsi zərurətini qeyd ediblər.
XS
SM
MD
LG