Accessibility links

İlqar Məmmədovun apellyasiya şikayəti təmin edilməyib


ReAL Hərəkatının lideri İlqar Məmmədov
ReAL Hərəkatının lideri İlqar Məmmədov

O, həbsini siyasi sifariş adlandırıb

Bakı Apellyasiya Məhkəməsi “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun apellyasiya şikayətini təmin etməyib.

İlqar Məmmədov barəsində fevralın 4-də Nəsimi rayon məhkəməsi iki ay həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə təqsirləndirilir.

"REAL" Hərəkatının sədri bu il yanvarın 23-24 İsmayıllıda baş vermiş qarşıdurma ilə bağlı günahlandırılır.

Vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, fevralın 22-də İlqar Məmmədovun fevralın 4-də tutularaq Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində 8 saat qanunsuz saxlanması ilə bağlı Nəsimi rayon Məhkəməsinə şikayət verib. Nəsimi rayon Məhkəməsi şikayəti təmin etməyib. Bundan sonra Nəsimi rayon Məhkəməsinin qərarından verdiyi şikayəti isə bu gün Apellyasiya Məhkəməsi təmin etməyib.

Vəkil eyni zamanda Avropa İnsan Haqları Məhkəməsinə də şikayət edib. “Şikayətdə çoxsaylı qanun pozuntuları ilə yanaşı Avropa İnsan Haqları Konvensiyasının 13-cü maddəsinin pozulduğunu yazmışıq. Ölkədə səmərəli hüquq müdafiə vasitəsi yoxdur”-deyə o qeyd edib.

İlqar Məmmədov ittihamları qəbul etmir və onları siyasi sifariş adlandırır. O, İsmayıllı hadisələri baş verdikdən sonra rayona gedib və o, İsmayıllıya gedəndə rayonda qarşıdurma baş vermişdi. REAL lideri bu il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan etmişdi.
XS
SM
MD
LG