Accessibility links

Vəkil: İlqar Məmmədov törətmədiyi əməllərdə ittiham olunur [Video-Müsahibə]


O perspektivli namizəd kimi seçkilərdən uzaqlaşdırılır. Avropa Məhkəməsi İlqar Məmmədovun şikayəti üzrə növbədənkənar kommunikasiyaya başlayıb

Azərbaycan hökuməti ReAL hərəkatının lideri İlqar Məmmədovun işində qəsdən Avropa İnsan Hüquqları Məhkəməsi ilə münaqişəyə gedir.

Vəkil Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Strasburqda ali məhkəmə instansiyasının qərarlarının icrası bütün Avropa Şurası ölkələri üçün məcburidir. Bir müddət əvvəl Avropa Məhkəməsi artıq Rafiq və Fərhad Əliyevlərin, habelə Akif Muradverdiyevin işi üzrə Azərbaycan hökumətinə qarşı qərarlar qəbul edib.

Bu işlər üzrə Avropa Məhkəməsi hesab edib ki, Bakı ədalət mühakiməsinin əməlləri İnsan hüquqları və Əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 5 (azadlıq hüququ), 6 (2) təqsirsizlik prezumpsiyası), 13 (səmərəli müdafiə vasitəsi hüququ), 14 (ayrı-seçkiliyin qadağan edilməsi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadə hüdudları) maddələrinə ziddir.
İlqar Məmmədova qarşı ittihamlara gəlincə, onlar cəfəngdir, çünki o, törətmədiyi əməllərdə ittiham olunur, deyə vəkil qeyd edib.

Belə ki, İsmayıllıda iğtişaşlar yanvarın 23-də başlayıb, Məmmədov isə oraya növbəti gün yerli əhali ilə söhbət etmək üçün gedib.

Əvvəlcə ona Cinayət Məcəlləsinin 233-cü (ictimai asayişi pozma) və 315.2-ci (həyat və sağlamlıq üçün təhlükə doğuran güc tətbiq etməklə polisə müqavimət) maddələr ilə ittiham irəli sürülmüşdüsə, indi Baş Prokurorluq və və Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmə ağırlaşdırılmış hallardan söz açıblar. Onların iddiasına görə, Məmmədov İsmayıllıda kütləvi etirazı az qala təkbaşına təşkil və təşviq edib.

Maraqlıdır ki, Avropa İnsan hüquqları Məhkəməsi Məmmədovun işi üzrə vaxtından əvvəl (bu ilin aprelin 9-dan) kommunikasiyaya başlayıb. Avropanın ali məhkəmə instansiyası Azərbaycan hökumətinə bu iş üzrə bir sıra suallar göndərib. Bakı iyunun 18-nə qədər Strasburqa cavab verməlidir.

Vəkillər fevral ayında İlqar Məmmədovun hüquqlarının çoxsaylı və kobud şəkildə pozulması ilə əlaqədar Avropa Məhkəməsinə şikayət verib.

İlqar Məmmədov siyasi və beynəlxalq dairələr tərəfindən perspektivli xadim kimi tanınıb. O, ildən-ilə siyasi nüfuz qazanır, hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər sahəsində yaxşı mütəxəssislər komandası toplayıb. Prezident seçkiləri ərəfəsində Məmmədovu həbs etməklə hakimiyyət ciddi rəqibdən xilas olmağı qərara alıb, vəkil belə hesab edir.
XS
SM
MD
LG