Accessibility links

Azərbaycan XİN Avropa Parlamentinin Məmmədovla bağlı qətnaməsini qınayır


İlqar Məmmədov

İlqar Məmmədov

“Sənədin tonu ikitərəfli münasibətlərimizin ruhuna uyğun deyil və Azərbaycan üçün qəbuledilməzdir”, XİN-nin bəyanatında deyilir

Avropa Parlamentində (AP) bir qrup deputatın iştirakı ilə “Azərbaycan: İlqar Məmmədov məsələsi” mövzusunda müzakirələr apararaq qətnamə adlandırılan sənədin qəbul edilməsi təəssüf doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sənəddə bildirilir kİ, Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli münasibətlərinə xidmət etməyən bu addımla bağlı aşağıdakıları bildirməyi zəruri hesab edir:

“Azərbaycan demokratiya, insan hüquq və azadlıqları kimi universal dəyərlərin bərqərar olmasına sadiqdir. Müstəqilliyin ilk illərindən bu istiqamətdə Avropanın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edən Azərbaycan daim qanunvericiliyini təkmilləşdirmiş və müvafiq islahatlar aparmışdır. Proses davam etməkdədir.

Vətəndaşların etirazlarının yalnız qanunun müəyyən etdiyi çərçivədə ifadə edilməsi bütün Avropa ölkələrində qəbul edilmiş prinsipdir. Ölkədə iğtişaş yaratmaq, vətəndaş itaətsizliyinə çağırış cəhdləri kimi hallara qarşı adekvat tədbir görülməsi mütərəqqi cəmiyyətlərdə hüquq prinsipləri ilə ziddiyyət təşkil etmir.

Təəssüflər olsun ki, Avropa Parlamentinin bir qrup deputatı tez-tez qərəzli mövqe ilə seçilənləri toplayaraq, Azərbaycanla bağlı müxtəlif məsələləri müzakirəyə çıxarır, reallığı əks etdirməyən fikirlər səsləndirir. Demokratik dəyərlərin başlıca prinsip hesab edildiyi Avropada 754 üzvdən 20-30 nəfərinin mövqeyinin rəsmi sənəd kimi təqdim edilməsi demokratiya prinsiplərinə ziddir. Bu, ən azı Avropa Parlamentinin mütləq çoxluğunun hüquqlarının mənimsənilməsidir.

Avropa Parlamentinin adından Azərbaycana belə qərəzli münasibət göstərilməsi ilk dəfə deyil. Bənzər mövqelər əvvəllər də bildirilib. Bu deputatlar əksər hallarda müzakirə olunan məsələləri lazımi şəkildə dərindən araşdırmır, qarşı tərəfin rəyini öyrənmir, ayrı-ayrı qərəzli münasibətlərə üstünlük verirlər.

Belə münasibət Aİ ilə hərtərəfli əməkdaşlığa kömək etmir. Azərbaycan-Aİ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksələ biləcəyi bir zamanda belə addımların atılması bu kimi halların siyasiləşdirilərək müxtəlif maraqlara xidmət etdiyini göstərir. Halbuki Avropa Parlamenti elə Avropanın özündə baş verən hadisələrə və Cənubi Qafqaz regionunda gedən siyasi-hərbi proseslərə göz yumur.

Sənədin tonu da ikitərəfli münasibətlərimizin ruhuna uyğun deyil və beynəlxalq hüququn suveren subyekti olan Azərbaycan üçün qəbuledilməzdir.

Demokratiya, ədalət və insan hüquqlarını mühüm universal dəyərlər kimi qəbul edən Avropa Parlamenti nə Azərbaycanın 20 ildən artıq müddətdə işğal altında qalan əraziləri ilə bağlı, nə də bütün hüquqları pozulmuş 1 milyona yaxın qaçqın və məcburi köçkünlər barədə bir dəfə də olsun beynəlxalq hüquqa uyğun, ədalətli mövqe bildirməyib, bəyanat verməyib.

Amma artıq nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil daxili və xarici siyasət həyata keçirir. Avropada bəzi dairələrin Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa yönəlmiş addımlar atması müxtəlif suallar doğurur. Avropa Parlamentinin bəzi nümayəndələrinin bu cür yanaşması və belə addımlarla təzyiq göstərməsi qəbuledilməzdir”.

Xatırladaq ki, İyunun 13-də Avropa parlamenti ReAL hərəkatının rəhbəri İlqar Məmmədovun işi ilə bağlı qətnamə qəbul edib.

Avropa parlamentinin rəsmi saytının məlumatına görə deputatlar Azərbaycan hakimiyyətini İlqar Məmmədovun həbsini pisləyib, ona qarşı açılmış cinayət işinin dayandırılması və ona qarşı irəli sürülən ittihamların təcili şəkildə araşdırılmasına çağırıb.

Həmçinin deputatlar hakimiyyəti Azərbaycanda mətbuat və media azadlığına hörmət etməyə, ifadə azadlığının təmin edilməsinə, diffamasiya qanunvericiliyini qəbul etməyə, islahat və əhalinin sərbəst toplaşmaq azadlığına hörmət etməyə çağırıb.

ReAL Hərəkatının sədri İlqar Məmmədov bu il yanvarın 23-24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir. Barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Artıq birinci instansiya məhkəməsi onun həbs müddətini 3-cü dəfə uzadıb.

Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı növbədənkənar kommunikasıyaya başlayıb. İyunun 18-ə kimi Azərbaycan hökuməti İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin ünvanladığı suallara cavab verməlidir
XS
SM
MD
LG