Accessibility links

İlqar Məmmədovun barəsində məhkəmə qərarı təxirə salınıb [Audio-müsahibə]


İlqar Məmmədov

İlqar Məmmədov

Vəkil Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində məhkəmədə baş verənlərdən danışıb

Aprelin 22-də Şəki Apellyasiya Məhkəməsi REAL Hərəkatının lideri İlqar Məmmədovun və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun şikayətinə yenidən baxıb.

İ.Məmmədov və T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtisasların təşkilində ittiham edilərək mühakimə olunublar və müvafiq olaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Avropa İnsan Hüquqları Məhkəməsi həbs zamanı onların hüquqlarının pozulduğunu müəyyən edib və onların azadlığa buraxılması barədə qərar qəbul edib.

2015-ci il oktyabrın 13-də Azərbaycan Ali Məhkəməsi kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Bundan sonra işə baxılması bir neçə dəfə təxirə salınıb. T.Yaqublu isə 17 mart tarixli əfv ilə azad edilib.

Bu günki məhkəmə iclas zamanı İ.Məmmədovun vəkili həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun həbsdən azad edilməsi barədə vəsatət qaldırıb. Qeyd olunub ki, hələ 2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsini qanunsuz hesab edib.

Lakin məhkəmə şikayəti təmin etməyib. Bu barədə Amerikanın Səsinə vəkil Fuad Ağayev deyib.

Sonra müdafiə tərəfi işdə olan videomateriallara yenidən baxılması, həmçinin İsmayıllı hadisələrilə bağlı KİV-də dərc edilən materialların işə daxil edilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin edilib.

“Videokadrlar özü hər şeyi deyir və ittiham versiyasını rədd edir”, vəkil bildirib.

İ.Məmmədov və T.Yaqublu məhkəmədə çıxış edərək siyasi motivlərlə təqib olunduqlarını bildiriblər.

Sonda məhkəmə qərarın yenilənməsi üçün məşvərətə getdiyini elan edib. Qərarın açıqlanmasının vaxtı gələn həftə məlum olacaq.

Vəkil proqnoz verməkdən çəkinərək deyib ki, Avropa Məhkəməsinin qərarına uyğun olaraq İ.Məmmədov hələ 2014-cü ilin sonunda azadlığa buraxılmalı idi.

İ.Məmmədov iclasın sonunda zalda oturanlara bildirib ki, ona qarşı yeni təzyiqlərola bilər. O, ictimaiyyəti bunu diqqətdə saxlamağa çağırıb.

Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı İlqar Məmmədov və Tofiq Yaqublunu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG