Accessibility links

Müdafiə Komitəsi İlqar Məmmədov və Tofiq Yaqublunun həbsdən azad edilməsini tələb edir


Tofiq Yaqublunun Müdafiə Komitəsinin toplantısı

Tofiq Yaqublunun Müdafiə Komitəsinin toplantısı

Komitənin tərkibinə tanınmış qeyri-hökumət təşkilatlarının, KİV-lərin rəhbərləri, hüquq müdafiəçiləri daxil olub

İsmayıllı hadisələrinə görə həbs olunan Müsavat Partiyasının başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun Hüquqlarının Müdafiə Komitəsinin təsis toplantısı keçirilib.

Müsavat Partiyasının Mətbuat və İnformasiya müavinliyinin məlumatına görə, Müdafiə Komitəsinin iclasında çoxsaylı ictimai-siyasi xadimlər, hüquq müdafiəçiləri, ziyalılar, media rəhbərləri, ictimaiyyət və diplomatik korpus nümayəndələri iştirak edib.

Tofiq Yaqublunun Müdafiə Komitəsinin toplantısı

Tofiq Yaqublunun Müdafiə Komitəsinin toplantısı

Komitənin sədri Qubad İbadoğlu bildirib ki, qurum İsmayıllı hadisələrində həbs edilmiş digər siyasi məhbusları, həmçinin REAL-ın mövqeyini diqqətə almaq şərti ilə İlqar Məmmədovu da müdafiə edir.

O, həmçinin həbslərin səbəbləri haqda danışıb.

“İsmayıllıda baş verən hadisələr regiondakı sosial-iqtisadi vəziyyətlə bağlıdır”, qeyd edib.

İclasda T. Yaqublu, İ. Məmmədov və İsmayıllı hadisələri zamanı həbs olunan şəxslərin işinə ədalətli baxılması və sərbəst buraxılması ilə bağlı müraciət qəbul olunub.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib ki, T. Yaqublu İsmayıllıya sözügedən qəzetin əməkdaşı kimi gedib.

“Tofiq Yaqublunun ezamiyyətə göndərildiyi haqda sənəd Baş Prokurorluğa təqdim edilib. Ortada bu qədər sübut ola-ola, istintaq Tofiq Yaqublunun ora siyasətçi kimi getdiyini israr edir. Bu qərəzli yanaşmadır”.

R.Arifoğlu deyib ki, T. Yaqublunun həbsinin Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən hadisədə əsas təqsirləndirilənlərdən biri olan Gürcüstan vətəndaşı, axtarışda olan Mardun Qumaşyandan müsahibə alması, o cümlədən həmin şəxslə bağlı başqa materialları yazması əsas səbəblərdən biridir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər hesab edir ki, həbslər fəal insanların cəzalandırılması və cəmiyyətin gözünün qorxudulması məqsədi daşıyır.

“Bizim görəcəyimiz əsas iş həqiqəti demək, bu həbslərin bizi dayandırmayacağını nümayiş etdirməkdir. Hakimiyyət cəmiyyətlə müxalifət arasında sədd çəkmək istəyir. Biz isə buna qarşı getməliyik. Bölgələrə siyasətçilərin, medianın səfərləri tez-tez reallaşdırılmalıdır. Mitinqlər, piketlər və yürüşlər davam etdirilməlidir. Bu il Azərbaycanda dəyişikliklər zəruridir və labüddür”.

REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli Müsavat Partiyasının təşəbbüsünü müsbət dəyərləndirib.

“İlqar Məmmədovun prezidentliyə namizədliyi də irəli sürüləcək. Biz işimizi bu istiqamətdə quracağıq”.

Nigar Yaqublunun Hüquqlarını Müdafiə Komitəsinin sədri Mehriban Vəzir bildirib ki, N.Yaqublu bu gün azadlıqda olmasa da, müdafiə komitəsi cəmiyyətin hakimiyyətə müqavimətini təşkil edə bilib.

RATİ sədri Emin Hüseynov isə jurnalistlərin və QHT nümayəndələrinin İsmayıllıya səfər edib, hadisələri yerindəcə araşdırmaqla beynəlxalq təşkilatlara hesabat hazırlanmasını təklif edib.

Monitorinq qrupunun üzvü Səidə Qocamanlı məlum həbslərdən sonra müdafiə istiqamətində gördükləri işlərdən danışıb. O, bildirib ki, T.Yaqublunun və İ.Məmmədovun həbsi ilə bağlı ABŞ, Böyük Britaniya və Fransa səfirlikləri, Avropa İttifaqının Bakı ofisində görüşlər keçiriblər.

S.Qocamanlı məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubovla da görüşdüklərini, qarşıdakı günlərdə isə baş prokuror Zakir Qaralovla görüş planlaşdırdıqlarını bildirib.
XS
SM
MD
LG