Accessibility links

İlyas İsmayılov deputatların mandatdan məhrum edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib


İlyas İsmayılov
İlyas İsmayılov

Milli Məclisin iyirmiyədək belə deputatı var


Milli Məclisinin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov icra strukturlarında çalışan deputatların mandatdan məhrum edilməsi ilə bağlı noyabrın 18-də Konstitusiya Məhkəməsinə müraciət edib. Bu barədə Amerikanın Səsinə Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib.

Müraciətdə deyilir ki, konstitusiyasının və “Seçki Məcəlləsi”nin göstərilən imperativ tələblərinə baxmayaraq, bu gün Milli Məclisdə bəzi deputatlar icra sistemlərində və başqa yerlərdə ödənişli fəaliyyətlə məşğul olur (bəziləri hətta, iki və daha artıq vəzifə tutur).

“Bunlar universitet rektorları, açıq səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan digər şəxslərdir. Hesab edirəm ki, həmin şəxslərin Milli Məclisin deputatı olması konstitusiyanın 85 (Milli Məclis deputatlığına namizədlərə aid tələblər ) və 89-cu (Milli Məclis deputatlığından məhrumetmə və ya Milli Məclis deputatının səlahiyyətlərinin itirilməsi) maddələrinin tələblərinə daban-dabana ziddir”, sənəddə qeyd edilir.

Müşahidəçilər hesab edir ki, hazırda Milli Məclisin universitet rektorları, açıq səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri və sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul iyirmiyədək deputatı var.

“Beləliklə, bu dözülməz qanun pozuntuları aradan qaldırılmalı, həmin şəxslər ya deputat mandatından məhrum edilməli, ya da tutduqları vəzifələrdən qeyri-şərtsiz azad olunmalıdırlar. Bu kobud qanun pozğunluğuna rəvac verən və ona göz yumanlar isə şübhəsiz, cəzalandırılmalıdırlar”, İsmayılov qeyd edir.

Ədalət Partiyasının sədri bununla bağlı bu il aprelin 30-da prezident İlham Əliyevə müraciət edib.

“Xeyli müddətdən sonra Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyev eyni məzmunlu məktubla Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova müraciət etməyimi tövsiyyə etdi. 27.06.2013-cü il və 18.10.2013-cü il tarixlərində iki dəfə M.Pənahova məktub göndərdim. O isə qanuna hörmətsizliyini çox təəssüf ki, davam etdirməkdədir. Halbuki “Seçki Məcəlləsi”nin 173-cü maddəsinə əsasən “seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə tam xitam verdikdə MSK onu deputat kimi qeydə almalı və ona deputat vəsiqəsi verməli idi”. Habelə Seçki Məcəlləsinin 173.2-ci maddəsinə görə, namizəd bu Məcəllənin yuxarıda qeyd olunan 173.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə MSK həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət etməli və təkrar seçkilər keçirməli idi.

Göründüyü kimi MSK cənab M.Pənahovun rəhbərliyi ilə Azərbaycan Konstitusiyasının və “Seçki Məcəlləsi”nin göstərilən maddələrinin birmənalı tələblərini mənə məlum olmayan, hər bir halda dövlət maraqlarına zidd olan, niyyətlə kobud surətdə pozmuşdur!, İsmayılov müraciətində qeyd edir.

Deputat Konstitusiya Məhkəməsindən MSK tərəfindən ayrı-ayrı məmurların deputat kimi qeydə alınması və onları deputat vəsiqəsi verilməsinə dair qərarlarını qüvvədən düşmüş hesab etməsini xahiş edir.

Ədalət Partiyasının sədrinin məktubu ilə bağlı Mərkəzi Seçki Komissiyasından cavab almaq mümkün olmayıb. Belə ki, MSK-nin mətbuat xidmətinin telefonlarına cavab verən olmayıb.
XS
SM
MD
LG