Accessibility links

Cons Hopkins Universitetində forum: “Şimali Qafqazda böhran, Çıxış yolu varmı?”


Cons Hopkins Universitetində forum: “Şimali Qafqazda böhran, Çıxış yolu varmı?”

Cons Hopkins Universitetində forum: “Şimali Qafqazda böhran, Çıxış yolu varmı?”

Universitetin Mərkəzi Asiya və Qafqaz İnstitutunda bu başlıqla keçirilən forumun başlıca natiqi Rusiya Federasiyasının Çeçenistan Respublikasının sabiq xarici işlər naziri İlyas Əhmədov olub

Forumu giriş sözü ilə açan Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Fredirik Star forumun müzakirəçilərini iştirakçılara təqdim etdi. Onlar İlyas Əhmədovla yanaşı, Ceymstaun Fondunun prezidenti Qlen Hovard və CATO İnstitutunda Qlobal Azadlıqlar və Firəvanlıq Mərkəzində böyük elmi-tədqiqatçı doktor Andrey İllarionov idi.

Fredirik Starın qısa təqdimatından sonra söz alan Çeçenistan Respublikasının sabiq xarici işlər naziri İlyas Əhmədov Domodedovo hava limanında baş verən son terror aktını xatırladaraq bildirib ki, reallıq Kremlin Şimali Qafqazdakı siyasi haqda təqdim etdiyi mənzərədən tamamilə fərqlidir. Onun sözlərinə görə, 1994-cü ildə başlayan mübaribədə işlədilən “Asayişi bərpa etmək” şüarı Şimali Qafqazı cəbhə bölgəsinə çevirdi. 20 ay davam edən müharibənin Rusiya üçün demokratiya sınağı olduğunu bildirən cənab Əhmədov Kremlin bu imtahandan keçmədiyini dilə gətirdi: “Şimali Qafqazdakı hazırki vəziyyət də bir federasiya kimi Rusiya üçün bir sınaqdır və Moskva bu sınaqdan da keçməyib. 1999-cu ildə partlayışların birindən sonra Vladimir Putin terrorizmlə mübarizəni necə aparacağı barədə məşhur ifadəsini işlətmişdi. Bu çıxışın ardınca mümkün olmayan bir hadisə baş verdi, bütün Rusiya birləşdi, hamı – solçular, sağçılar, monarxistlər, demokratlar hamı terrorizm əleyhinə “Çeçenistanı məhv edin” şüarı altında birləşdi”.

Sabiq xarici işlər naziri deyir ki, birinci müharibədən hələ özünə gəlməyən Çeçenistan bununla da ikinci müharibəyə qədəm qoydu. Bu mərhələ isə yalnız Çeçenistanı deyil, həm də bütün vətəndaş cəmiyyətini məhv etdi. Bu gün baş verən terror aktlarının böyük əksəriyyətinin 17-20 yaşlarında gənclər tərəfindən həyata keçirildiyini xatırladan İlyas Əhmədov Rusiyanın yürütdüyü siyasət nəticəsində Şimali Qafqazda insanlar üçün yaşamağın artıq məna kəsb etmədiyini dilə gətirdi.

Şimali Qafqaz üzrə ekspertin sözlərinə görə, digər tərəfdən də Qərb Rusiyanın oyununa aldandı. Belə ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da terror aktı baş verəndə Vaşinqtonla narahatlığını bölüşən ilk ölkələrdən birinin Rusiya oldu. Qərb bundan sonra Rusiyanı terrorizmlə mübarizədə müttəfiqi kimi görməyə başladı. Cənab Əhmədovun sözlərinə görə, Kreml Qərbi Rusiyanın özünün Əl-Qaidəsi olduğuna inandırmağa çalışdı. “Rusiya üçün problemin yeganə həlli regionda ordunun çoxlması, zorakılıqdır. Bu siyasət nəticəsində isə bu gün Rusiyada insanları terror aktının olub-olmayacağı yox, harada və nə vaxt olacağı sualına cavab maraqlandırır”-deyə İlyas Əhmədov çıxışını başa çatdırdı.

Daha sonra mikrafon önünə keçən CATO İnstitutunda Qlobal Azadlıqlar və Firavanlıq Mərkəzində aparıcı elmi-tədqiqatçı, doktor Andrey İllarionov dedi ki, 1990-cı ilin əvvəllərində Çeçenistanın vəziyyəti Estoniya ilə eyni idi. Ekspertin fikrincə, Estoniyanın müstəqilliyini tanıyan Rusiya Çeçenistanın da müstəqilliyini tanımalı idi. Onun sözlərinə görə, nəticədə müstəmləkəçi müharibə vətəndaş mübaribəsinə çevrildi. Rusiyanın Cənubi Qafqazdakı roluna da toxunan cənab İllarionov bildirdi ki, Sovet İttifaqının sonunda və ittifaq dağılandan sonra Ermənistanla Azərbaycan arasında müharibə getdiyindən Moskva hər iki tərəfi idarə edirdi. O, indiki dövrdə Cənubi Qafqazın Şimaldan qat-qat təhlükəsiz olduğunu bildirdi. Tədqiqatçının fikrincə gec-tez Şimali Qafqazın xəritəsi dəyişəcək, bəzi respublikalar Rusiyanın tərkibindən çıxacaq.

Ceymstaun Fondunun prezidenti Qlen Hovard isə məsələyə fərqli aspektdən yanaşdı. Onun sözlərinə görə, o zaman Rusiya Çeçenistanda müharibəyə getmək əvəzinə sülhü bərqərar etsəydi, hazırda ölkədə vəziyyət indikindən yaxşı olardı. Cənab Hovard Amerikanın səsinə verdiyi açıqlamada hazırda Şimali Qafqaza qonşu ölkələrdən də terrorçuların gəldiyini bildirdi: “Unutmaq olmaz ki, Dağıstan Camaatının əvvəlki lideri Azərbaycandan olan ləzgi mənşəli şəxs idi. Ləzgilər Şimali Qafqaza gedərək ruslara qarşı döyüşlərə qoşulur. Bu isə sərhəddə ləzgi məsələsinə görə, böyük bir problemə çevrilir. Şimali Qafqazda cərəyan edən hadisələr Azərbaycandakı bəzi azlıqları döyüşə qoşulmağa cəlb edir. Döyüşmək üçün Dağıstana hətta qazaxlar da gəlir”.

Qlen Hovard qarşıdakı 10 il ərzində Rusiyanın necə olacağını sual etdi. Ciddi hadisələrin baş verəcəyini istisna etməyən ekspert ABŞ-ı və Qərbi bu barədə düşünməyə çağırdı. Onun fikrincə, Qərb bu barədə bu gün düşünməsə, 2014-cü ildə Qış Olimpiya oyunlarının keçirəcəyi Soçiyə yüzlərlə idmançı göndərəndə düşünməli olacaq. “Heç kəs Soçidə ikinci Domodedovo hadisəsinin baş verməyəcəyinə təminat altına almayıb”-deyə Qlen Hovard məruzəsini tamamlaydı.

Sonda isə natiqlər forum iştirakçılarının suallarını cavablandırdı.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG