Accessibility links

Emin Milli: "İmzalı foto satışı" kampaniyası parlamentin absurdluğunu göstərir [Yeniənib-Fotoqalereya]


Bu gün Bakı vaxtı ilə saat 16:00-dan 19:00-dək gənc fəalların başlatdığı yeni kampaniyada iştirak üçün bir çox insan Müsbət Dəyişiklik Gənclər Hərəkatının ofisinə gedib.

Gənc fəallar Emin Milli və Bəxtiyar Hacıyev öz fotolarını, fotoqraflar Cahangir Yusif və Mehman Hüseynov isə müəllif hüquqları özlərinə məxsus olan fotoları satışa çıxarıblar. Fəalların Amerikanın Səsinə verdiyi məlumata görə, kampaniya zamanı satışdan əldə olunan vəsaitin bir hissəsi son aksiyalar zamanı yüksək məbləğdə cərimələnən gənclərin cərimələrinin ödənilməsinə və yerdə qalan əksəriyyət təşkil edən digər hissə isə Türkiyə peykində yayımlanan MedyaTV vasitəsilə Azərbaycana ötürülən "Azərbaycan saatı" televiziya proqramına dəstək məqsədilə istifadə ediləcək.

Təşkilatçılar bildirib ki, bugünkü kampaniya zamanı 739.50 AZN toplanıb. Müsbət Dəyişiklik Gənclər Hərəkatından Nərmin Rəhimli Amerikanın Səsinə (www.amerikaninsesi.org) bildirib ki, bu məbləğin 300 manatı Bəxtiyar Hacıyevin, 439 manatı isə Emin Millinin fotolarının satışından əldə edilib. "Bu gün 30-dan çox ianə baş tutdu. Fotoqraflar Mehman Hüseynov və Cahangir Yusif isə satdıqları fotolardan əldə etdikləri gəliri Emin Millinin adından Azərbaycan Saatına ianə etdilər" - deyə N.Rəhimli bildirib.

Blogger Emin Milli isə Amerikanın Səsinə açıqlamasında bunun ilk addım olduğunu və belə kampaniyaları davam etdirməyi düşündüklərini bildirib: "Maraq çox idi, bir çox insan oxşar aksiyanı bir daha keçirməyimizi xahiş etdi". Blogger deyir ki, Azərbaycanın tanınmış insanları da bu kampaniyaya qoşula bilər, belə ki, onlar öz kitablarını, şeirlərini və s. məhsullarını satışa çıxara bilər. "Biz bu kampaniya ilə 3 məqamı diqqətə çatdırmaq istədik. Birincisi, parlamentin absurdluğunu, nə qədər absurd qərarlar qəbul etməsini, ikincisi, müxalifətin yeganə televiziyası olan "Azərbaycan saatı"na yardımla bağlı konkret məqsədi və üçüncüsü, demokratik hərəkatın genişlənməsi və yayılması üçün belə kampaniyaların vacibliyini." - deyə Emin Milli Amerikanın Səsinə bildirib.

Ümumilikdə, "İmzalı foto satışı kampaniyası" fevralın 17-si Bəxtiyar Hacıyevin təşəbbüsü ilə start götürüb. Gənc fəalın fotolarına 115 sifariş daxil olub və hazırda əldə etdiyi məbləğ 670 manatdan artıqdır. B.Haciyev əldə edəcəyi vəsaitlə MD-nin ofisinin icarə haqqının ödənilməsinə kömək etməyi, qalan pulu isə Azərbaycan Saatına ianə etməyi planlaşdırır.​
XS
SM
MD
LG