Accessibility links

İnformasiyanın psixoloji təhlükəsizliyi haqqında qanun layihəsi hazırlanır


İnformasiya azadlığı
İnformasiya azadlığı

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri bildirib ki, bu qanun həm bütün media məkanını, həm də interneti nəzarətdə saxlayacaq.

Azərbaycanda "İnformasiyanın psixoloji təhlükəsizliyi haqqında" qanun layihəsinin hazırlanması üzərində iş gedir. Bu barədə Trend agentliyinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda informasiya-psixoloji təhlükəsizliklə bağlı qanunun qəbulu çox önəmlidir.

"Hazırda biz bunun üzərində çalışırıq. İndi demək olar ki, dünyanın əksər ölkələri informasiya və psixologiya təhlükəsizliyi ilə bağlı qanun qəbul ediblər. Rusiyada isə bu qanun federal səviyyədə artıq qəbul edilmək üzrədir. Milli Məclis tərəfindən də belə bir qanunun qəbul edilməsi vacibdir. Bu qanun həm bütün media məkanını, həm də virtual informasiya məkanı olan interneti nəzarətdə saxlayacaq. Hərçənd, bu nəzarəti tam formada həyata keçirmək qeyri-mümkündür".

Millət vəkili hesab edir ki, bu gün bir sıra Azərbaycan gənclərinin radikal dini qruplaşmalara qoşulması, aldadılaraq Suriyadakı hərbi münaqişələrə cəlb olunması onlara ötürülən yanlış informasiyaların təsiri altına düşmələrinin nəticəsidir.
R.Aslanova xatırladıb ki, Milli Məclisin son plenar iclasında digər deputatlar da bəzi internet saytlarında insanların Suriyadakı döyüşlərə cəlb edilməsinə çağırış edildiyi, oraya muzdlu əsgərlər göndərilməsini təşkil edildiyi barədə məlumat veriblər.

Millət vəkilinin fikrincə, mütləq qeyd edilən bu halların qarşısını almaq lazımdır. İlk baxışdan çox sadə görünsə də, əslində bir saytın bağlanması çox çətin və uzun sürən prosesdir. Buna baxmayaraq, beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan da bu istiqamətdə addım atmalıdır: "Ötürülən hər bir informasiyanın əsl mahiyyətini, məzmununu sonadək dərk edərək ona qarşı güclü milli-mənəvi müqavimət qüvvəsi formalaşsa, fərdə, cəmiyyətə, dövlətə qarşı yönələn hər bir təhdidin qarşısı alınacaq. Bu gün Azərbaycana qarşı müxtəlif yerlərdən təhdidlər yönəlir. Hər bir kəs bilməlidir ki, dövlət sərhədlərimizin qorunması ilə yanaşı, mənəviyyatımızın sərhədlərinin qorunması, milli dəyərlərimizin də qorunması bizim üçün çox önəmlidir. Biz kosmopolit insanlar ola bilmərik. Çünki kosmopolitizm artıq dövlətimizin məhvinə aparan, milli suverenliyimizi virtual gerçəkliyə çevirən bir məqamdır. Ona görə də inanıram ki, belə bir qanunun qəbul edilməsi çox önəmli olacaq".

Öz növbəsində Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov Amerikanın Səsinə belə bir qanun layihəsi ilə tanış olmadığını bildirib.

“İnsan Hüquqları Komitəsinə "İnformasiyanın psixoloji təhlükəsizliyi haqqında" qanun layihəsi daxil olmayıb”, o qeyd edib.
XS
SM
MD
LG