Accessibility links

Siyasi Məhbusların Müdafiə Mərkəzi təsis edilib


Siyasi Məhbusların Müdafiə Mərkəzi

Təsisçiləri Leyla Yunus, Oqtay Gülalıyev və Elşən Həsənov olan Siyasi Məhbuslar üzrə İşçi Qrupunu (160 nəfərlik siyahı) Siyasi Məhbusların Müdafiə Mərkəzi adlandırılmaq qərarı qəbul edib.

Bu qərar yanvarın 27-də keçirilən toplantıda siyasi məhbusların müdafiə işinin daha sistemli və effektli qurulması zərurəti ilə əlaqədar qəbul olunub.

Toplantı iştirakçıları ölkədə siyasi represiyaların güclənməsindən, siyasi məhbusların sayının artmasından ciddi narahatlıq ifadə ediblər.

SMMM-in tərkibinə Mehman Əliyev (“Turan” İnformasiya Agentliyinin direktoru), Eldəniz Quliyev (Ziyalılar Birliyinin sədri), Rövşən Əhmədli (Qarabag Ugrunda İslami Müqavimət Hərəkatının sədri), Oqtay Gülalıyev (hüquq müdafiəçisi), Əvəz Zeynallı (“Xural” qəzetinin baş redaktoru), Leyla Yunus (hüquq müdafiəçisi), Elşən Həsənov (hüquq müdafiəçisi), Hilal Məmmədov (hüquq müdafiəçisi) və Taleh Xasməmmədov (hüquq müdafiəçisi) daxil edilib.

Oqtay Gülalıyev SMMM-nin koordinatoru, Leyla Yunus xarici əlaqələr üzrə məsul şəxs seçilib. Koordinatorun rotasiyası hər üç ayda bir keçiriləcək.

İclasda siyasi məhbuslar siyahısı yenilənib. Azadlığa buraxıldığına görə “Nardaran işi” ilə bağlı həbs olunmuş Əbülfəz Bünyatovun adı siyahıdan çıxarılıb. Siyahıya 8 nəfərin adı daxil edilib. Bunlar 22 dekabr 2016-cı il tarixdə Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərin sosial problemlərin həlli tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında keçirdikləri dinc yürüş-mitinq zamanı həbs olunan Quliyev Ülvi Məhəmməd oğlu, İsgəndərov İlkin Füzuli oğlu, Quliyev Cəlal Ədil oğlu, Fehruzlu Zaur Təbriz oğlu, Alməmmədov Gülağa Vəli oğlu, “Nardaran işi” ilə bağlı həbs olunmuş Şahbazov Faili Atabala oğlu, jurnalistlər Sadıqov Əfqan Hətəmxan oğlu və İkram Rafiq oğlu Rəhimovdur.

Hazırda SMMM-in siyasi məhbus siyahısında 167 nəfərin adı var.

XS
SM
MD
LG