Accessibility links

USAİD və ATƏT Azərbaycanda insan alverinə qarşı mübarizəni dəstəkləyir


USAİD və ATƏT Azərbaycanda insan alverinə qarşı mübarizəyə dəstək üzrə sənəd imzalayıb
USAİD və ATƏT Azərbaycanda insan alverinə qarşı mübarizəyə dəstək üzrə sənəd imzalayıb

Noyabrın 20-də Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Azərbaycanda insan alverinə qarşımübarizə sahəsində əməkdaşlıq etmək və bu mübarizəni dəstəkləmək məqsədi ilə bəyannamə imzalayıb. Sənədi ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan və ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Aleksis Şahtahtinski imzalayıb.

Qrant layihəsi üç il ərzində həyata keçiriləcək.

Aleks Şahtaxtinski və Derek Hoqan bəyannamə imzalayır
Aleks Şahtaxtinski və Derek Hoqan bəyannamə imzalayır

Sənəddə deyilir ki, görüləcək işlərin əsas məqsədi insan alveri üzrə ictimai maarifləndirməni artırmaq, habelə insan alveri və məcburi əməyin qurbanları olan qadın, kişi və uşaqlar üçün nəzərdə tutulmuş sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki yardım və maliyyə köməkliyi göstərməkdir. Bundan başqa, layihə dəyirmi masa müzakirələrinin təşkili və hökumət üçün tövsiyələrin hazırlanması yolu ilə insan alverinin bütün formalarının qarşısının alınması sahəsində çoxtərəfli əlaqələndirmə və əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.

Derek Hoqan bildirib ki, imzalanan bəyannamə ABŞ-ın USAİD vasitəsi ilə Azərbaycandakı tərəfdaşlarına insan alveri ilə mübarizə sahəsində köməklik göstərməkdə qərarlı olduğunu göstərir.

“Azərbaycan hökuməti insan alverinin qarşısını almaq üçün konkret tədbirlər görüb. Buraya insan alveri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə müvafiq işçilərə təlimlərin keçirilməsi daxildir. Həmçinin, Azərbaycan hökuməti insan alverinin qurbanlarının mühafizəsi sahəsində irəliləyişlərə nail olub. Eyni zamanda, məhdud imkanlara baxmayaraq vətəndaş cəmiyyəti təşkilatları da qurbanlara yardım göstərməkdə davam edir”, o qeyd edib.

Derek Hoqan hesab edir ki, ABŞ hökuməti və ATƏT insan alveri ilə mübarizədə Azərbaycana dəstək göstərmək üçün uğurla işləyib.

“Biz 842 insan alveri qurbanına və ehtiyacı olan şəxslərə yardım göstərmiş QHT-lərin idarə etdiyi üç sığınacağa birgə dəstək göstərmişik. Biz həmçinin insan alveri qurbanlarının müəyyən olunması və onların müvafiq yardıma yönəldilməsi üzrə ən qabaqcıl təcrübəyə dair təlimlər keçmişik, habelə insan alveri sahəsində yeni istiqamətlərə dair müxtəlif tərəflərin müzakirələrini təşkil etmişik”, Hoqan bildirib.

ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtahtinski deyib ki, layihə Azərbaycan hökuməti tərəfindən 2014-cü ilin iyununda təsdiq olunub və müasir köləliyin bu formasının 21-ci əsrdə yer almaması üçün səyləri birləşdirmək üçün çox vacibdir.

Azərbaycan Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə baş idarəsinin rəisi Şərif Əsədullayev isə öz növbəsində bildirib ki, nazirliyin insan alverinə qarşı mübarizə üzrə strukturunun yaradılması və kadrlara təlimlərin keçirilməsində, kadr seçimində ABŞ və ATƏT yardım edib.

“Yeni milli fəaliyyət proqramında da ABŞ və ATƏT-in təklifləri nəzərə alınıb. Fəaliyyət proqramının icrasına 29 dövlət qurumu və 45 QHT cəlb olunub”.

Onun sözlərinə görə ABŞ Dövlət Departamentinin Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə 8 tövsiyəsinin yerinə yetirilməsi başa çatmaq üzrədir.

“Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ATƏT və ABŞ səfirliyi ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək”, o qeyd edib.

XS
SM
MD
LG