Accessibility links

“Bu məntiqlə hər küçədə həbsxana açılmalıdır”, beynəlxalq təşkilatlar Azərbaycanı jurnalistləri həbsdən azad etməyə çağırıb


Dunya Miyatoviç Bakıda mətbuat konfransında

Dunya Miyatoviç Bakıda mətbuat konfransında

ATƏT, Aİ və AŞ nümayəndələri Bakıdan insan hüquqları ilə bağlı öhdəliklərə əməl edilməsini tələb edib

Azərbaycan könüllü olaraq insan hüquqları və ifadə azadlığı sahəsində öhdəliklər götürüb, onlara riayət etməlidir. Bu fikir bu gün ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç, AŞ-ın insan hüquqları üzrə komissarı Nils Muiznieks və Avropa Komissiyasının elektron gündəlik üzrə vitse-prezidenti Neli Kroesin jurnalistlərlə görüşündə səslənib.

Onların səfəri noyabrın 6-9-da Bakıda keçirilən Qlobal İnternet İdarəçilik Forumuna həsr olunub.

Dünən Miyatoviç və Muiznieks Kürdəxanı istintaq təcridxanasında həbsdə olan jurnalistlər Əvəz Zeynallı, Hilal Məmmədov, Fərəməz Allahverdiyev və Vüqar Qonaqova baş çəkiblər.

Xanım Miyatoviç qeyd edib ki, həbsdə olan jurnalistlər saxlanma şəraitlərindən şikayət etməyib. “Lakin onların hüquqlarının təmin edilməsi üçün bu, kifayət deyil, onlar azadlıqda olmalıdırlar”.

Beynəlxalq təşkilatların nümayəndələri jurnalistlərə mətbuat və ifadə azadlığı sahəsində vəziyyət barədə fikirlərini bildirməyi təklif edib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) nümayəndəsi İdrak Abbasov bildirib ki, vəziyyət heç də ürəkaçan deyil. “Bizdə həbs olunmuş jurnalistlər var, faktiki olaraq, reklam bazarı yoxdur, telekanallar hökumətin tam nəzarəti altındadır, ölkədə 2-3 müstəqil qəzet qalıb”, deyə Abbasov bildirib.

Həbsdə olan jurnalistlərin sayı 9 nəfərdir, bundan başqa, üç hüquq müdafiəçisi də həbsdədir. Ölkədə jurnalistlərə qarşı törədilən cinayətlərə görə cəzasızlıq mühiti hökm sürür.

“Monitor” jurnalının redaktoru Elmar Hüseynovun 2005-ci ildə törədilmiş qətlinin üstü indiyədək açılmayıb. Sonrakı dövrlərdə jurnalistlərə qarşı bir sıra ağır cinayətlər törədilib, lakin heç birinin üstü açılmayıb və heç kim cəzalandırılmayıb.

Dunya Miyatoviç Bakıda mətbuat konfransında

Dunya Miyatoviç Bakıda mətbuat konfransında

“Novruzəli Məmmədov həbsdə vəfat etdi. Ötən il publisist Rafiq Tağı öldürüldü, lakin buna görə heç kim cəzalandırılmadı”, deyə o bildirib.

İnternetə gəlincə, İnternetə azad çıxış hələ ifadə azadlığı demək deyil. “İnsanlar facebook-da paylaşdıqları fikirlərinə görə cəzalandırıla bilər, onların qohumları ziyan çəkə bilər. Bundan başqa, elektron yazışmalar nəzarət altındadır”, deyə Abbasov qeyd edib.
Qlobal İnternet İdarəçiliyi Forumu və beynəlxalq təşkilatların nümayəndələrinin səfəri günlərində “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulması mətbuat azadlığı vəziyyətinin göstəricisidir, deyə o bildirib.

“Azadlıq” qəzetinin baş redaktor müavini Rəhim Hacıyev qəzetin baş redaktorunun və onun satirik şerlərin müəllifi olan qardaşının həbs edildiyini, redaksiyanın daha iki əməkdaşının oğurlanaraq döyüldüyünü, daha iki nəfərin fiziki təzyiqlərə məruz qaldığına diqqət çəkib. “İndi hakimiyyət “Azadlıq”ı iqtisadi cəhətdən batırmağı qərara alıb”, deyən Hacıyev məhkəmə cərimələrinin ümumi məbləğinin 65 min manatdan çox olduğunu vurğulayıb.

“Bu proses dayandırılmasa qəzet məhv olacaq”, deyən redaktor müavini beynəlxalq təşkilatları prinsipiallıq nümayiş etdirərək, hakimiyyətdən mətbuat azadlığı sahəsindəki öhdəliklərinə riayət etməyi tələb etməyə çağırıb.

Xanım Miyatoviç bununla əlaqədar qeyd edib ki, problemlərdən xəbəri var və rəsmi Bakı qarşısında onları qaldıracaq.

O qeyd edib ki, jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlıq ciddi problem olaraq qalır. “Bu cinayətlərin təkcə icraçıları deyil, sifarişçiləri də cəzalandırılmalıdır”, deyə o bildirib.

Dunya Miyatoviç

Dunya Miyatoviç

Öz növbəsində, Neli Kroes Azərbaycanda ifadə azadlığı sahəsində vəziyyət barədə suala cavabda vəziyyətin “pis” olduğunu qeyd edib. Azərbaycan Avropa Şurasına daxil olarkən könüllü olaraq insan hüquqları və ifadə azadlığı sahəsində öhdəliklər götürüb.

AŞ komissarı Muiznieks İnternetin tənzimlənməsi haqqında suala cavabda qeyd edib ki, kibercinayətlərə, irqi ayrı-seçkiliyə, uşaq pornoqrafiyasına qarşı Avropa Konvensiyaları var, habelə Avropa presedent hüququ mövcuddur. Buna görə, İnternetdə bütün məhdudiyyətlər qanunlarda açıq-aşkar yazılmalı, adekvat olmalı və məhkəmə qərarları əsasında tətbiq edilməlidir.

Müzakirələr zamanı hökumətyönlü mətbuat nümayəndələri məsələni jurnalistlərin peşəkarlığının kifayət qədər olmaması və “mətbuatın siyasiləşdirilməsi”, ifadə azadlığından sui-istifadə ilə əlaqələndirməyə çalışıblar. Belə ki, Mətbuat Şurasının üzvü

Müşfiq Ələsgərli “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun jurnalistlərə aid edilməsi ilə razılaşmayıb.

Buna cavabda Miyatoviç bildirib ki, onlar üçün hüququ pozulan insanın kim olduğu önəmli deyil.

“Mən ifadə azadlığına görə zərər çəkən hər kəsi müdafiə edirəm və bu, təmsil etdiyim təşkilatın missiyasıdır. Tənqid bəzən ədalətli olmasa belə, ona qarşı dözümlü olmaq lazımdır, deyə Miyatoviç qeyd edib.

Neli Kroes qeyd edib ki, “regionda mürəkkəb vəziyyət” də daxil olmaqla, heç nə azadlıqların pozulmasına bəraət qazandıra bilməz.

“Azadlıqların təmin edilməsi məsələsində güzəşt ola bilməz”, deyən Kroes İnternetin azad debatlar üçün meydan olmalı və insanların qorxmadan ondan istifadə etməli olduğunu qeyd edib.

Nils Muiznieks qeyd edib ki, “peşəkarlığın kifayət qədər olmaması” və mətbuatın siyasiləşdirilməsi insanların həbsi üçün əsas ola bilməz.

“Bu məntiqlə hər küçədə həbsxana açılmalıdır, deyə AŞ komissarı bildirib.

O, Azərbaycan parlamentinin icazəsiz mitinqlərə görə cərimələrin dəfələrlə artırılması haqqında bu yaxınlarda qəbul etdiyi qərarı tənqidi qiymətləndirib.

Komissar bildirib ki, 2013-cü ilin birinci yarısında Azərbaycana gələcək və sonradan insan hüquqları sahəsində vəziyyət haqqında məruzə hazırlayacaq.

Sonda o bildirib ki, beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda bütün jurnalistlərin və blogerlərin azad edilməsini, onların təqibinə son qoyulmasını, diffamasiyaya görə cinayət təqibinin ləğv edilməsini, ifadə, toplaşma, birləşmə və s. azadlıqların təmin edilməsini zəruri sayır.
XS
SM
MD
LG