Accessibility links

BMT-də Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı tənqidlər


BMT-nin İnsan Hüquqları Şurası

BMT-nin İnsan Hüquqları Şurası

BMT İnsan Hüquqları Şurasında Azərbaycan hökumətinin universal hesabatı müzakirə edilib

Aprelin 30-da Cenevrədə BMT İnsan Hüquqları Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycanda bu sahədə vəziyyətlə bağlı hökumətin universal hesabatı müzakirə edilib.

Rəsmi Bakının nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfov hesabatı təqdim edərək insan hüquqlarının təminatı üzrə tədbirlərdən danışıb.

O, Azərbaycanın İşgəncələr Əleyhinə Konvensiyaya qoşulduğunu və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun Avropa standartlarına uyğunlaşdırıldığını bildirib.

X.Xələfov şikayətlənib ki, mitinq təşkilatçıları aksiyanı bir yerdə təyin edirlər, amma başqa yerdə keçirirlər ki, bu da inzibati məsuliyyətə gətirib çıxarır.

Ədliyyə nazirinin müavini Toğrul Musayev müzakirə iştirakçılarının suallarını cavablandırarkən məhkəmə islahatı, məhkəmələrin fəaliyyətinin müstəqil orqan - Məhkəmə-Hüquq Şurası tərəfindən tənzimlənməsindən danışıb. O, yeni yaradılmış inzibati-iqtisad məhkəmələrinin effektivliyinə toxunub.

T.Musayev QHT-lərin fəaliyyəti üçün problemin olmadığını bildirib. 3000 QHT qeydiyyata alınıb və qeydiyyat səviyyəsi 20% artıb. Bundan əlavə, QHT-lər qeydiyyatsız da fəaliyyət göstərə bilər. QHT haqqında qanunvericiliyə son düzəlişlərə gəlincə, bu onların fəaliyyətinin nizama salınması üçün edilib.

O həmçinin qeyd edib ki, nadir hallarda Ədliyyə Nazirliyi QHT-nin qeydiyyatının ləğvi üçün məhkəməyə müraciət edib.

Prezident Administrasiyası insan hüquqları sektorunun müdiri Çingiz Əsgərov bildirib ki, diffamasiyaya görə cəza Avropa qanunları praktikasına uyğundur.

Müzakirələr zamanı postsovet ölkələrinin nümayəndələri Azərbaycanda vəziyyəti tərif ediblər. Avropa və ABŞ nümayəndələrinin əksəriyyəti isə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti tənqid ediblər.

Almaniyalı nümayəndə AŞPA-nın tələblərinə hörmətlə yanaşmağa, mitinqlərə icazə verməyə, mətbuata təzyiqlərə son qoymağa çağırıb.

Fransada olan nümayəndə hakimiyyətə təklif edib ki, mitinqlərin yerinin müəyyən edilməsi üçün vətəndaş cəmiyyəti ilə dialoqa başlasın, vətəndaşların öz fikirlərini sərbəst ifadə etməsi üçün şəraiti təmin etsin.

Macarıstan təmsilçisi razılaşdırılmamış mitinqlərdə iştiraka görə cəzanın adekvat olmadığını qeyd edib.

Polşa nümayəndəsi Azərbaycan həbsxanalarında ölümlə nəticələnən işgəncə faktlarından narahatlığını bildirib, belə halların araşdırılmasının vacibliyini vurğulayıb.

Slovakiyalı nümayəndə dinc nümayişçilərə qarşı zorakılığa son qoyulmasına çağırıb.

Böyük Britaniya təmsilçisi qeyd edib ki, seçki ilində dinc toplaşmaların təmin edilməsi, hüquq müdafiəçilərinə və jurnalistlərə təzyiqlərə son qoyulması çox vacibdir.

ABŞ təmsilçisi jurnalistlərin həbsindən narahatlığını bildirərək KİV işçilərini və fəalları azad etməyə, şəhərin mərkəzində mitinqlərin keçirilməsini təmin etməyə, QHT-lərin fəaliyyəti üçün maneələri aradan qaldırmağa çağırıb.

Səslənən tənqidlərə münasibətini bildirən X.Xələfov deyib ki, Azərbaycan dialoq üçün açıqdır. Onun sözlərinə görə, ölkə hüquq-müdafiə mandatı olan bütün təşkilatlar üçün açıqdır. Nazir müavini Azərbaycanın azad, ədalətli seçkilər keçirmək, Avropa institutları ilə əməkdaşlığı davam etdirmək əzmində olduğunu bildirib.

Onun sözlərinə görə, siyasi və vətəndaş hüquqları sahəsində böyük nailiyyətlər əldə olunub, lakin müəyyən çatışmazlıqlar da var. İnsan hüquqları probleminə gəlincə, onların bəzisi qanunların tətbiqi, digərləri Azərbaycan torpaqlarının işğalı faktı ilə bağlıdır.

83 dövlət hesabatla bağlı Azərbaycan hökumətinə öz tövsiyəsini irəli sürüb. 6 ay ərzində hökumət bu tövsiyələri ya qəbul ya rədd etməlidir.

Qeyd edək ki, yerli və beynəlxalq hüquq müdafiəçiləri BMT İnsan Hüquqları Şurasına Azərbaycanda vəziyyətlə bağlı alternativ hesabat təqdim ediblər.
XS
SM
MD
LG