Accessibility links

Freedom House: Azərbaycanda repressiyalar dalğası pik həddinə çatıb


Freedom House

Freedom House

Freedom House hüquq müdafiə təşkilatı dünyada azadlıqların vəziyyəti haqqında ənənəvi illik hesabatını yayıb.

Keçmiş SSRİ ölkələri arasında Azərbaycan Türkmənistan və Özbəkistandan sonra ən avtoritar rejimlərdən biridir.

“Azərbaycanda fərqli düşüncəyə dözümsüzlüyü ilə səciyyələnən və vətəndaş azadlıqlarına və siyasi hüquqlara məhəl qoymayan avtoritar rejim hökm sürür”, deyə hesabatda bildirilir.

Rejimin sərtləşməsi 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başlayıb. 2003-cü ildə hakimiyyət İlham Əliyevə təhvil verildikdən sonra ölkədə repressiyalar kəskin şəkildə güclənib.

Hakimiyyət ölkəni əhalisinin əksəriyyəti müsəlman olan müasir, dünyəvi dövlət, təhlükəli bölgədə sabitlik adası kimi qələmə verməyə çalışır.

Dövlət özünə tabe etmək və tənqidə görə cəzalandırmaq, KİV-i nəzarəti altına götürmək, rəsmi təbliğatın üstünlüyünü təmin etmək üçün repressiv qanunvericilikdən və məhkəmə sistemindən istifadə edir.

Hökumət bütün digər siyasi qüvvələri və müxalifət partiyalarını məhv edib, hakim “Yeni Azərbaycan” Partiyası üçün azad səhnə yaradıb.

Hakimiyyətin sabitliyin müdafiəsi adı altında növbəti repressiyalar dalğası 2009-cu ildə başlayıb, 2014-cü ildə pik həddinə çatıb.

Bir il ərzində hüquq müdafiəçiləri, jurnalistlər və rejimin digər tənqidçiləri cinayət ittihamlarına, fiziki və maliyyə təqiblərinə məruz qalırdılar. Çox sayda QHT və onların bank hesabları dondurulub, bir çoxları bağlanmaq və ya ölkəni tərk etmək məcburiyyətində qalıb.

Gənclər təşkilatları və onlarla əlaqəli olan blogerlər hakimiyyətin hücumlarının əsas obyektinə çevrilib.

Azərbaycanın bir neçə strateji müttəfiqi vətəndaş cəmiyyətinə təzyiqin güclənməsi ilə bağlı narahatlığını ifadə edib, amma rejim insan hüquqlarının pozulmasına görə istənilən tənqidi qətiyyətlə təkzib edir.

2014-cü ilin sonlarında Əliyevin Prezident Administrasiyasının rəhbəri açıq-aşkar ABŞ-ı hökuməti devirmək məqsədilə QHT-lərlə əlbir olmaqda ittiham edib, deyə hesabatın xülasəsində bildirilir.

Bu çoxsəhifəlik sənəddə son on ildə ölkənin siyasi və sosial həyatının bir neçə aspekti üzrə vəziyyətin necə dəyişdiyinin təhlili verilir.

Seçki prosesi; Vətəndaş cəmiyyəti; Müstəqil KİV; Milli-demokratik idarəetmə; Yerli özünüidarə; Məhkəmə sisteminin müstəqilliyi; Korrupsiya; Demokratiyanın vəziyyəti. Bütün bu istiqamətlər üzrə ciddi pisləşmə qeydə alınıb.

XS
SM
MD
LG