Accessibility links

Vəkillər İntiqam Əliyevə bəraət istəyib [Video]


Vəkillər son sözlə çıxış edib. Hüquq müdafiəçisi ittihamları sifariş hesab edir

Aprelin 21-də hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə məhkəmə prosesində təqsirləndirilən şəxsin vəkilləri son sözlə çıxış edib.

Şəhla Hümbətova İntiqam Əliyevə qarşı bütün ittihamların əsassız olduğunu bildirib.

İttihamın əsası qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmədən layihələrin həyata keçirilməsindən ibarət idi, bu, “qanunsuz sahibkarlıq” kimi tövsif edilib.

Lakin Əliyev qrantları Ədliyyə Nazirliyinə təqdim edib, nazirlik isə hələ də qeydiyyat haqqında məlumatları təqdim etməyib.

2013-cü ilə qədər Ədliyyə Nazirliyi bu məlumatı öz saytında yerləşdirirdi, amma sonradan onu saytdan yığışdırıb, lakin Hüquq Maarifçiliyi Cəmiyyətinin qrantlarının qeydiyyatı haqqında məlumat yer alan səhifənin “KEŞ-variantı” qalıb.

“Mənimsəmə” haqqında ittiham da əsassızdır, belə ki, bu, “başqasının əmlakının” oğurlanmasını və ya mənimsənməsini nəzərdə tutur. Bu halda söhbət qrantlardan - donorların əmlakından gedir. Lakin donorlar iradları olmadığını bildiriblər və layihələrin həyata keçirilməsindən məmnun olduqları barədə sənədlər təqdim ediblər.

“Mənimsəmə” ittihamı Hüquq Maarifçiliyi Cəmiyyətinin keçmiş mühasibi Gülşən Orucovanın Əliyevin tapşırığı ilə pulu bacısının hesabına köçürdüyü, daha sonra Əliyevə verdiyi barədə dəlilsiz iddialarına əsaslanır. Lakin iş materiallarında Əliyevin imzaları açıq-aşkar saxtalaşdırılıb, məhkəmə isə ekspertiza haqqında vəsatətləri təmin etməyib.

Vəkil Cavad Cavadov qeyd edib ki, 2014-cü ilin avqustunda Əliyev həbs edilərkən onun təqsirinin heç bir sübutu yox idi, belə ki, “mənimsəmə” və “vergi ödənişindən yayınma” ittihamları noyabrda irəli sürülüb.

O, Əliyevin təqibinin hüquq müdafiə fəaliyyəti ilə əlaqədar siyasi motivli olduğunu bildirib.

Vəkil Elçin Sadıqov vergi ödənişindən yayınma ittihamlarının əsassız olduğunu bildirib. Belə ki, həmin vaxt qrantlara ƏDV tətbiq edilmirdi.

Vəkil Fəxrəddin Mehdiyev Əliyevi ziyalı və beynəlxalq aləmdə tanınmış hüquqşünas adlandırıb və onu “dürüstlük və vicdanlılıq” etalonu kimi səciyyələndirib.

Bütün vəkillər məhkəməni Əliyevə bəraət verməyə çağırb.

Hakim Rasim Sadıqov Əliyevin özünün yekun çıxışını aprelin 22-nə təyin edib.

XS
SM
MD
LG