Accessibility links

İntiqam Əliyev dünyanın ən yaxşı hüquq müdafiəçisi mükafatına layiq görülüb


“People İn Need” _logo

“People İn Need” _logo

“People İn Need” təşkilatı bildirir ki, Əliyev Avropa Məhkəməsinə 200-dən çox işin göndərilməsini təmin edib, 40 halda müvəkkillərinin hüquqları bərpa edilib

Praqada yerləşən “People İn Need” beynəlxalq qeyri-hökumət təşkilatı Azərbaycan hüquqşünası, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevi 2012-ci ildə dünyanın ən yaxşı hüquq müdafiəçisi mükafatına layiq görüb.

O, bu mükafata cəsurluğuna və hüquq-müdafiə fəaliyyətində müstəsna məqsədyönlülü fəaliyyətinə görə layiq görülüb. Mükafatı təqdimetmə mərasimi martın 4-də Praqada İnsan hüquqları üzrə Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı çərçivəsində keçiriləcək.

İntiqam Əliyev Avropa Məhkəməsinə 200-dən çox işin göndərilməsini təmin edib, 40 halda Strasburq Məhkəməsi onun müvəkkillərinin hüquqlarını bərpa edib
Bu, seçki hüququ, sərbəst toplaşmaq azadlığı, söz azadlığı və ədalətli məhkəmə təhqiqatı hüquqlarının pozulması ilə bağlı işlərdir.

Bundan başqa, Əliyev dinc etiraz aksiyalarının həbs edilmiş iştirakçılarına hüquqi yardım göstərir. “İntiqam Əliyev Azərbaycanda ədalətsiz olaraq təqib olunan insanların müdafiəsində ən cəsur və ardıcıl hüquq müdafiəçilərindəndir”, deyə People İn Need-in demokratiyanın və insan hüquqlarının inkişaf mərkəzinin direktoru Mark Svoboda bildirib.

Onun sözlərinə görə, Əliyevin fəaliyyətinə yüksək qiymət verən təşkilat eyni zamanda Azərbaycanda repressiyalara və demokratiyanın pozulmasına diqqət çəkir.

Üç həftə əvvəl Bakıda bölgələrdə xalq iğtişaşlarının iştirakçılarına qarşı repressiyalara etiraz aksiyası keçirilib. Bu aksiya zamanı İntiqam Əliyev saxlanılıb.

20 ildən çox peşəkar fəaliyyəti ərzində İntiqam Əliyev yüzlərlə insanın - jurnalistlərin, blogerlərin, fəalların, hüquq müdafiəçilərinin hüquqlarını müdafiə edib.

Sözügedən mükafat 1994-cü ildən təqdim edilir. Onun laureatları Çin dissidenti Lyu Syabo (sonradan Nobel Sülh Mükafatına layiq görülüb), Belarusiyalı hüquq müdafiəçisi Ales Belyatski və başqaları olub.
XS
SM
MD
LG