Accessibility links

İntiqam Əliyev: Demokratik seçki bəyanatları riyakarlıqdır [Video-Müsahibə]


İntiqam Əliyev: Demokratik seçki bəyanatları riyakarlıqdır
please wait

No media source currently available

0:00 0:08:51 0:00

İntiqam Əliyev: Demokratik seçki bəyanatları riyakarlıqdır

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri beynəlxalq təşkilatları və diplomatları tənqid edir

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev Amerikanın Səsinə müsahibəsində seçkiqabağı durumdan danışıb, iqtidarın, bəzi beynəlxalq təşkilatların və diplomatların demokratik seçki vədləri ilə bağlı bəyanatlarını tənqid edib.

Sual: Azərbaycan rəsmiləri mövcud hüquqi sənədlərlə ölkədə demokratik, azad və ədalətli seçkilər keçirməyin mühümlüyünü qeyd edir. Siz necə hesab edirsiniz, mövcud hüquqi sənədlərlə demokratik, azad və ədalətli seçki keçirmək mümkündürmü?

Əsas problemlər ölkədə azad və ədalətli seçkilərin keçirilməsinə hakimiyyətin iradəsinin olmamasıdır.
Cavab: “Seçki Məcəlləsi” və seçki ilə bağlı digər normativ aktlar yetərincə qüsurludur. Seçki Komissiyalarının tərkibi, proporsional seçki sisteminin olmaması, seçki şikayətlərinə baxılması, səsvermə normaları ilə bağlı elə müddəalar qanunvericiliyə salınıb ki, onlar azad seçki keçirilməsinə imkan vermir.

Amma, bununla yanaşı çoxsaylı ekspertlərin fikirlərini bölüşürəm ki, əsas problemlər seçki qanunvericiliyi ilə bağlı deyil. Əsas problemlər ölkədə azad və ədalətli seçkilərin keçirilməsinə hakimiyyətin iradəsinin olmamasıdır. Siyasi iradə olsa idi hətta bu qanunlarla ölkədə ədalətli seçkilər keçirmək olardı.

Amma, Azərbaycan hakimiyyəti ölkədə ədalətli seçkilərin keçirilməsində maraqlı deyil. Ədalətli seçkiləri öz hakimiyyəti üçün ciddi təhlükə hesab edir. Ona görə də, pis qanunlarla, pis “Seçki Məcəlləsi” ilə yanaşı siyasi iradənin olmaması bu ölkədə seçkilərin ədalətli, obyektiv keçirilməsini mümkünsüz edir.

Sual: Seçkiqabağı mühiti necə qiymətləndirirsiniz? Hazırkı mühit azad, ədalətli, demokratik seçkilər keçirilməsi üçün imkan yaradırmı?

Bunlar ölkədə müstəqil medianın olması, müstəqil seçki komissiyalarının formalaşdırılması, toplaşmaq azadlığının reallaşdırılması və digər hüquqlarla bağlıdır.
Cavab: Hazırkı mühit seçkilərin azad və ədalətli keçirilməsinə imkan vermir. Seçkilərin azad və ədalətli keçirilməsi üçün bir sıra mühüm şərtlər tələb olunur.

Bunlar ölkədə müstəqil medianın olması, müstəqil seçki komissiyalarının formalaşdırılması, toplaşmaq azadlığının reallaşdırılması və digər hüquqlarla bağlıdır.

Bu hüquqlar təmin edilmirsə, hətta seçki günü heç bir saxtakarlığa yol verilməsə belə (yəni dövlət büdcəsinin resursları prosesə cəlb olunmur, məhkəmələr işlərə ədalətli baxır və s.) seçkiləri ədalətli saymaq olmaz.

Çünki qeyri-bərabər mühitdə qarşı-qarşıya duran tərəflər və yaxud iqtidar və müxalifət partiyasının imkanları qeyri bərabərdir. Bir partiya istənilən vaxt, istənilən yerdə toplantı keçirə bilir. Ölkədə iqtisadi, hüquqi, sosial sahədə uğurlar bir partiyanın adı ilə bağlanılır. Bir partiyanın rəhbəri və ya hakimiyyətdə olan şəxs dövlət büdcəsindən istənilən qədər vəsaiti istənilən şəxslərə, kəsimlərə, qruplara ayıra bilir. Bunlar əslinə qalsa seçicilərin ələ alınmasıdır.

Digər tərəf isə ən minimum imkanlardan məhrumdur. Bu partiyaların ofisləri yoxdur, fəalları həbsdədir, təqiblər, təzyiqlər və repressiyalara məruz qalırlar.

İnsanlar hökumətin siyasətinə etiraz üçün dinc toplantılara çıxırsa və onları həbsxanalara atırlarsa, burada azadlıqların təmin olunmasından söhbət gedə bilməz.
Sual: Amma, iqtidar rəsmiləri bəyan edir ki, ölkədə demokratik mühit var, azad seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb, toplaşmaq azadlığı təmin edilib, heç kim siyasi fəaliyyəti ilə bağlı həbs edilmir. Bunlara münasibətiniz necədir?

Cavab: Yalandır, deyillər. Bu yalandır. Ölkədə siyasi məhbusların olması, hökumətin dili ilə desək düşmən dəyirmanına su tökən vətəndaş cəmiyyətinin iddiası deyil. Bunu artıq nüfuzlu beynəlxalq təşkilatlar da etiraf edir. Siyasi məhbus məsələsinin Avropa Şurası Parlament Assambleyasının gündəliyinə salınması da problemin olmasından xəbər verir.

Siyasi azadlıqların olmamasını isə təkcə hesabatlarda səslənən faktlar, informasiyalar təsdiqləmir. Eyni zamanda televiziyalara baxmaq yetərlidir. Əgər televiziyalarda hər hansı müxalifət partiyasının liderinin bir neçə il ərzində 3-5 dəqiqə görüntüsünü, çıxışını görməmişiksə, heç bir ədalətli və bərabər şəraitdən söhbət gedə bilməz.

İnsanlar hökumətin siyasətinə etiraz üçün dinc toplantılara çıxırsa və onları həbsxanalara atırlarsa, burada azadlıqların təmin olunmasından söhbət gedə bilməz.
Bu anlamda ölkədə vəziyyət ədalətli seçkilərə təminat vermir.

Sual: Bununla yanaşı, bir sıra diplomatlar və beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan hakimiyyətini azad və demokratik seçkilər keçirməyə çağırır. Həmin bəyanatlar reallığı əks etdirirmi?

Bu baxımdan diplomatlar riyakarlıq, üzgörənlik edirlər.
Cavab: Bu cür bəyanatları riyakarlıq hesab edirəm. Azad seçkilərin keçirilməsi üçün mühit, Azərbaycan hakimiyyətinin azad seçkilərin keçirilməsində marağı olmadığı halda (bunu toplantıları dağıtmaqla, televiziyaları vətəndaş cəmiyyətinin, siyasi partiyaların üzünə bağlamaqla, insanlara toplantı keçirməyə imkan verməməklə və s.) necə demokratik seçki keçirilə bilər. Məgər bu bəyanatları verən diplomatlar anlamır ki, demokratik seçkilər təkcə seçki günü seçki məntəqələrindəki səsverməni ehtiva etmir. Seçkilər seçkilərədək ölkədə nə baş verdiyini ehtiva edir. Bu baxımdan diplomatlar riyakarlıq, üzgörənlik edirlər.

Sual: ATƏT-in Bakı ofisinin statusu dəyişdirildi. Necə qiymətləndirirsiniz? Azad, ədalətli, demokratik seçkilər keçirilməsi yolunda Bakı ofisinin statusunun dəyişdirilməsi nəyə xidmət edir?

ATƏT-in Bakı ofisi son dövrlərdə imitasiya ilə məşğul idi. Elə ciddi təsiri yox idi.
Cavab: ATƏT-in Bakı ofisi ölkədə ictimai-siyasi həyata təsir etmək imkanını çoxdan əldən verib. Bu anlamda düşünmürəm, ATƏT-in Bakı ofisinin statusunun məhdudlaşdırılması Azərbaycan cəmiyyəti üçün böyük itki olsun. Hər seçkilərdən sonra ATƏT-in verdiyi biabırçı hesabatları (ATƏT-in İnsan Hüquqları Bürosunu demirəm. Bu qurum fərqlidir), xüsusilə Bakı ofisinin bəyanatlarını xatırlayanda düşünürəm ki, böyük itki deyil. ATƏT-in Bakı ofisi son dövrlərdə imitasiya ilə məşğul idi. Elə ciddi təsiri yox idi.

Təhlükə olmadığı halda Azərbaycan hakimiyyəti niyə ATƏT-lə bu cür oyun oynadı?

Mən ən güclüyəm, mənimlə razılaşın, mənə tabe olun, mənə itaət edin
Bu ATƏT-in yaratdığı təhlükədən çox cəmiyyətə mesaj idi. Hakimiyyət cəmiyyətə nümayiş etdirdi ki, siz kimə ümid bağlamısınız, - ATƏT-ə, onların müşahidəçilərinə?

Baxın, ATƏT-də, NDİ-də (Amerika Milli Demokratiya İnstitutu) digər təşkilatları da bağlaya bilərəm. Heç kim buna görə mənə etiraz etməyəcək. Mən ən güclüyəm, mənimlə razılaşın, mənə tabe olun, mənə itaət edin. Bu mesajlar daha çox cəmiyyətə ünvanlanıb.

Sual: Azərbaycanın hakimiyyəti bir qayda olaraq qanunvericilikdə, hüquqi sənədlərdə, yüksək səviyyəli bəyanatlarında Avropaya inteqrasiya etdiklərini bildirir, demokratiyanın inkişafını bəyan edir. Bununla yanaşı, son dövrlər demokratiya uğrunda çalışan bir sıra qərb təşkilatlarının Azərbaycan ofisləri bağlanıb. Buna münasibətiniz?

Azərbaycan oynayır, Amerika da oynayır, qərb ölkələri də oynayır.
Cavab: Azərbaycan oynayır, Amerika da oynayır, qərb ölkələri də oynayır. Təəssüf ki, gəldiyim nəticə budur ki, onlar Azərbaycan hakimiyyətinə dəstək verirlər.

Azərbaycan Avropa dəyərlərinin burada bərqərar olmasında maraqlı deyil. Avropa dəyərləri azad seçki, azad media, azad vətəndaş cəmiyyəti, bərabər rəqabət mühiti, plüralizmi deməkdir. Bunların heç birində Azərbaycan hakimiyyəti maraqlı deyil. Bu anlamda Azərbaycan Avropaya deyil, geriyə gedir. Feodal üsul-idarəsi ilə Avropa dəyərlərini bərqərar etmək çox çətindir. Qərb ölkələri də sadəcə oynayırlar.
XS
SM
MD
LG