Accessibility links

İntiqam Əliyevin məhkəməsi davam edib (yenilənib)


Intiqam Əliyev ( Foto Aynur İmranovanın facebook shifəsindən götürülüb)
Intiqam Əliyev ( Foto Aynur İmranovanın facebook shifəsindən götürülüb)

İntiqam Əliyevin işi üzrə prosesdə günün ikinci yarısında məhkəmə hakim heyətinə etirazı təmin etməyib.

Prosesə sədrlik edən hakim Rasim Sadıxov bildirib ki, etiraz baxılmamış saxlanılıb.

Daha sonra 2005-2013-cü illərdə Hüquq Maarifçiliyi Cəmiyyətində baş mühasib vəzifəsində işləmiş zərərçəkmiş Gülşən Orucovanın ifadələri dinlənilib.

O, İntiqam Əliyevin ona bu QHT-nin qrant vəsaitlərinin bir hissəsini baş mühasibin bacısının hesabına köçürməyi təklif etdiyini iddia edib. Daha sonra guya bu vəsait nağdlaşdırılaraq Əliyevə verilirdi.

G.Orucova deyib ki, buna razılıq verib, belə ki, sosial sığorta ödənişləri bacısının adından həyata keçirilirdi.

G.Orucovanın iddiasına görə, ümumilikdə 2009-2013-cü illərdə Əliyev bu yolla 119 min manat nağdlaşdırıb.

Daha sonra dövlət ittihamçısı Hüquq Maarifçiliyi Cəmiyyətinin həyata keçirdiyi layihələrlə bağlı suallar verib.

Müdafiə tərəfi etiraz edərək, Orucovanın şahid deyil, zərərçəkmiş kimi dindirildiyini və sualların onun statusuna uyğun olmalı olduğunu qeyd edib.

İntiqam Əliyev özü G.Orucovanın özünün və bacısının hesabları haqqında banklardan məlumat istənilməsi zərurətini qeyd edərək, məhkəmənin müdafiə tərəfin bu vəsatətini təmin etməkdən israrla imtina etməsinə qəzəblənib.

Bu zaman o qeyd edib ki, 119 min manatın nağdılaşdırılması haqqında iddialar əsassızdır. Əliyev həmçinin vurğulayıb ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin müsadirə edilmiş sənədləri saxtalaşdırıla bilərdi. Ödəniş tapşırıqlarının nömrələrinin xronoloji olaraq bir-birinə uyğun olmaması faktı bu versiyanı təsdiq edir.

Zərərçəkmiş həmçinin Hüquq Maarifçiliyi Cəmiyyətində işləyərkən aldığı əmək haqqının məbləğini göstərə bilməyib, bəzi layihələrdə “təmənnasız” işlədiyini bildirib.

Hamı maaşı nağd alarkən, G.Orucovanın niyə özünə bankda maaş kartı açdırdığı haqqında suala cavabda o, bunu donorların tələbləri ilə izah edib.

Vəkil həmçinin zərərçəkmişə xatırladıb ki, ibtidai istintaqda o, sonradan nağdlaşdırmaq üçün bacısına pul köçürmələrini “İntiqam Əliyevdən maddi asılılıqla” izah etmişdi. O, etiraf edib ki, bir neçə QHT-də baş mühasib kimi işləyib. Hansı “maddi asılılıqdan” söhbət gedə bilərdi? – sualına mühasib cavab verə bilməyib. Müdafiə tərəfi nə qədər çox sual verirdisə, zərərçəkmiş bir o qədər tərəddüdlü görünürdü. Belə olan halda hakim gözlənilmədən iclasın başa çatdığını elan edib və növbəti prosesi martın 3-nə təyin edib.

Vəkil Elçin Sadıqov iclasın yekunlarını jurnalistlərə şərh edərkən zərərçəkmişin təzyiq altında İntiqam Əliyevə qarşı ifadə verdiyi haqqında fikir bildirib.

***

Bakı Ağır Cinayətlər Məhkəməsində İntiqam Əliyevin işi üzrə növbəti məhkəmə iclası emosinal şəraitdə keçib.

Prosesdə iştirak etmək istəyənlərin çoxu zala daxil ola bilməyib. Çünki iclas kiçik zalda keçirilib. Hakim Rasim Sadıqov dinləmələrə zərərçəkənlərin ifadələrindən başlayıb.

Lakin İ.Əliyev etiraz edərək bildirib ki, ittihamların mahiyyəti ona aydın deyil.

O həmçinin iclasın kiçik zalda keçirilməsindən narazı qalıb. Belə ki, monitorinq aparan xarici səfirliklərin nümayəndələri prosesə qatıla bilməyiblər.

Lakin hakim bildirib ki, heç kimin monitorinq aparmağa ixtiyarı yoxdur. O bunu məhkəmənin işinə müdaxilə kimi qiymətləndirib. Bu fikirlər zaldakılarda gülüş doğurub.

Hakim iclasın böyük zalda keçirilməsi barədə vəsatəti təmin etməyib, halbuki, qonşuluqda böyük zalda yerlər boş qalıb.

Hakim ittiham aktını oxuyub.

Lakin İ.Əliyev ittihamın mahiyyəti barədə açıqlama tələb edib və özü açıqlama verib ki, ona qarşı irəli sürülən qanunsuz sahibkarlıq ittihamı vergi ödəyicisi kimi qeydiyyatsız fəaliyyətdən və ya xüsusi icazə tələb edən fəaliyyətdən ibarətdir.

İ.Əliyev qeyd edib ki, Hüquqi Maarifçiliyi Cəmiyyəti kommersiya fəaliyyəti ilə məşğul olmayıb, hüquqşünaslar üçün treninqlər keçirib, vətəndaşların hüquqi müdafiəsini təmin edib ki, bundan ötrü lisenziya lazım deyil.

Buna cavab olaraq R.Sadıqov deyib ki, İ.Əliyev hüquqşünasdır və ittihamın mahiyyətini başa düşməlidir.

“Məsələ də bundadır ki, mən hüquqşünasam, ancaq ittihamlar aydın deyil”, İ.Əliyev vurğulayıb.

Hakimin İ.Əliyevin çıxışlarının qarşısını almaq cəhdlərindən sonra o, məhkəmə heyətinə etiraz edib.

Bununla əlaqədar hakim fasilə elan edib və iştirakçıların hamısının zaldan çıxarılması barədə göstəriş verib.

Fasilədən sonra İ.Əliyev məhkəmənin qərəzli olmasını göstərərək məhkəmə heyətinə etirazını əsaslandırıb. Belə ki, məhkəmə prokuror ilə eyni fikirdə olaraq müdafiə tərəfinin bütün vəsatətlərini rədd edib, onun ofisindən götürülmüş sənədləri iş üzrə materialların arasından çıxarıb.

Əsasən bunlar mühasib Gülşən Orucova və onun bacısı Əfsanə Orucovanın bank hesablarıdır (istintaqın məlumatına görə, G.Orucova bacısının hesabına 119 min manat köçürüb, guya bu pullar İ.Əliyevə verilib).

Lakin istintaq 77 ödəniş tapşırığından yalnız 29-nu yoxlayıb və onlardakı imzalar saxta olub.

“Bu, açıq-aşkar saxtakarlıqdır və bu səbəbdən də istintaq ekspertizaya getməyib”, İ.Əliyev qeyd edib.

O, vətəndaş cəmiyyəti ilə haqq-hesab çəkmək üçün məhkəmənin siyasi xarakterli olduğunu bildirib.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, vergidən yayınmada, vəzifə səlahiyyətindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunub. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı üzrə itihamlar da irəli sürülüb. İ.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır.

Amnesty İnternational İ.Əliyevi “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG