Accessibility links

İntiqam Əliyev Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının mükafatına layiq görülüb


İntiqam Əliyev Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının ali mükafatına layiq görülüb

İntiqam Əliyev Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının ali mükafatına layiq görülüb

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyev Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının (IBA) ali mükafatına layiq görülüb. Oktyabrın 9-da Vyanada mükafat İ.Əliyevin oğlu Nəcmin Əliyevə təqdim edilib.

IBA prezidenti Devid Rivkin deyib ki, İntiqam Əliyev cəsarətli hüquq müdafiəçisidir. Hüqüqşünaslar ədalət, insan haqları və qanunun aliliyinin bərqərar olunmasında mühüm rol oynayırlar. O, IBA üzvləriin ilham mənbəyi ola bilər.

“Təəssüf ki, İntiqam azadlıqda deyil və onun özü mükafatın təqdimatında iştirak edə bilmir. 2015-ci ilin aprelində Azərbaycan hakimiyyəti onu siyasi motivli ittihamlarla 7,5 il müddətinə azadlıqdan məhrum edib. Məqsəd onu susdurmaq və Azərbaycan vətəndaşlarını yerli məhkəmələrin qərarlarından Strasburqa şikayət etməkdən məhrum etməkdir”, o bildirib.

İ.Əliyevin oğlu Nəcmin atasının müraciətini oxuyub.

“Hamınızı səmimi qəlbdən salamlayıram. Təəssüf ki, bunu şəxsən edə bilməyəcəm, çünki bir çox düzgün insanın - jurnalistlər, hüquq müdafiəçiləri, ictimai fəalların xuliqanlıq, narkomanlıq, dələduzluq və dövlətə xəyanət kimi uydurma ittihamlarla həbsdə saxlandığı ölkəmdəyəm. Onların hamısı beynəlxalq birlik tərəfindən siyasi məhbuslar kimi tanınıblar. Onların günahı odur ki, azad, demokratik və ədalətli cəmiyyətdə yaşamaq istəyirlər.

Təəssüf ki, 21-ci əsrdə Avropada elə ölkələr var ki, orada hökumətin tənqid edilməsi və insan hüquqlarının qorunması cinayət sayılır.

2012-ci ildə tanınmış People in need təşkilatı məni “İlin ən yaxşı hüquq müdafiəçisi” adı ilə təltif edəndə çox xoşbəxt, eyni zamanda da məyus idim. O zaman mən azadlıqda idim, lakin mənim ölkəmdə insanların çoxu həbsdə idi. Bu, ədalətli deyildi. Odur ki, mən belə mükafatların əleyhinə idim və söylədim ki, bu mükafatı həbsdə olarsam qəbul edərəm. Budur, indi də mən həbsdəyəm. Və mənə mükafat haqda məlumat verəndə yenə eyni anda həm sevinc, həm də kədərli hislər keçirdim.

Bu gün mənim ölkəmdə dostlarım, həmkarların vicdanlı insanlar təqib, təzyiq və həbslərə məruz qalıblar. Onlar da mənim qədər bu mükafata layiqdirlər. Odur ki, bu mükafatı onların adından qəbul edirəm, onların adından bizim səylərimizi dəyərləndirən IBA-ya və mənim bu mükafata namizədliyimi irəli sürən digər təşkilatlara təşəkkürümü bildirirəm”, Əliyev müraciətində qeyd edib.

XS
SM
MD
LG