Accessibility links

Azərbaycanın baş prokuroru Zakir Qaralov hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı çıxarılmış hökmdən cəzanın ağır olmasına dair əlavə kassasiya protesti verib. İşə martın 28-də saat 12-də Ali Məhkəmənin Plenumunda baxılacaq. Bu barədə vəkil Cavad Cavadov Facebook səhifəsində məlumat yayıb.

Vəkil İntiqam Əliyevin məhkəmə zalından azadlığa buraxılacağını ehtimal edir.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunur.

2015-ci il aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı İntiqam Əliyevə məhkəmədən daha ağır cəza-10 il həbs istəyib.

Bakı Apellyasiya Məhkəməsi 2015-ci il iyulun 21-də Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.

Azərbaycan Ali Məhkəməsi isə 2016-cı il fevralın 24-də hakim Gülzar Rzayevanın sədrliyi ilə İntiqam Əliyevin kassasiya şikayətini təmin etməyib.

Vəkil Cavad Cavadov bildirib ki, Ali Məhkəmənin qərarını alan kimi iş üzrə Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək.

İntiqam Əliyevin ilkin həbsindən və işgəncə ilə bağlı 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilib.

Şikayətdə həbs zamanı Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsinin (işgəncələrin qadağan olunması) və 5-ci maddəsinin (azadlıq və toxunulmazlıq hüququ) pozulduğu bildirilir. Bu şikayətlər üzrə kommunikasiyalar artıq başa çatıb.

"Amnesty International" təşkilatı İntiqam Əliyevi "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG