Accessibility links

İqlim dəyişikliyi fövqəladə hallara yol açır


Lancet Səhiyyə və İqlim Komissiyası yeni hesabatını açıqlayıb

İqlim dəyişikliyinin böyük təsiri dünya səhiyyəsində son 50 ildə əldə olunan irəliləyişləri sarsıda bilər. Bu, müstəqil beynəlxalq və çoxsahəli araşdırma qrupu olan Lancet Səhiyyə və İqlim Komissiyasının yeni hesabatının qiymətləndirməsidir.

Eyni nəticələr bu həftə ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin iqlimi dəyişən istixana qazlarını azaltmağın sağlamlıq və iqtisadi baxımdan faydalarının nəhəng təhlilinin bir parçasıdır.

Ekstremal hava və səhiyyə problemləri

Quraqlıq baxımından biz tez-tez kənd təsərrüfatı məhsuldarlığının azaldığına şahid oluruq ki, bunun daha sonra pis qidalanmağa böyük təsiri olur
Nikolas Uatts

Nikolas Uatts Britaniyanın Lancet jurnalında dərc olunan Komissiya hesabatına başçılıq edib. Skype vasitəsilə müsahibə verən Uatts Amerikanın Səsinə bildirib ki, iqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava şəraiti potensial olaraq faciəvi və yolverilməzdir.

“Quraqlıq baxımından biz tez-tez kənd təsərrüfatı məhsuldarlığının azaldığına şahid oluruq ki, bunun daha sonra pis qidalanmağa böyük təsiri olur,” deyə o bildirib. “Daşqınlara gəldikdə isə, biz sanitariya böhranı nəticəsində yoluxucu xəstəliklərin, vəba və bağırsaq xəstəliklərinin artdığını müşahidə edirik,” deyə o əlavə edib.

Getdikcə hava daha da istiləşir. Bu isə ölümlə nəticələnə bilər. 2003-cü ildə ekstremal isti hava şəraiti Avropada 70 mindən çox insanın ölümünə səbəb olub. Uatts deyir ki, zaman keçdikcə bu cür hadisələrin sıxlığı və ciddiyəti artacaq.

Emissiyaları azaltmaq sağlamlığı yaxşılaşdırır

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, 2030-cu ilədək iqlim dəyişikliyi istixana qazlarının azaldılması məqsədilə kəskin tədbirlərin görülmədiyi təqdirdə, iqlim dəyişikliyinin yaratdığı təsirlərdən hər il 25 min insan öləcək.

Cənubi afrikada günəş panelləri
Cənubi afrikada günəş panelləri

Lancet Komissiyasının hesabatının nəticələri isə iqlim dəyişikliyini yavaşlatmağın dünya səhiyyəsinə müsbət təsir göstərdiyini irəli sürür. Açıq havanın çirklənməsi nəticəsində hər il 3 milyon insan dünyasını dəyişir ki, onların 1.2 milyonu təkcə Çinin payına düşür. Uatts kömürlə işləyən elektrik stansiyalarının bərpa olunan enerji ilə əvəz olunmasının bu təhlükəni aradan qaldıra biləcəyini deyir.

“Xəstəxanaya gətirilən insanların sayı və səhiyyə xərcləri azalır. Bu isə onsuz da mücadilə aparan səhiyyə büdcəsinin yükünü azaldır,” deyə o bildirir.

Bundan əlavə, velosiped sürmək və daha çox piyada gəzmək kimi aktiv həyat tərzinə keçid qaz tullantıları, eləcə də şəkər diabeti və piylənmə hallarının sayını azaldır.

Siyasətdən əlavə, qlobal iqlim sazişi daha çox ictimai səhiyyə ilə bağlıdır.

Məqsəd iqlim dəyişikliyini ictimai səhiyyə məsələsi olaraq görüb, anlamaqdır.
Nikolas Uatts

Komissiyanın tövsiyələrinə kömürlə işləyən elektrik stansiyalarının ləğv olunması, bərpa olunan enerjinin artırılması, səhiyyə sistemlərinə sərmayenin artırılması və daha güclü qlobal iqlim sazişinə olan öhdəliyin artması daxildir. Dünya liderlərinin bu sazişi imzalamaq məqsədilə dekabr ayında Parisdə görüşəcəkləri gözlənilir. Uatts qeyd edir ki, siyasət və çətinliklər bir tərəfə, sazişin əsas məqsədi ictimai səhiyyədir.

“Məqsəd iqlim dəyişikliyini ictimai səhiyyə məsələsi kimi görüb, anlamaqdır. İqlim dəyişikliyinin qarşısını almaq üçün etdiklərimizin əksəriyyəti ictimai səhiyyə üçün müsbət addımlardır və bu, daha parlaq gələcəyə yol açır.”

Uatts ümid edir ki, Komissiyanın hesabatı səhiyyə işçilərini iqlim dəyişikliyinin sağlamlığa verdiyi ziyanlara qarşı mübarizə üçün bu qlobal sazişin arxasında birləşdirəcək.

O qeyd edib ki, “bu, planetimiz üçün, xəstələrin müalicəsi üçün yaxşıdır.”

XS
SM
MD
LG