Accessibility links

Prezident Administrasiyası nümayəndələri ilə siyasi partiyaların görüşünün vaxtı məlum deyil


İqtidar müxalifət dialoqu

İqtidar müxalifət dialoqu

Prezident Administrasiyasının nümayəndələrinin siyasi partiya rəhbərləri ilə növbəti görüşünün nə vaxt baş tutacağı hələ bəlli deyil. Fevralın 12-də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə keçirilən görüşdə Prezident Administrasiyasının təşkilatçılığı ilə hər iki aydan bir görüşlərin keçirilməsi razılaşdırılıb. Buna baxmayaraq hələ görüşün keçiriləcəyi ilə bağlı siyasi partiyalara məlumat verilməyib. Bu barədə Xalq Partiyasının sədri Pənah Hüseyn Amerikanın Səsinin sualının cavabında bildirib.

Pənah Hüseyn

Pənah Hüseyn

Pənah Hüseyn deyib ki, 8 siyasi partiya apreldə keçirilməsi nəzərdə tutulmuş görüşdə müzakirə ediləcək məsələlərlə bağlı Prezident Administrasiyasına təkliflərini göndərib.

“Biz bu görüşdə 2015-ci il parlament seçkiləri ilə bağlı seçki islahatı, o cümlədən proporsional seçki sisteminin bərpa olunması, “Seçki Məcəlləsi”nə dəyişikliklər, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi və siyasi məhbus məsələlərinin müzakirəsi ilə bağlı təkliflər vermişik”, o qeyd edib.

Xatırladaq ki, fevralın 12-də siyasi partiyalarla görüşdən sonra keçirilən mətbuat konfransında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bundan sonra hər iki aydan bir görüş keçiriləcək.

“Xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələləri əvvəldən razılaşdırılmış şəkildə müzakirə edəcəyik”.

Həsənovun sözlərinə görə, növbəti görüşlərin formatı da razılaşdırılıb.

“Əlbəttə, biz siyasi partiyalar arasına ayrı-seçkilik qoya bilmərik. Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər", Həsənov qeyd edib.

Öz növbəsində, Prezident Adminsitrasiyasından görüşün baş tutub-tutmayacağı ilə bağlı şərh almaq hələ mümkün olmayıb.

XS
SM
MD
LG