Accessibility links

Neftin ucuzlaşması və Rusiyada iqtisadi böhranın Azərbaycana təsirləri müzakirə edilib


Qubad İbadoğlu

Qubad İbadoğlu

Azərbaycanın tanınmış ekspertləri böhran və dünyada neft qiymətlərinin ucuzlaşması şəraitində ölkə iqtisadiyyatında təxirəsalınmaz tədbirlər görülməsinin lazım olduğunu bildirib.

İqtisadiyyatdakı vəziyyət yanvarın 22-də “Dünya bazarında neft qiymətlərinin ucuzlaşması və Rusiyadakı iqtisadi böhranın Azərbaycana mümkün təsiri” mövzusunda dəyirmi masada geniş müzakirə olunub. Debatlar Azərbaycanın Demokratiyası və Rifahı (ADR) Hərəkatının təşəbbüsü ilə keçirilib.

“FAR sentr” Araşdırma Mərkəzinin rəhbəri Hikmət Hacızadənin dəyirmi masa iştirakçılarının fikrini əks etdirən manifest qəbul edilməsi haqqında təklifi qəbul edilməsə də, çıxış edənlər məsləhətləşmələri davam etdirməyə razılaşıb.

Debatda iştirak edən parlamentin deputatları, SOCAR nümayəndələri və ekspertlər dünyada neft qiymətlərinin ucuzlaşması ilə bağlı problemlərin mövcudluğunu etiraf ediblər.

“Büdcədə neftin bir bareli 90 dollardan hesablanıb və dünya bazarlarındakı təmayüllər haqqında qeydlərimizə baxmayaraq, hökumət bunu müvəqqəti eniş hesab edirdi”, deputat, baş nazirin keçmiş müavini Vahid Əhmədov bildirib.

ADR rəhbəri Qubad İbadoğlu deyib ki, hakimiyyətin iqtisadiyyatın şaxələndirilməsi haqqında bəyanatlarına baxmayaraq, yerli iqtisadiyyatın neft ixracından asılılığı yüksəkdir.

Ötən il dekabrın 1-nə dövlət büdcəsinin qeyri-neft sektorundan gəliri cəmi 3,9 mlrd. manat (təxminən 5 mlrd. dollar) – büdcənin gəlir hissəsinin cəmi dörddə birini təşkil edib. Qalan 75%-i neft-qaz sektoru verir.

2015-ci ilin dövlət büdcəsində 19,5 mlrd. manat (24,8 mlrd. dollar) gəlir və 21 mlrd. manatdan çox (26,7 mlrd. dollar) xərc nəzərdə tutulub. Neft Fondundan transfertlər nəzərə alınmadan, büdcə defisiti təxminən 15,5 mlrd. manat (19,7 mlrd. dollar) təşkil edə bilər.

“Bu, yaxın illərdə neft qiymətlərinin aşağı olacağı təqdirdə iqtisadiyyatın üzləşə biləcəyi risklərin göstəricisidir”, İbadoğlu qeyd edib.

Onun fikrincə, əhalinin rifahı əksərən milli iqtisadiyyatın yeni şəraitdə - neft qiymətlərinin ucuzlaşdığı və Rusiyada böhran olduğu bir vaxtda fəaliyyətə uyğunlaşmaq qabiliyyətindən asılı olacaq.

“Əks halda təkcə istehlakçılara deyil, kiçik və hətta orta biznesə də güclü ziyan dəyəcək”, o bildirib.

2015-ci ildə fiziki şəxslərin, habelə kiçik və orta biznes sahəsində məşğul olan hüquqi şəxslərin gəlirləri hiss olunacaq dərəcədə azalacaq.

İbadoğlu həmçinin qeyd edib ki, milli valyutanın - manatın taleyi neft qiymətlərinin düşməsi müddətindən və səviyyəsindən asılı olacaq. Neft qiymətlərinin uzun müddət aşağı olaraq qalacağı və dolların kursunun artacağı təqdirdə manatın sabitliyini qoruyub saxlamaq mümkün olmayacaq.

“Rublun dəyərdən düşməsi və neftin ucuzlaşması ölkə əhalisinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək”, İbadoğlu belə hesab edir.

Təxirəsalınmaz addımlar kimi ekspertlər hökumətə xərcləri optimallaşdırmağı, habelə iqtisadiyyatın inhisardan çıxarılması və mərkəzdən ayrılması, iqtisadi azadlıqlar verilməsi, kölgə iqtisadiyyatının leqallaşdırılması üzrə islahatlara başlamağı tövsiyə ediblər.

XS
SM
MD
LG