Accessibility links

Ekspertlər iqtisadi böhranın səbəblərini müzakirə edib


REAL-da iqtisadi böhran müzakirəsi

REAL-da iqtisadi böhran müzakirəsi

REAL Hərəkatının mənzil-qərargahında keçirilən ekspert iclasında dərin iqtisadi böhranın səbəbləri və ondan çıxış yolları müzakirə edilib.

Ölkə üçün belə ağır vaxtda böhranın aradan qaldırılması üzrə istiqamətlərin və konkret addımların hazırlanması məqsədilə müxtəlif mütəxəssislərin və ekspertlərin səylərinin birləşdirilməsi vacibdir, iqtisadçı Natiq Cəfərli görüşü açarkən bildirib.

Politoloq Zərdüşt Əlizadə toplantı zamanı qəbul edilən qərarlara böhrana qeyri-adekvat reaksiya verən, səhvlər törədərək vəziyyəti dərinləşdirən hakimiyyətin məhəl qoyacağına şübhə ilə yanaşıb.

“Hakimiyyət heç zaman kompromisə getməyib və görünür, dəyənək arqumentinə arxalanmağı davam etdirəcək”, o vurğulayıb.

Ümumilikdə, toplantıda iki yanaşma üstünlük təşkil edib: oxlokratik proseslərin qarşısının alınması üçün cəmiyyətlə iş və təkliflər paketinin hazırlanması yolu ilə hakimiyyətlə dialoqa getmək.

Biznesmen, keçmiş deputat Nazim Məmmədov hesab edir ki, “təcrid olunan və komandanın odioz üzvlərinin təzyiqlərinə məruz qalan” prezidenti indiki şəraitdə dəstəkləmək lazımdır.

Politoloq Ərəstun Oruclu islahatların aparılması ilə bağlı hakimiyyətin hərəkətlərinin ardıcıllığını skeptik qiymətləndirərək ekspert birliyinin konsolidasiyasını mühüm fakt sayaraq ekspertlərin toplantısını “buzun sındırılması” adlandırıb.

“Yalnız cəmiyyətin konsolidasiyası hakimiyyəti real dəyişikliklərə sövq edə bilər”,Ə.Oruclu vurğulayıb.

Ekspert Mehman Əliyev isə daha nikbin ssenari düşünür. Bu, Azərbaycanda neft erasının sona çatması amilinə əsaslanır. O 90-cı illərə ekskurs edib. Həmin illər neft gəlirlərinin aşağı olması fonunda bütün sahələrdə daha geniş azadlıqlarla xarakterizə olunurdu.

“Bu gün biz həmin vəziyyətə qayıdırıq, lakin gələcəkdə tamamilə yeni ölçüdə və yeni dünya islahatları tendensiyası şəraitində” , o qeyd edib.

Ekspertlərin ilk iclasında Elxan Şahinoğlu, Rəhman Bədəlov, Ələsgər Məmmədli, Azər Qasımlı, Xalid Bağirov, Azər Mehdiyev və başqalarının irad və təklifləri səslənib.

Politoloq Erkin Qədirli növbəti antiböhran müzakirələrin mövzusu ola biləcək məsələlərin işlənməsini təklif edib. Növbəti ekspert iclası iki həftədən gec olmayaraq və ya anın tələbi nəzərə alınmaqla tez keçiriləcək.

XS
SM
MD
LG