Accessibility links

Natiq Cəfərli: Neftin ucuzlaşmasının işartılarını parlament seçkilərində görəcəyik


Natiq Cəfərli:

Natiq Cəfərli:

İqtisadçı ekspertin Amerikanın Səsinə müsahibəsi

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində neftin qiymətinin aşağı düşməsi və bunun yaradacağı iqtisadi-siyasi problemlərdən danışıb.

“Fundamental iqtisadi faktorlar neftin qiymətinin uzun müddət aşağı qalacağına əsas verir. Bu mənada neftin ucuzlaşması Azərbaycan üçün gələcəkdə ciddi fəsadlar törədə bilər. Ona görə ki, Azərbaycan büdcəsinin 66 faizi neftlə bağlıdır. İxracatın isə 95 faizə qədərini neft, neft məhsulları və qaz təşkil edir”, ekspert qeyd edib.

O, eyni zamanda Dövlət Neft Fondunda yığılan vəsaitin “təhlükəsizlik yastığı” kimi əhəmiyyətini vurğulayıb.

“Bu baxımdan qısa müddətdə ciddi problemlərlə üzləşməsək də, orta və uzun məsafədə çox ciddi problemlər yaşana bilər, büdcə öhdəlikləri yerinə yetirilməyə bilər”.

Cəfərli hesab edir ki, Azərbaycan iqtisadiyyatın çoxşaxəliliyini təmin etməli və qeyri-neft sektorunun çəkisini artırmalıdır.

“İlk öncə ciddi struktur islahatları aparılmalı, dövlət xərclərinin çəkisini azaltmaq lazımdır. Eyni zamanda çox azad rəqabətli iqtisadi modelə keçmək lazımdır. Bunun üçün isə ilk növbədə inhisarçılıq, korrupsiya aradan qaldırılmalı, azad məhkəmə sistemi yaradılmalıdır”.

Onun fikrincə Azərbaycan hökuməti prioritet hesab etdiyi heç bir sahədə nailiyyət əldə etməyib.

“Nə turizmi, nə kənd təsərrüfatı, nə də sənayedə ciddi uğur yoxdur. Turizmdə qonşu ölkələrə uduzduq, kənd təsərrüfatı sahəsində əhalinin tələbatının 60 faizə qədərini xaricdən gətiririk. Nətta strateji məhsul olan ərzaq buğdası sahəsində də xaricdən asılılığımız son dövrdə xeyli artıb”.

Ekspert hesab edir ki, neftin qiymətinin sürətlə aşağı düşməsi və bunun davamlı, uzunmüddətli olması yeni siyasi situasiya yarada bilər.

“Hökumət aşağıdan yuxarıyadək siyasi loyallığı ideoloji əsaslar üzərində deyil, pul qazanmaq marağı üzərində qurub. Qazanc azaldıqca aşağıdan yuxarıyadək siyasi loyallıq da azalacaq. Siyasi loyallığın azalması ölkədə yeni siyasi situasiyanın yaranmasına, yeni ittifaqların, yeni oyunçuların ortaya çıxmasına səbəb olacaq. Çox yəqin ki, 2015-ci il parlament seçkilərində bunun ilkin işartılarını görəcəyik”, o qeyd edib.

XS
SM
MD
LG