Accessibility links

Nemət Əliyev: Devalvasiya qaçılmazdır [Video-müsahibə]


Nemət Əliyev: Devalvasiya qaçılmazdır
please wait

No media source currently available

0:00 0:08:17 0:00

İqtisadçı Amerikanın Səsinə müsahibəsində ağır maliyyə-iqtisadi durumdan danışıb

İqtisadçı Nemət Əliyev Amerikanın Səsinə müsahibəsində ölkədə mövcud iqtisadi-maliyyə durumu və böhrandan çıxış yollarından danışıb.

Amerikanın Səsi: Yaxın aylarda manatın dollara və avroya nisbətində hansı dəyişiklikləri gözləmək olar? Çiçəklənməkdə olan “Qara bazar”ın qarşısını almaq mümkün olacaqmı?

Doğrusu, digər ölkələrin milli valyutaları ilə müqayisədə Azərbaycanın bu dərəcədə valyuta üzrə dəyər itirməsi heç yaxşı hal deyil.

Nemət Əliyev: Doğrusu, bu gün milli valyuta olan manat özünün çox ağır günlərini yaşayır. Əgər xatırlayırsınızsa, tək bir il ərzində, yəni 2015-ci il ərzində manat fevralın 21-də 38 faiz dəyərdən salındı, ilin sonunda dekabrın 21-də isə daha 43-44 faiz dəyərdən salındı. Son dövrləri də nəzərə alsaq, konkret halda bu il mayın 25-dən bu günədək olan dövrdə manat daha 13 faiz dəyərini itirib. Üst-üstə götürəndə, milli valyutanın iki dəfədən çox dəyər itirdiyinin şahidi olduq. Doğrusu, digər ölkələrin milli valyutaları ilə müqayisədə Azərbaycanın bu dərəcədə valyuta üzrə dəyər itirməsi heç yaxşı hal deyil. Buna görə də butün dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Dediyim son 13 faiz məsələsi Mərkəzi Bankın rəsmi məzənnələri üzrə olan müqayisələrdən çıxarılan nəticədir. Ancaq, faktiki olaraq bilirik ki, bu gün əhaliyə, sahibkarlara xarici valyutanın satışını həyata keçirən kommersiya banklarında dolların satış qiyməti daha yüksəkdir. Bu hesabla manatın dəyər itirməsi daha çoxdur.

Konkret halda qara bazarın qarşısını almaq mümkündürmü? Mənə elə gəlir ki, bunu hansısa inzibati metodların hesabı ilə həyata keçirmək mümkün deyil. Çünki, buna dair yetərincə təcrübə var. Azərbaycan əvvəlki dövrlərdə də belə bir həyat yaşayıb. Təcrübə göstərir ki, inzibati güclə, polis gücü ilə qara bazarın qarşısını almaq tam şəkildə mümkün deyil. Burada yalnız müəyyən preventiv nəticələrə nail olmaq mümkündür. Amma, bütövlükdə onun qarşısını almaq heç mümkün deyil.

Amerikanın Səsi: Yeni devalvasiya mümkündürmü? Ölkədə son aylarda qiymətlər artmaqda davam edir. Ərzaq və digər məhsulların qiymətləri bundan sonra nə qədər arta bilər? Enerji daşıyıcılarının qiymətləri də arta bilərmi?

Nemət Əliyev: Əgər, Mərkəzi Bankın rəsmi məzənnəsinə fikir versəniz, məlum olacaq ki, bu il mayın 25-də əgər 1 dollar 1 manat 49 qəpiyə satılırdısa, bu gün faktiki olaraq Mərkəzi Bankın rəsmi məzənnəsinə görə 1 manat 6402 qəpiyə satılır. Bu iki rəqəmin müqayisəsi onu göstərir ki, faktiki olaraq devalvasiya davam etməkdədir. Bankların satışını nəzərə alanda o fərqin daha böyük olduğunun şahidi oluruq. Faktiki olaraq 1,78-ə, 180-ə satıldığının şahidiyik. Devalvasiyanın bu cür davam etməsi onu deməyə əsas verir ki, devalvasiya davam edəcəkdir. Çünki, növbəti devalvasiyanın olmayacağına dair heç bir əsas yoxdur. Əgər, bizim xarici valyuta ehtiyatlarımız artsa idi, xarici ticarətdən valyuta daxil olmaları çoxalsa idi, yaxud da xidmətlər balansı üzrə xarici ölkələrlə həyata keçirilən xidmətlər balansı üzrə gəlirlərimiz artsa idi, yaxud da yerli investorlarımızın xarici ölkələrdən investisiya fəaliyyətindən əldə etdiyi gəlirlər çoxalsa idi, o zaman biz deyə bilərdik ki, devalvasiya olmayacaq. Ancaq, bütün bu parametrlər üzrə bütün göstəricilər pisləşib. Hətta, xarici ticarət dövriyyəsi üzrə yeddi aylıq nəticələrə görə 167 milyon dollar kəsir yaranıb. Tədiyyə balansı üzrə ilin üç ayının nəticələrinə görə 400 milyon dollardan çox kəsir əmələ gəlib. Nə qədər ki, devalvasiya davam edəcək, nə qədər ki, ölkənin qeyri-neft sektorunda istehsalın inkişafına təkan verən amillər, mexanizmlər işə salınmayıb, bundan sonrakı dövrdə də bahalaşma davam edəcək.

Amerikanın Səsi: Hazırki durumda hökumətin vəziyyətdən çıxış üçün proqramı varmı və ya hazırlanırmı? Vəziyyət nəzarətdən çıxa bilərmi?

Nemət Əliyev: 2014-cü ilin sonlarından başlanmış böhran dövründən indiyədək hökumət hansısa addımların atılacağına dair bəyanatlar verir. Amma, biz faktiki olaraq həm istehsal göstəricilərinin, həm xarici ticarət göstəricilərinin, həm tədiyyə balansı üzrə göstəricilərin, ümumiyyətlə milli valyutanın gələcəyinə dair parametrlərin gün-gündən pisləşməsinin şahidi oluruq. Əgər hökumətin konkret proqramı varsa, bizim ondan xəbərimiz yoxdur. Varsa da, onu təqdim etməsə də olar, yetər ki, o nəzərdə tutduğu addımları islahatyönlü tədbirləri həyata keçirsin. Əgər, vəziyyət gün-gündən pisləşirsə, artıq o nəticəyə gəlmək mümkündür ki, hökumətin vəziyyətdən çıxışa dair proqramı varsa ya o reallığa uyğun deyil və onu həyata keçirmək mümkün deyildir ki, həyata keçirmirlər, yaxud da ola bilsin ki, deklarativ xarakterlidir və özləri də sadəcə olaraq onun hara aparıb çıxaracağına dair müfəssəl məlumata malik deyillər, təsəvvürləri yoxdur.

Amerikanın Səsi: Hökumətin ehtiyatları yaxın illərədə büdcə kəsirinin örtülməsi, sosial və digər öhdəliklərin yerinə yetirilməsi üçün bəs edəcəkmi?

Mənə belə gəlir ki, Neft Fondunu istisna etsək, Mərkəzi Bankın valyuta ehtiyatları qısa zaman müddətində bitəcəyini gözləmək olar.

Nemət Əliyev: Biz şahidi olduq ki, Mərkəzi Bankın 15,2 milyard dollarlıq ehtiyatlarından təxminən 4,1 milyard dollar ehtiyat qalıb. Ancaq, görürük ki, o 4,1 milyardı da xərcləmək niyyətində deyil. Eləcə görsənti yaratmaq məqsədi güdür. Amma, biz eyni zamanda bilirik ki, Dövlət Neft Fondunun haradasa 34 milyard dolardan artıq ehtiyatları var. Ancaq, Neft Fonduna məxsus ehtiyatlar xarici ölkələrdə yerləşdiyinə görə və onların da 80 faizi qiymətli kağızlara, korporativ istiqrazlara, səhmlərə yerləşdirildiyinə görə, bu vəsaitləri dərhal çıxarıb Azərbaycana gətirmək çox çətindir. Əgər, Mərkəzi Bankın ehtiyatlarından söhbət gedirsə, mənə belə gəlir ki, ölkədə yaxın müddətdə heç olmasa sahibkarların valyutaya olan ehtiyaclarının müəyyən qədərini ödəmək şərti ilə həmin ehtiyatlar qısa zaman müddətində bitəcək. O ki, qaldı Neft Fonduna aid ehtiyatlara, o ehtiyatları bir halda ki, Azərbaycana gətirmək mümkün deyilsə və ondan faktiki olaraq bu gün istifadə olunmursa, deyək ki, Dövlət Neft Fondu ən azı 2016-cı ilin büdcəsi üzrə üzərinə düşən xərcləri qarşılamaq üçün istifadə edə bilmirsə, o zaman o ehtiyatlardan ölkə daxilindəki neqativ proseslərin qarşısının alınmasında istifadə olunacağını düşünmək sadəlövlükdür. Mənə belə gəlir ki, Neft Fondunu istisna etsək, Mərkəzi Bankın valyuta ehtiyatları qısa zaman müddətində bitəcəyini gözləmək olar.

XS
SM
MD
LG