Accessibility links

Nemət Əliyev: Bahalı pul siyasəti davam etdiriləcək, ucuz kredit olmayacaq [Video-müsahibə]


Nemət Əliyev: Bahalı pul siyasəti davam etdiriləcək, ucuz kredit olmayacaq
please wait

No media source currently available

0:00 0:08:22 0:00

Nemət Əliyev: Bahalı pul siyasəti davam etdiriləcək, ucuz kredit olmayacaq

İqtisadçı Azərbaycan iqtisadiyyatının problemlərindən danışıb

İqtisadçı Nemət Əliyev Amerikanın Səsinə müsahibəsində 2016-cı ilin iqtisadi yekunları və 2017-ci ildə gözlənilən problemlərdən danışıb.

Amerikanın Səsi: Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunmuş iclasını necə xarakterizə edərdiniz? Bu iclasda nədənsə iqtisadiyyatın inkişafı ilə bağlı yol xəritələrinə toxunulmadı. Səbəb nədir?

2016-cı ildə 2015 və 2014-cü ilə nəzərən göstəricilərin çox kəskin şəkildə pisləşməsinin şahidi olarıq. Yəni, əgər 2015-ci ildə vəziyyət nisbətən üzü aşağı yönəlmişdisə, 2016-cı ildə həmin o trendlər çox kəskin şəkildə üzü aşağı istiqamət götürüb/

Nemət Əliyev: Doğrudan da, Nazirlər Kabinetinin müşavirəsi ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan bir müşavirə idi. Deməli, burada tam şəkildə gözləmək mümkün idi ki, ölkənin sosial-iqtisadi vəziyyəti, onun reallıqları tam şəkildə təhlil olunacaq və çıxarılan nəticələr haqqında həm hökumət üzvlərinə, həm də Azərbaycan xalqına məlumat veriləcək. Ancaq, biz bunun şahidi olmadıq. Mənə belə gəlir ki, bunun səbəbini cürbəcür şəkildə izah etmək mümkündür. Amma, mənim düşüncəm ondan ibarətdir ki, hökumətin sadəcə olaraq Azərbaycan iqtisadiyyatının və sosial həyatının bu dərəcədə böhranlı vəziyyətə gətirilməsi ilə bağlı Azərbaycan xalqına deyəcək bir sözü yoxdur. Ona görə də baxmayaraq ki, ölkənin sosial və iqtisadi həyatında bu dərəcədə çətinliklər əmələ gəlib, demək, hökumət buna toxunmağı lazım bilmədi. Əgər, biz 2016-cı ilin bütün makroiqtisadi göstəricilərini bir anlığa gözümüzün önündən keçirsək, o zaman 2016-cı ildə 2015 və 2014-cü ilə nəzərən göstəricilərin çox kəskin şəkildə pisləşməsinin şahidi olarıq. Yəni, əgər 2015-ci ildə vəziyyət nisbətən üzü aşağı yönəlmişdisə, 2016-cı ildə həmin o trendlər çox kəskin şəkildə üzü aşağı istiqamət götürüb. Mənə elə gəlir ki, 2016-cı ilin daha çətin, daha ağır il olmasını xarakterizə edən də, bu tendensiyaların kəskin şəkildə pisləşməsidir. Əgər, problemlərdən danışılırsa, o zaman gərək həmin problemlərdən çıxış yolları haqqında da danışasan. Mənə belə gəlir ki, Azərbaycan hökuməti özünü buna hazır bilmədiyinə görə bu haqda danışmağı lazım bilmədi. Mənim şəxsi qənaətimcə, o müşavirə sadəcə olaraq ölkənin sosial-iqtisadi həyatını bürümüş tənəzzülün aradan qaldırılması istiqamətində çox gərəkli addımların, islahatların başlanması baxımından itirilmiş vaxt kimi xarakterizə edilməlidir.

Amerikanın Səsi: Prezident İlham Əliyev çıxışında deyib ki, hökumət böhrandan çıxış yolunu tapıb. Amma, çıxış yolunun detalları barədə danışmayıb. Sizcə problemdən çıxış yolu nədir?

İlk növbədə hazırki şəraitdə təsiri ola biləcək tədbir kimi mən ölkədə korrupsiyanın, rüşvətxorluğun, monopoliyanın və haqsız rəqabətin aradan qaldırılmasını görərdim.

Nemət Əliyev: Bu sualı ilk növbədə Azərbaycan iqtisadiyyatı ilə məşğul olan, onun bu gün və sabahına görə məsuliyyət daşıyan hökumətə ünvanlamaq daha yaxşı olardı. Çünki, ölkə iqtisadiyyatının bu vəziyyətə gətirilməsinin əsas səbəbkarı, əsas sorumlusu, əsas məsuliyyət daşıyanı onlardır. Onlar bu sualın cavabını verməli idilər. Ancaq, mənim qənatəimcə ölkənin sosial-iqtisadi göstəricilərinin bu dərəcədə kəskinləşməsinin, kəskin şəkildə pisləşməsinin, gəlirlərin kəskin şəkildə aşağı düşməsinin qarşısının alınması üçün çox ciddi islahatlara ehtiyac var. İlk növbədə hazırki şəraitdə təsiri ola biləcək tədbir kimi mən ölkədə korrupsiyanın, rüşvətxorluğun, monopoliyanın və haqsız rəqabətin aradan qaldırılmasını görərdim. Bilirsiniz, indiki dövrdə hökumətin öhdəsindən gələ biləcəyi, yəni qısa müddət ərzində nəticəsi ola biləcək tədbir kimi görə biləcəyi iş bundan ibarətdir. Nə qədər ki, ictimai, iqtisadi, siyasi və sosial təhlükə yaradan bu problemlər öz həllini tapmayıb, yerdə qalan addımların, iqtisadi və sosial addımlar atmağın heç bir mənası yoxdur. Bir anlığa düşünün, Azərbaycan iqtisadiyyatı niyə bu hala düşdü? Əlbəttə, neft gəlirlərinin kəskin şəkildə aşağı düşməsinin burada bir rolu var. Ancaq, vəziyyətin daha kəskin xarakter almasının əsas səbəbi bayaq sadaladığım o problemlərlə bağlıdır. Azərbaycanda sahibkarlıq inkişaf etdirilməyib, Azərbaycanda qeyri-neft sahəsi inkişaf etdirilməyib. Nə üçün? Ona görə ki, həmin sahələrə ayrılan maliyyə vəsaitləri korrupsiyanın yeminə çevrilib. Demək, o istiqamətə yönəldilən maliyyə vəsaitləri təyinatı üzrə xərclənməyib. Yaxud da normal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkar hansısa monopolistin təzyiqləri ilə üzləşmək məcburiyyətində qalıb. Ona görə, o biznes və sahibkarlığın inkişaf etdirilməsi sahəsində özünün bacarıq və qabiliyyətini tam şəkildə ortaya qoya bilməyib. Odur ki, indiki dövrdə bu problemlər nə qədər ki, öz həllini tapmayıb, o zaman digər rıçaqların işə salınması işə yaramayacaq.

Amerikanın Səsi: 2017-ci ildə Azərbyacan iqtisadiyyatında, bank-maliyyə sektorunda daha çox hansı problemlər diqqəti cəlb edəcək. Hökumət problemlərin həlli üçün nə etməlidir?

Yəni kredit faizləri yüksək olacaqdır, dövriyyədə olan milli valyutanın kütləsinin artmasına imkan verilməyəcək. Əhali artıq özü hesabını götürməlidir.

Nemət Əliyev: Mənə belə gəlir ki, bu il ərzində də bank sektoruna inamın sarsılması, milli valyutaya inamın sarsılması prosesi daha kəskin xarakter daşıyacaq. Çünki, artıq hökumət anonsunu edib ki, 2017-ci il ərzində milli valyutanın tələb və təklif qaydaları əsasında məzənnəsi müəyyənləşəcək. Bu nə deməkdir? Bu o deməkdir ki, tələb və təklif əsasında milli valyutanın xarici valyutalara nəzərən dəyəri dəyişəcək. Hazırda Mərkəzi Bank müdaxilə edir, orada tənzimləmə adına müəyyən işlər həyata keçirir. Demək, əgər milli valyuta dəyərdən düşəcəksə, o zaman əhalinin, investorların bu valyutaya olan inamı kəskin şəkildə sarsılacaq. Eyni zamanda, milli valyutaya inam kəskin şəkildə aşağı düşəcəksə, o zaman banklara da inam aşağı düşəcək. Mənə belə gəlir ki, bankların maliyyə vəziyyətinin yaxşılaşdırmağın əsas yolu bankların kreditləşmə istiqamətindəki fəaliyyətinin bərpa və təmin olunmasından ibarətdir. Ancaq, biz nəyin şahidi olduq? Onun şahidi olduq ki, Mərkəzi Bank 2017-ci ildə pul siyasətinin əsas istiqamətlərinə dair açıqladığı sənəddə göstərir ki, biz 2017-ci il ərzində də bahalı pul siyasətini yürütməkdə davam etdirəcəyik. Bu nə deməkdir? Yəni kredit faizləri yüksək olacaqdır, dövriyyədə olan milli valyutanın kütləsinin artmasına imkan verilməyəcək. Əhali artıq özü hesabını götürməlidir. Kiçik, orta sahibkarlıqla məşğul olanlar öz hesabını götürməlidir ki, 2017-ci il ərzində ucuz kreditlər olmayacaq. Əgər, milli valyutada ucuz kreditlər təklif olunmayacaqsa, o zaman əhali o kreditlərdən istifadə edə bilməyəcək. Əhali o kreditlərdən istifadə edə bilməyəcəksə, demək həmin bankların kreditləşmədən gəlir əldə etmək imkanı olmayacaq. Bankların vəziyyətinin yaxşılıaşdırılması istiqamətində gərəkən ən əsaslı addım kreditləşmə istiqamətində fəaliyyətin təmin olumasıdırsa, ancaq biz bu istiqamətdə hələ ki, real nəticələrin heç birinin şahidi ola bilmirik. Odur ki, bank sektorunun bundan sonrakı dövrdə də daha ağır günlər yaşayacağının şahidi olacağıq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG