Accessibility links

Ali Məhkəmə Cahangir Hacıyevin şikayətini təmin etməyib


Cahangir Hacıyev
Cahangir Hacıyev

İlkin baxış qərarından Ali Məhkəməyə şikayət verildiyinə görə apellyasiya məhkəməsində bu iş üzrə proses dayandırılmışdı

Martın 14-də Ali Məhkəmədə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin şikayətinə baxılıb.

Vəkillər Bakı Apellyasiya Məhkəməsinin C.Hacıyevin işi üzrə ilkin baxış iclasının qərarından şikayət veriblər.

Həmin qərarda C.Hacıyev haqqındakı hökmdən verilən şikayətə məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, əlavə sübutlar araşdırılmadan) baxılması nəzərdə tutulub.

C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, onun apellyasiya şikayətinə mütləq məhkəmə istintaqı aparılmaqla baxılmalıdır. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsində C.Hacıyevin işinin faktiki halları tam araşdırılmayıb. Vəkil hesab edir ki, hökmdə göstərilən hallar sübuta yetirilməyib:

«Apellyasiya Məhkəməsi araşdırma aparmasa, bu məsələlərə aydınlıq gətirmək mümkün olmayacaq».

Fərhad Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib.

İlkin baxış qərarından Ali Məhkəməyə şikayət verildiyinə görə apellyasiya məhkəməsində bu iş üzrə proses dayandırılmışdı. Ali Məhkəmənin qərarı artıq bəlli olduğundan, yaxın vaxtlarda apellyasiya şikayəti üzrə proses davam edəcək.

C.Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, ötən il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi əməllərdə suçlu hesab olunaraq, 15 il azadlıqdan məhrum edilib.

C.Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb həmin vəsaitlərin mənimsənilməsində təqsirləndirilir.

Amma C.Hacıyev ittihamları qəbul etmir. Ona görə də, haqqındakı hökmdən apellyasiya şikayəti verib.

XS
SM
MD
LG