Accessibility links

İran Azərbaycanında yeni hökmlər, yeni həbslər


İ.İsmayili, N.Həsəni, A.Xeyrcu

İ.İsmayili, N.Həsəni, A.Xeyrcu

Naxçıvana casusluqda ittiham edilən güneyli fəal həbs edilib

Hüquq müdafiəçiləri və yerli veb səhifələr bu yaxınlarda İran Azərbaycanında həyata keçirilən həbslər və mühakimələr, eləcə də milli fəallara qarşı çıxarılan hökmlər haqqında yeni məlumatlar yayıb. Bundan başqa Azərbaycan saytları hakimlərin çıxardığı bir neçə məhkəmə sənədini də nəşr edib.

Naxçıvan Muxtar Respublikasına casusluq ittihamı ilə günahlandırılmış güneyli fəal İbrahim İsmayili daha öncə məhkum olduğu bir illik həbs müddətini tamamlamaq üçün Təbriz zindanına göndərilib. Günaz TV saytının nəşr etdiyi məhkəmə sənədinə istinadən, bir illik həbsə əlavə olaraq İsmayilinin 10 il Naxçıvan və umumiyyətlə Azərbaycan Respublikasına səfər etməsi qadağan olunub.

Beynəlxalq insan haqları təşkilatları yaydığı bəyanatlarda İran İslam Respublikasında siyasi fəallıqları üzündən həbs edilən fəalların casusluqda ittiham edilməsini pisləyir.

Ərdəbil Apellyasiya Məhkəməsi 2011-ci ildə Urmiyə gölü ilə bağlı etirazlara qatıldığı üçün beş il müddətinə sürgündə həbsə məhkum olmuş fəal Əli Xeyrcu haqqında yeni qərar çıxarıb. Yeni hökmə görə, Xeyrcu 6 ay müddətinə həbsə məhkum edilib.

Günaz TV saytının yaydığı məlumata görə, ərdəbilli fəal keçmişdə də apardığı fəaliyyətlər səbəbilə İran hakimiyyətinin basqılarına məruz qalıb. Ərdəbil Universitetinin fizika bölməsinin məzunu Əli Xeyrcu 2010-cu ildə ali təhsilə davam etməkdən məhrum edilib.

Urmiyə stadionunda Urmiyə və Təbriz voleybol komandaları arasındakı matç zamanı milli şuarlar səsləndirən azı iki urmiyəli gənc, o cümlədən 20 yaşlı Nima Həsəninin nəzarət altına alındığı bildirilib.

Oyan News veb səhifəsinin verdiyi məlumata görə, Həsəni bir gün Urmiyənin Doqquz Pillə məhəlləsindəki Ettelaat Həbsxanasında saxlandıqdan sonra sərbəst buraxılıb. Oyan News urmiyəli gəncin məmurlar tərəfindən döyüldüyünü qeyd edib.
XS
SM
MD
LG