Accessibility links


“Buludunuz yağar, suyunuz axar, ocağınız yanar olsun. Yuxunuz şirin, ürəyiniz dərin, ömrünüz Çillə gecəsi kimi uzun olsun. Çillə gecəniz qutlu olsun.”
Bu cümlələr son günlərdə İran Azərbaycanı şəhərlərində ilin ən uzun gecəsi münasibəti ilə cib telefonlarının arasında gəzən SMS-lərdən biridir. Google axtarış saytında ərəb və latin əlifbası ilə “çillə gecəsi” yazanda bu və buna bənzər bir çox SMS mətinlərinə rast gəlmək mümkündür.

Çillə Gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Çillə şənlikləri Şəmsi təqvimində Azər ayının sonu, Milad təqvimində isə dekabrın 20-i, ya da 21-də keçirilir. Ancaq Azərbaycan şəhərlərində bu gecə üçün hazırlıqlar ən azı bir həftə öncədən başlayır. Şəhər mərkəzlərində meyvə və şirniyyat dükanları qalabalıq olur. Qarpız Çillənin əsas simvoludur, amma Azərbaycanın bəzi bölgələrində qarpızdan başqa, o bölgələrə məxsus olan şirniyyat və meyvələr də çillə süfrəsinin ayrılmaz hissəsi olub. Məsələn Savə şəhərində nar, Urmiyədə isə cəviz halvasıkeşir halvası bu bayramın əsas atributlarındandırlar.Çillə gecəsi yaxınlaşdıqca bazarda qiymətlər ciddi şəkildə artmağa başlayır.

İranın xəbər agentliklərinin yazdığına görə, bu il çillə ərəfəsində bir çox şəhərdə, o cümlədən, azərbaycanlıların yaşadığı Zəncan, Savə, Həmədan və Ərdəbil kimi şəhərlərdə dövlət bazardakı qiymətlər üzərində nəzarəti gücləndirib. Bəzi şəhərlərdə bazarda xalqın istədiyi qədər mal olmadığına görə qiymətlərə nəzarıət etmək mümkün olmayıb.

Zəncan şəhərində Meyvə və Tərəvəzçilər Birliyinin sədri Fərəməz Cavadinin dediyinə görə, Zəncanda adətən çillə gecəsi qarpız satışlarının həcmi təqribən 1000ton olsa da, bu il Zəncan bazarında sadəcə 400 ton qarpız var.

Çillə gecəsi İranda Azərbaycan vilayətləri və başqa bölgələrlə yanaşı Azərbaycan Respublikasının Naxçıvan muxtar respublikası və Türkiyənin Van, Qars və İğdır vilayətlərində də qeyd edilir.

Show comments

XS
SM
MD
LG