Accessibility links

Son vaxtlar Şərqi Azərbaycanda hicabla bağlı nizamlı olaraq təşviqi kampaniyaların keçirilməsi ardından Ərdəbil imam-cüməsi Seyyid Həsən Amili toplumda hıcabsızlığın artdığına dair xəbərdarlıq edərək, mətbuat və televiziyanı hicab məsələsini ciddi şəkildə gündəmə gətirməyə çağırıb.

“Toplumun bir çox problemlərinin hicab və qadınların örtünməsinə diqqət göstərilməməsindən qaynaqlandığını” irəli sürən İranın ali ruhani liderinin Ərdəbil vilayətindəki nümayəndəsinin sözlərinə görə, hicabsızlığı qadının azadlığı kimi göstərənlər ailə-tərbiyə sistemini pozmağa çalışırlar.

İran xəbər agentliklərinə istinadən, son vaxtlar Təbriz və Şərqi Azərbaycan vilayətinin digər şəhərlərində “hicab və iffət” sərgiləri daha ciddi və nizamlı şəkildə təşkil olunur.

Fars xəbər agentliyi əlavə olaraq bu il Təbriz Bələdiyyəsi və İslami İrşad İdarəsinin birgə təşəbbüsü ilə İslami Geyim və Moda Sərgisinin keçiriləcəyini bildirib.

Şərqi Azərbaycan Ədliyyəsinin yeni başqanı Hikmət Əli Müzəffəri bir neçə gün öncə ədliyyənin hicab və iffət şöbəsinin fəaliyyətlərinin artırılması haqqında danışıb.

Bu yaxınlarda Təbriz imam-cüməsinin də hicabla bağlı sözləri mətbuatın diqqətini cəlb edib.

“Qeyrətli Azərbaycanda hicabsızlıq mənasızdır,” deyə Ayətullah Möhsün Şəbistərinin sözlərini əks edən “Dana” adlı internet portalı bu ifadələrin son zamanlar Təbriz Bələdiyyəsinin xarici qonaqlar üçün keçirdiyi tədbirdə islami hicaba zidd olan görüntülərlə bağlı olduğunu yazıb.

Möhsün Şəbistəri məhkəmə və polis qurumlarını hicabsızlığa qarşı daha kəskin ölçülərə əl atmağa çağırıb.

XS
SM
MD
LG