Accessibility links

İran Azərbaycanı şəhərlərində kütləvi etiraz aksiyaları [Fotolar & Videolar]


Etirazçılar İran dövlət televiziyasında yayımlanan proqramda türklərin təhqir olunduğunu bildirir

Daxil olan ən son məlumata görə, artıq İranda hava qaraldığı üçün insanlar küçələri tərk edərək evlərinə gediblər. Ancaq etirazların sabah da davam edəcəyi gözlənilir. Bunu Amerikanın Səsinə açıqlamasında bəzi fəallar bildiriblər. Onlar bugünkü etirazlar zamanı bir çox insanın xəsarət aldığını, onlarla insanın isə saxlandığını bildiriblər. Onlar arasında Meskinsehrdə Aydin Zakiri və İbrahim Seyfinin, Ərdəbildə isə Məysəm Colaninin adı hallanır.

Daxil olan məlumatlarda habelə İran Azərbaycanlıların xaricdə olan qurumları və fəalları sabah keçirilməsi planlaşdırılan aksiyanın təşkilati tərəflərini müzakirə edir.

***

Nümayişlərə Urmiyənin bələdiyyə sədri də qatılıb

Nümayişlərə Urmiyənin bələdiyyə sədri də qatılıb

Urmiyə şəhərində keçirilən nümayişlərə şəhərin bələdiyyə sədrinin də qatıldığı deyilir. Bu yayılan fotolarda da öz əksini tapıb.

***

Bu gün İran Azərbaycanında yerli vaxtla təxminən 4:00 radələrində minlərlə insan bir çox şəhərdə küçələrə çıxaraq türklərə qarşı ayrıseçkilik siyasətinə etiraz ediblər. Amerikanın Səsinin əldə etdiyi məlumata görə, nümayişlər hazırda da davam edir. Etirazçılar bu günlərdə İran dövlət televiziyasında yayımlanan proqramda türklərin təhqir olunduğunu bildirir.

Təbriz, Urmiyə, Sulduz, Ərdəbil, Marağa, Xoy, Tehran və başqa şəhərlərdə keçirilən kütləvi aksiyalarda "Haray, haray mən türkəm", "İrqçiliyə son qoyun", "Azərbaycan milləti, çəkəmməz bu zilləti" kimi şüarlar səsləndiriblər.

Güneyli fəalların Amerikanın Səsinə verdiyi məlumata görə, polis nümayişlərə müdaxilə edib. Xüsusilə Ərdəbil və Təbriz şəhərlərində polislə qarşıdurma zamanı yaralananlar var.

Fəallar bildirir ki, etirazçılar dövlət televiziyasının birbaşa bağlı olduğu Ayətulla Əli Xameneyinin üzr istəməsini və İran Ali Məclisində irqçiliyə qarşı qanun qəbul edilməsini tələb edir.

Aksiyalar hazırda davam edir. Xəbərlər daxil olmaqdadır.

Cümə günü noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan "Fitilə" adlı televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.

Verilişin yayılmasından sonra Azərbaycan vilayətlərində başlanan təpkilərin genişlənib kəskinləşməsi nəticəsində siyasətçilər və millət vəkilləri İran dövlət televiziyasına etiraz bildirərək məsulların üzr istəməsini tələb ediblər.

Bu istiqamətdə Şərqi Azərbaycan valisi, Təbriz, Urmiyə, Ərdəbil, Xalxal, Sərəskənd (Həştrud) və Mərənd kimi şəhərlərin millət vəkilləri, eləcə də müxtəlif Azərbaycan şəhərlərinin şura üzvləri və digər tanınmış şəxsiyyətlər ayrı açıqlamalar və etiraz bəyanatları yayıblar.

Toplum, mədəni fəallar, tanınmış sənətçilər, futbolçular və millət vəkillərinin sərt reaksiyalarından sonra İranın dövlət televiziyasının ictimai əlaqələr bürosu “Fitilə” verilişinin yayımının dayandırılmasını bildirsə də, təpki və etiraz artaraq davam etməkdədir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG