Accessibility links

Azərbaycan diasporu Dövlət Departamenti qarşısında İrana etiraz etdi [Video]


Mayın 22-si Vaşinqtonda yaşayan bir qrup İran Azərbaycanlı ABŞ Dövlət Departamentinin qarşısında aksiya keçirib. Aksiya 2006-cı il mayın 22-də İran Azərbaycanında baş vermiş hadisələrin 7-ci ildönümünü qeyd etmək məqsədi daşıyıb. Bir saata yaxın davam edən aksiyaya Vaşinqton şəhəri və ətrafında yaşayan İran Azərbaycanlıları qatılıb.

Piket fəallarından Güney Azərbaycan Milli Oyanış Hərəkatı təmsilçisi AlpArslan Çöhrəqanlı Amerikanın Səsinə verdiyi aksiyada aksiyanın məramlarından danışıb. “Bu gün Miladi 2013-cü il mayın 22-sidir. Bu gün içəridə “1 Xurdad” olaraq bilinən hadisələrin 7-ci ildönümüdür. Orada 20-ə yaxın şəhid verdik. Rəsmi “İran” qəzeti Azərbaycan türklərinə və ümumiyyətlə türklərə çox böyük təhqir ifadə etdi. Dedi ki, türklər hamamböcəyidirlər, bu böcək tualetdən bəslənir və böcək dilində danışır. Azərbaycan türkü millətçiliyini, türklüyünü qorumaq üçün tarixdə görünməyən qiyam etdi. Yüz minlərlə, milyonlarla insanımız 10-a yaxın şəhərdə, xüsusilə Təbriz, Urmiyə və Sulduzda 20-ə yaxın şəhid verdi. O şəhidlərimizi anmaq üçün buradayıq. Amerikaya, dünyaya səslənmək üçün buradayıq. Yeganə istəyimiz insan haqlarıdır, öz ana dilimizdə, Azərbaycan türkcəsində təhsil ala bilməkdir. İran rejimi bunu bizə çox görür,” – deyə AlpArslan Çöhrəqanlı bildirib.

İran Azərbaycanlıları ABŞ Dövlət Departamentinin qarşısında aksiya keçirərkən

İran Azərbaycanlıları ABŞ Dövlət Departamentinin qarşısında aksiya keçirərkən

Aksiyada İran əleyhinə plakatlar qaldıran iştirakçılar “Şəhidlərimizi unutmadıq!”, “Ana dilində təhsil fundamental haqqımızdır!”, “Güney Azərbaycan İran deyil!”, “İran yalnız farslardan ibarət deyil!” kimi şüarlar səsləndirib.

Aksiyada habelə hazırda İranda həbsdə olan azərbaycanlı jusnalist və siyasi fəalların fotoları nümayiş etdirilib.

Daha sonra Dövlət Departamentinin rəsmisi nümayişçilərə yaxınlaşaraq onlara təxminən 10 dəqiqə söhbət edib, etirazçıların narahatlıqları ilə tanış olub. Dövlət Departamentinin rəsmisi ilə söhbət edən fəal Həbib Azərsina söhbət zamanı hansı məqamları vurğuladığını Amerikanın Səsinə bildirib. “Mən birinci bizimlə görüşən nümayəndəyə buraya yığışmağımızın səbəbini başa salmağa çalışdım və həm də dedim ki, azərbaycanlılar İran əhalisinin böyük hissəsini, yənu 30 faizindən çoxunu təşkil edir. Amerikanın Dövlət Departamentinin və başqa nazirliklərin İranla əlaqədar məlumatlarında, hesabatlarında Cənubi Azərbaycan məsələsinə az yer verilir. İkinci məsələ budur ki, xaricdə fəaliyyət göstərən, Amerika təşkilatlarında qrant alan İran müxalifət qüvvələri belə bir fikir aşılıyırlar ki, fars millətçiliyi bütün problemlərin çarəsidir. Biz isə onun əleyhinəyik, çünki İran ancaq farslar deyil” – deyə Həbib Azərsina Amerikanın Səsinə bildirib.

Aksiyanın bəyanatı oxunduqdan sonra etirazçılar İran əleyhinə şüarlar səsləndirməkdə davam edib.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG