Accessibility links

İranda daha bir ərəb edam edilib


İranın Xuzistan əyalətində hökumətin yerli ərəblərə qarşı ayrı-seçkilik siyasətinə etiraz olaraq keçirilmiş aksiyada tutulan beş nəfər ərəbdən daha biri – Əli Nəami dar ağacından asılıb. Onun edam olunduğu tarix açıqlanmır.

Eyni aksiyada tutulan və edama məhkum edilən digər üç ərəb – Abbas, Cəmşid və Əbdülrəhman Heydəriyan qardaşları iyunun 18-də dar ağacından asılıb.

Bu iş üzrə tutulub edama məhkum edilən beşinci ərəbin – Əmir Maavinin taleyindən isə hələ xəbər yoxdur.

Əhvaz məhkəməsi adıçəkilən şəxsləri separatizmdə və Allaha qarşı müharibə aparmaqda təqsirli bilib. Beynəlxalq hüquq müdafiə təşkilatları bu qərarı etirazla qarşılayıb, üç qardaşı və iş üzrə tutulan digər ərəbləri siyasi məhbus kimi qəbul edərək onlara çıxarılan ölüm hökmünün ləğv olunmasını istəyib.

“Media forum” saytının məlumatına görə, “Amnesty İnternational” təşkilatının İran məsələləri üzrə sözçüsü Qriqori Dayk iyunun 19-da jurnalistlərə açıqlamasında deyib: “Çox qəribədir ki, İran hökuməti edam etdiyi həmin şəxslərin meyitini də ailələrinə verməkdən imtina edib. Əsas problem odur ki, İran hökuməti və onun məhkəmələri həmin şəxslərin işinə baxarkən şəffaf davranmayıb. Ona görə də İran hökumətinin həmin şəxslərə qarşı ədalətli addım atdığına ciddi şübhələr var. Təəssüflər olsun ki, İran İslam Respublikasının rəsmiləri ölkədəki milli azlıqların nümayəndələrinə və onların fəallarına ədalətli yanaşmır, bu yöndə qeyri-şəffaf siyasətə üstünlük verir”.

XS
SM
MD
LG